Ərdoğanın Şuşa səfərinin MESAJI: "Müharibənin nəticələrini heç kim dəyişə bilməz" 

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Şuşaya səfəri qardaş ölkənin dövlətimizə və xalqımıza növbəti açıq dəstəyinin ifadəsidir".
Bunu "Sherg.az"a Milli Həmrəylik Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib. 
Partiya sədri bildirib ki, bu səfər həm də Azərbaycanla güc dilində danışmaq istəyən, özünü hegemon kimi aparan Fransa kimi ölkələrə və onun yandaşlarına Türkiyənin “əzələ” nümayişidir: 

"Ərdoğan bu səfəri ilə bir daha Türkiyənin Cənubi Qafqaz regionunda cərəyan edən proseslərdə həlledici gücə sahibi olduğunu nümayiş etdirir. Həmsədrlik meyarlarını ayaqlar altına ataraq özünü Ermənistanın himayəçisi kimi göstərən və işğalçı ölkənin yanında yer alan Fransaya isə başa salınır ki, Azərbaycan da tək deyil, Türkiyə istənilən məsələdə və hər zaman Azərbaycanın yanındadır. Türkiyə həqiqətən də bölgədə sabitləşdirici, neytrallaşdırıcı güc missiyasını uğurla yerinə yetirərək Ermənistanın və onun havadarlarının revanşist, geosiyasi planlarının qarşısını alır.

Bu mənada hörmətli Ərdoğanın Şuşa səfəri quldur Ermənistana və onun havadarlarına da açıq mesaj kimi dəyərləndirilə bilər. Mesaj bundan ibarətdir ki, Azərbaycanın 44 günlük müharibədəki qələbəsini heç kim onun əlindən ala bilməz, müharibənin nəticələrini heç kim dəyişə bilməz. Eyni zamanda 10 noyabr razılaşmasının müddəaları tam şəkildə yerinə yetirilməlidir, bölgədə qalıcı sülh təmin edilməlidir və Türkiyə regionda sülhün möhkəmlənməsi üçün əlindən gələni edəcək".

Analitik bildirib ki, postmüharibə dönəmində bölgədə Türkiyəsiz heç bir problemin effektli çözüm yolunun olmayacağını artıq hər kəs bilməlidir: 

"Ərdoğanın Şuşaya səfəri Ermənistana, istərsə də onun havadarlarına “Şuşadan gözünüzü çəkin, Şuşa Azərbaycanın və bütün Türk dünyasının mədəniyyət paytaxtıdır” ismarışının verilməsidir. Şuşaya səfər etmək qardaş ölkənin liderinin təbii haqqıdır. 44 günlük müharibədə parlaq qələbəmizdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidentini Şuşaya dəvət etməsi bir qardaşlıq nümunəsi idi. İki ölkə arasında münasibətlər böyük  öndərlərimiz Mustafa Kamal Atatürkün və  Heydər Əliyevin tarixi ifadələrindən güc alaraq inkişaf etməyə davam edəcək. Atatürk nə demişdi? Demişdi ki, “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir”. Ümummilli Liderimiz Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” ideyasını aktuallaşdırmaqla Azərbaycan ilə Türkiyənin qardaşlıq və əməkdaşlıq modelini cızmışdı. İndi də bu modeli İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan uğurla gerçəkləşdirməkdədir".