"Yubanmadan, dərhal toylara icazə verilməlidir"

Tural Abbaslı: "Bakıda əksər restoranların həyəti var, orda mərasimləri təşkil etmək mümkündür"

"Pandemiya dövründə TƏBİB çox biabırçı qərarlar verdi".   Bu fikirləri "Şərq TV"-yə açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib. O qeyd edib ki, Operativ Qərargah tərəfindən verilən qərarların bir çoxu lazımsız idi və heç bir elmi əsaslara söykənmirdi: "Düşünürəm ki, bir çox qərarlar yanlış idi. Təbii ki, verilən qərarların yanlışlığı da sonradan sübut olundu. Məsələn, metronun bağlanmasını götürək. Bilirik ki, metrodan təxminən gün ərzində bir milyona yaxın insan istifadə edir. Bu səbəbdən də metronun bağlanması çox yanlış bir qərar idi. Çünki bu qərar Bakının dar küçələrini və onsuz da bərbad olan yol infrastrukturunu daha da çətin duruma saldı.

Yəni bərbad tənzimlənmə fonunda belə deyək ki, yerin altında olan insanlar yerin üstünə çıxdı. Nəticədə nələr yaşandı? Başlıca olaraq avtobuslar basabas oldu, yollarda tıxac yarandı. O zaman sual yaranır, belə vəziyyətdə koronavirus yayılmadı? İkinci məsələ isə toyların keçirilməsinə qadağaların qoyulması ilə bağlı idi. Bilirsiniz ki, bu yaxınlarda türk müğənnisi Serdar Ortaç Bakıda konsert verdi. Onun konsertinə gələn gəldi, oynayan da oynadı. Bəs onda niyə toyların keçirilməsinə qadağalar qoyulur? Hətta fikir verirsinizsə, toyların keçirilməsi ilə bağlı heç bir variant da təklif olunmur. Bu günləri  100 nəfərlik marketə 500 nəfər girir. Necə girir? Marketlərdə insanlar bel-belədir. İnsanlar restoranlara gedirlər. Bəs toylara niyə icazə verilmir? Bilirik ki, rayon yerlərində bir çox insanların həyətanı sahələri, bağları var. Onlar açıq havada toyunu edə bilər. Bundan başqa Bakıda restoranlar var ki, onların həyətləri var. Orada toyları təşkil etmək mümkündür".

T.Abbaslı əlavə edib ki, toyların keçirilməsi iqtisadi aktivliyi də artıracaq:

"Toylara icazə verilməsi həmin şadlıq saraylarında işləyən işçilər üçün də vacibdir. Toy şənliklərinə icazə veriləcəyi halda böyük pul kütləsi iqtisadiyyatımıza daxil olacaq. Bu da aktiv dövriyyə həcmlərinin artmasına səbəb olacaq. Dövriyyə həcmi artdıqda isə bununla bağlı digər sahələrdə də geniş fəallıq yaranacaq. Məsələn, toya hazırlaşan insanlar paltar dükanına gedəcək, yeni geyim alacaq. Toylara icazə verilməsi xidmət sahələrindən olan gözəllik salonlarında, bərbərxanalarda da canlanmaya səbəb olacaq.  Eyni zamanda, paltar kirayələnməsində də bunu müşahidə edəcəyik. İlk növbədə gəlinlik paltarlarının kirayələnməsinə tələbat artacaq. Bundan başqa qida məhsullarının satışında artım müşahidə olunacaq. Həmçinin əhalinin demoqrafik artımında müsbət tendensiya müşahidə olunacaq. Ona görə də hesab edirəm ki, yubanmadan, dərhal toylara icazə verilməlidir".