İntihara “yox”! – “Yeniyetmələrin ünsiyyət dairəsi geniş olmalıdır”

“Kimlərəsə güvənməli, inanmalıdırlar”

“Anında dəstək ala biləcəkləri kimsə varsa, bu, yeniyetmə üçün avantajdır”


Biləsuvar rayonunda intihar baş verib. Hadisə ötən gecə rayonun Bəydili kəndində olub.Həmin kəndin sakini, 1995-ci il təvəllüdlü M.Mirzəyev özünü yarımtikilidə asaraq həyatına son verib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Təəssüf ki, son vaxtlar analoji hallar artmaqdadır. Bir çoxları, xüsusilə gənclər intihara çıxış yolu kimi baxırlar.

Psixoloq Aysel Həsənova artmaqda olan tendensiya barədə “Sherg.az”a danışdı: 

“Adətən yeniyetmələri intihara sövq edən mənən boşluğa düşmələri, özlərinə yer tapa bilməmələri, həyata niyə gəldiklərini anlamamaları olur. Həmçinin daxili suallarının cavabsız qalması, dəstəyin olmaması da onları belə həddə gətirə bilər. Təsadüfi deyil ki, yeniyetməlik böhran dövrü hesab olunur. Və bu, beyinin inkişafı ilə əlaqədər olaraq 13-24 yaşı əhatə edir”.

Psixoloq, həmçinin çıxış yolunu da göstərdi:

“İlk növbədə valideynlər övladlarına dəstək verməlidirlər. Eyni zamanda pedaqoqlar da yeniyetmələrə kömək etməli, onların problemləri ilə maraqlanmalıdır. Yeniyetmələrin ünsiyyət dairəsi geniş olmalıdır.

Kimlərəsə güvənməli, inanmalıdırlar. Anında dəstək ala biləcəkləri kimsə varsa, bu, yeniyetmə üçün avantajdır.

olar ki, həmin şəxs ailədən kənar olsun. Belədə yeniyetmələr gələcəkləri ilə bağlı daha inamlı davranır, önəmli olduqlarını anlayırlar”.