Bakıya axın edən xəstələrin qarşısı alınacaq

Ekspertlər hesab edir ki, bu qaydaya əməl etmək mümkün olmayacaq
“İnsanların seçim hüququ var və hər kəs istədiyi, etibar etdiyi həkimə müraciət etməkdə sərbəstdir”


Səhiyyə Nazirliyi tərəfindən verilən tapşırığa əsasən, aprel ayından Azərbaycanda vətəndaşların xəstəxanalara qəbulu yeni qaydada həyata keçirilir. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev açıqlamasında deyib ki, hələ sovetlər dövründən vətəndaşların böyük və klinik xəstəxanalara qəbul olunması məhz göndərişlər əsasında həyata keçirilib. Bunun təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələrə aid olmadığını deyən Y.Əliyev qeyd edib ki, bu ənənə bu günə kimi də davam etdirilib: "Son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, ən müasir avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, burada hətta kompyuter tomoqrafiya, MRT müayinələrin aparılması əsas verdi ki, bu qaydaları bir qədər də ciddi şəkildə yerinə yetirək. Bunun nəticəsində bütün respublikada əhalinin şəhərə axın etməsinin qarşısı alınacaq. Əhali rayonlarda ən yüksək səviyyədə müalicə və müayinə oluna bilər. Təbii ki, elə müayinələr var ki, ona görə mərkəzə gəlmək lazımdır. Məsələn, ürəyin anjioqrafiya müayinəsi və digər müayinələr məhz mərkəzi xəstəxanalarda aparılır. Lakin bütün digər hallarda xəstələr rayonlarda müayinə edilərək ilkin diaqnoz qoyulduqdan sonra mərkəzi xəstəxanalara müalicə üçün göndəriş əsasında gələ bilərlər”.

Y.Əliyev vurğulayıb ki, Bakıda bütün xəstəxanalar təmir edilib, avadanlıqlarla təchiz olunub, burada yüksək səviyyəli mütəxəssislər çalışır. Onun sözlərinə görə, Bakıda xəstələrin ilkin müayinəsi və müalicəsi ərazi prinsipi üzrə poliklinikalarda aparılmalıdır: "Əgər hər hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, göndəriş əsasında ərazi üzrə xəstəxanaya yerləşdirilir. Bu gün bu göstəriş tam yerinə yetirilir. Hər xəstəxana özünə aid xəstələri qəbul edir ki, xəstələr saatlarla mütəxəssislərin qapısının ağzında gözləməsin. Ötən ay bu məsələ ilə bağlı nazirlik tərəfindən göstəriş verilib. Hər bir xəstəxanaya tapşırılıb ki, xəstə qəbulu qaydalarında güzəştlər olunmasın və hər bir xəstənin müayinə və müalicəsi qeydiyyatı üzrə aparılsın. Ötən aydan bu iş bir qədər də ciddiləşib”.

Y.Əliyevin açıqlamasından bu qənaətə gəlmək olar ki, bundan sonra kimsə tanıdığı, etibar etdiyi, inandığı həkimin qəbuluna düşə bilməyəcək, gərək mütləq əvvəlcə poliklinikaya müraciət etsin, oradan da məsləhət görülsə, göndərişlə ərazi üzrə xəstəxanaya yerləşdirilsin?! Bəs insanın - xəstənin seçim hüququ harda qaldı?

Məsələyə münasibət bildirən tibb elmləri üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazova insanların seçim hüququnun pozulmasının yolverilməz olduğunu dedi:

- Sovet vaxtı da belə idi ki, xəstələr xəstəxanalara göndərişlə yerləşdirilirdi. Vətəndaşlar ərazi üzrə poliklinikalarda müayinə olunurdular, ehtiyac yarandıqda, həkim məsləhəti ilə xəstəxanaya göndərilirdilər. Bəzi hallarda xəstələr ixtisaslaşmış müalicə müəssisələrinə yerləşdirilirdi. Amma indi vəziyyət tamamilə fərqlidir. İctimai-siyasi quruluş da dəyişib, tibb sahəsində də yeniliklər var. Xeyli sayda özəl klinikalar fəaliyyət göstərir. Kiməsə diktə etmək olmaz ki, bu xəstəxanaya, klinikaya getmə, o birisinə get. İnsanların seçim hüququ var və hər kəs istədiyi, etibar etdiyi həkimə müraciət etməkdə sərbəstdir. Deyirlər, xəstələrin müayinəsi, müalicəsi, qəbulu qeydiyyat üzrə aparılsın. Buna tam riayət etmək mümkün olmayacaq və heç lazım da deyil. Şablonçuluq nəyə lazımdır? Həkimə necə qadağa qoymaq olar ki, "sənin xəstən” deyilsə, qəbul etmə?! Tibb sahəsi, həkimlik hər şeydən əvvəl humanist bir peşədir. Həkim ona müraciət etmiş şəxsi, lap küçədə də olsa, qəbul etməli, dinləməli, məsləhət verməlidir. İnsan çətin durumdadırsa, vəziyyəti ağırdırsa, burada tibbi yardım göstərmək əvəzinə, harada qeydiyyatda olduğunu, göndərişlə gəlib-gəlmədiyini araşdırmaq həkim adına sığmayan hərəkət sayılar. Digər tərəfdən vətəndaş harada ona münasibət yaxşıdırsa, ora gedir. Hansı xəstəxanada, klinikada xəstəyə sadəcə bir bioloji varlıq kimi baxılmır, həm də insanın mənəvi-ruhi rahatlığı təmin edilir, vətəndaş oranı seçir.

Doğrudur, bölgələrdə diaqnostika mərkəzləri tikilib, ən müasir avadanlıqlar, aparatlar var, amma mütəxəssislər yoxdur. Bir çox diaqnostika mərkəzlərində aparatları işlədən, aparatdan başı çıxan həkim yoxdu, buna görə də xəstəyə paytaxta getməyi məsləhət görürlər. Düzdür, bölgələrdə səyyar xidmət göstərilir, paytaxtdan həkim briqadaları göndərilir, amma bunlar yetərsizdir. Onsuz da xəstəxanalar ərazi üzrə bölünüb. Məsələn, bölgələrdən xəstələri adətən Respublika Xəstəxanasına göndərirlər. Bölgə əhalisinin digər xəstəxanalara yerləşdirilmək ehtimalı çox azdır. Bakıətrafı kəndlərin əhalisi adətən 3 saylı şəhər xəstəxanasına gətirilir. Qadın xəstəlikləri üzrə, əvvəllər 1 saylı doğum evinə göndərilirdilər, sonra oranı Bakı Sağlamlıq Mərkəzi etdilər və s. Yəni, ixitsaslaşmış xəstəxanalar var ki, xəstəliyə uyğun olaraq vətəndaşlar məhz ora göndərilir. Hazırda Bakının özündə bir neçə xəstəxana birləşdirilib. Xəstənin stasionara yerləşdirilməsi xəstəliyin dərəcəsindən asılıdır. Elə ekstremal şərait yarana bilər ki, xəstəni yaxınlıqdakı xəstəxanaya, klinikaya, müalicə mərkəzinə yerləşdirmək zərurəti yaranar. Belə olduqda artıq vətəndaşın qeydiyyat məsələsi, göndərişin olub-olmaması əhəmiyyət daşımır. Məsələ insan həyatını xilas etməkdirsə, ən qısa zamanda, yaxınlıqdakı xəstəxanaya çatdırılmalıdır. Bilirsiz, hazırkı şəraitdə kiminsə önünü kəsmək, baryer qoymaq mümkün deyil.

Bu qayda sərtləşmələrinin bir yaxşı cəhəti ola bilər ki, müəyyən ərazidə yaşayanların həmin ərazidəki xəstəxanada, müalicə mərkəzində həkim qəbuluna düşməsi və ya stasionarda müalicə alması proseduru yüngülləşsin. Yəni, kimsə ərazi üzrə xəstəxanaya müraciət etdikdə, ona "yerimiz yoxdu” kəlməsi deyilməsin. Ümumiyyətlə, heç bir xəstəxananın xəstəni qəbul etməmək hüququ yoxdur. Hətta palatada yer yoxdursa belə, xəstə 3 gün müddətində qəbul şöbəsində saxlanılmalı, sonra palata boşalarsa, ora yerləşdirilməlidir. Poliklinikalarda, müalicə müəssisələrində növbə yaranmasın deyə, yaxşı olardı ki, elektron siyahılar tərtib edilsin. Vətəndaş müraciət etmək istədiyi həkimin iş qrafikini elektron siyahıdan öyrənsin. Bununla uzun növbələrdən yaxa qurtarmaq olar.

Məlahət Rzayeva