Təhsil Tələbə Krediti Fondu!- “...Təhsilə əlçatanlıq təmin edilir”

Prezident İlham Əliyev Təhsil Tələbə Krediti Fondunun yaradılması barədə fərman imzalayıb. Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsidir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 (yeddi) üzvdən ibarət Himayəçilik Şurası yaradılır.

Təhsil üzrə mütəxəssis Nadir İsrafilov yeni Fərman barədə “Sherg.az”a bildirib ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək dövlətimiz üçün prioritet sahədir:

“Təhsil krediti sosial baxımdan həssas ailədən olan tələbələrlə yanaşı, həm də uğur göstəricisi yüksək olan tələbələrə də çox böyük dəstək olacaq. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 üzvdən ibarət Himayəçilik Şurasının yaradılması, Fondun fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyətinin həyata keçirməsi aşkarlıq və şəffaflığın təmin olunmasına təminat verən amillərdən biri olacaq.

Təhsil Naziri Emin Əmrullayevin də qeyd etdiyi kimi, burada nəzarət mexanizmləri də olacaq. Vətəndaş krediti qaytararsa, başqa vətəndaşlar ondan yararlanacaq.

Həmçinin o da təqdir olunası haldır ki, tələbə hansısa səbəbdən krediti ödəyə bilmirsə, ona müəyyən müddət möhlət hüququ verilə bilər. Təhsil Tələbə Krediti Fondundan özəl və dövlət ali məktəblərinin tələbələrinin kredit götürməsində heç bir fərq olmayacaq. Bu Fərmanı valideyn və tələbə olmaq istəyənlərə müjdə kimi də dəyərləndirmək olar”.