Sərt açıqlama: "İcra hakimiyyətləri ləğv edilməlidir"

Milli Məclisin dünən baş tutan iclasında Parlamentin Regional məsələlər komitəsinin sədri Səyavuş Novruzov icra başçılarını tənqid edib. S.Novruzov bildirib ki, bəzi icra başçıları vəzifəsinə başlayan kimi imtahanla dövlət qulluğuna qəbul olunanları işindən azad edir: “İcra başçısı gələn kimi test və müsahibə üsulu ilə imtahandan keçən şəxsə deyir ki, ərizəni yaz, get. Nəticə etibarı ilə illərdir yetişən kadr bazasını kimlərinsə iradəsinin ifadəsinə uyğun olaraq itiririk. Nazirliklərdə, komitələrdə də biz bu halları görürük”.

Komitə sədrinin sözlərinə görə, icra başçıları özü ilə adamlarını gətirir və digərlərini vəzifəsindən azad edir.

Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin sözlərinə görə, S. Novruzovun rüşvət və korrupsiyaya bulaşmış kadrlar haqqında danışmağı sevindirici haldır:

“İllərdir, deyirik ki, Azərbaycanda xüsusilə icra sturukturları barədə məsələ köklü şəkildə həllini tapmalıdır. Bunun da alternativi ölkədə azad və ədalətli bələdiyyə seçkilərinin keçirilməsi, bələdiyyələrə xüsusi və özəl statusların verilməsidir. Bu olarsa, ölkədə icra başçısı institutu sisteminə ehtiyac olmayacaq. Sadəcə Prezidentin yerlərdə nümayəndələri ola bilər, bu da işğaldan azad edilmiş torpaqlarımızda yaradıldı. Bir sözlə, azad bələdiyyə seçkilərinin keçirilməsi icra sturukturundakı neqativ halların aradan qalxmasına kömək edəcək. Ümumiyyətlə, ölkədə icra hakimiyyətləri birdəfəlik ləğv edilməlidir!”.