Kəlbəcərdə atəş səsləri...

Düşmən diqqəti Zəngəzur dəhlizindən yayındırmaq məqsədi güdür


İyunun 11-də saat 13:45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Qeyd edək ki, ötən gün isə Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yayıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapıb.

Xoşbəxtlikdən açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur. Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçkiöncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir. Qeyd edək ki,bu gün bütün sahələrdə Ermənistanda xaos hökm sürür. Xüsusən, Laçın-Gorus sərhədində yaranan problemdən sonra Ermənistan təxribatları əsasən Kəlbəcər istiqamətində həyata keçirir. Məhz Kəlbəcər istiqamətində intensiv təxribatların törədilməsinin məqsədi nədir? Bu, Paşinyanın seçkiöncəsi gözlənilən sərhəd təxribatlarının davamıdır?

Suallarımızı cavablandıran BAXCP sədrinin müavini, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında qeyd edib ki, Ermənistanda keçiriləcək seçki başa çatana kimi sərhəddə təxribatların olmasını gözləmək lazımdır. Çünki sərhəddə gərginlik seçkidə iştirak edən tərəflərin hamısı üçün öz mənafelərini gücləndirmək baxımından sərfəlidir:

"Paşinyanın seçki kampaniyasına bu gərginlik "hələ təslim olmamışıq" kimi lazımdırsa, Koçaryan və digərlərinə erməni xalqına "Azərbaycan tərəfi Ermənistanın zəifliyindən istifadə edib, sərhədlərini möhkəmləndirir və indiki hakimiyyət bunun qarşısını almaqda gücsüzdür" mesajı verməyə çalışır.  Bu gərginlikdə maraqlı tərəf Qərb və Fransadır. Onlar da regionda gərginliyin qalmasında maraqlıdırlar. Qərb Rusiyanın rolunu heçə endirməyə çalışır. Fransa isə Ermənistanın maraqlarını qoruyur kimi görünsə də, əslində əsas marağı Türkiyənin regionda aktivliyinin qarşısını almaqdır". 

A.Qasımov əlavə edib ki, Kəlbəcər istiqamətində gərginliyin artması əslində diqqəti Zəngəzur istiqamətindən yayındırmaq məqsədi güdür:

"Bu, İranın oyunu ola bilər, çünki "Zəngəzur dəhlizi" məsələsi İranın maraqlarına ziddir. Bu baxımdan, hesab edirəm ki, belə gərginliklər olacaq. Seçkilərdən sonra kimin qələbə çalmasından asılı olaraq vəziyyətin necə olacağı maraq doğurur. Paşinyan və tərəfdarlarının qələbə çalacağı real kimi görünür. Bu durumda Ermənistan daxilində və sərhəddə gərginliklərin olması mümkündür. Lakin bunun ciddi problemlər yaradacağına ehtimal vermirəm. Əsas problemin Paşinyanın Ermənistanın açıq Qərbyönlü siyasət aparacağı durumda Rusiya tərəfindən yaradılacağını hesab edirəm. Rusiya Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq əgər ona qarşı fəaliyyət aparmırsa, onu regionda stabillik naminə qəbul edə bilər. Amma bu fəaliyyət Rusiyanın təhlükəsizliyinə təhlükə yaradarsa, onda nə yolla olur-olsun onu devirə bilər".