"İrşad” qəzeti təsadüfdən deyil, zərurətdən, milli təəssübdən və zamanın tələbindən meydana gəlib. Çar Rusiyasının 1905-ci il 17 oktyabr manifesti ziyalılar, qələm adamları arasında ciddi fikir oyanışı yaratdı və xalqa vəd olunan "söz, mətbuat və vicdan azadlığı" ideyası yeni mətbu orqanların yaradılmasına təkan verdi. 1905-ci ilin dekabr ayının ortalarında Azərbaycan mətbuatı tarixinə iki qəzet qədəm qoydu. Bunlardan birincisi proletar düşüncəsinin daşıyıcısı olan "İzvestiya soveta Raboçix Deputatov" qəzeti dekabrın 16-da işıq üzü gördü. Ondan bir gün sonra isə sahibi imtiyazı və redaktoru Əhməd bəy Ağaoğlu olan "İrşad” qəzeti oxuculara çatdırıldı. 1905-ci ilin dekabr ayının 17-də ilk sayı işıq üzü görən "İrşad”ın müsəlman və türk dünyasına ünvanlanan "birlik, bərabərlik və qardaşlıq” ideyası ətrafına dövrün tanınan qələm sahibləri cəm oldular.
Mətbuat tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi (1875-1920)” adlı kitabında "İrşad” qəzetinin fəaliyyətindən geniş bəhs edib. Müəllif əsərində vurğulayıb ki, "İrşad” sözünün lüğət mənası "yol göstərən", yəni yolu işıqlandıran
deməkdir: "Qəzet öz fəaliyyətini 1908-ci ilin iyun ayının 25-dək davam etdirdi, fəaliyyəti dönəmində yalnız Bakıda, Azərbaycan dilində nəşr olundu.
Əhməd bəy Ağaoğlu bütövlükdə qəzetin 1905-1906-cı illərdə 116 sayının redaktoru olub. Qəzetin 1906-cı ilin fevral nömrələri Üzeyir Hacıbəylinin müdirliyi, mart ayında isə bir neçə sayı müvəqqəti baş mühərrirliyi ilə işıq üzü görüb. 1907-ci ildə isə 1-ci saydan 15-ci saya kimi Haşım bəy Vəzirovun redaktəsi ilə nəşr olunub. M.Ə.Rəsulzadə isə "İrşad"ın 11 sayını (46-57-ci nömrələrini) redaktə edib. Qəzetin ilk sayında elan olunduğu kimi "Hər həftə fars dilində dəxi bir vərəqəsi" Əbdül-Məmalik Fərahinin redaktorluğu ilə oxuculara çatdırılıb, qarşıya qoyulan məqsədlər həyata keçirilib. Mətbuat tarixi araşdırıcılarının apardıqları statistikaya görə, "İrşad"ın dörd il ərzində 536 sayı çap olunub. "Hürriyyət, müsavat, ədalət" şüarı ilə nəşr olunan bu mətbu orqanın naşiri 1881-ci ildə Bakının Sabunçu kəndində neft milyonçusu Mehdiqulu bəyin ailəsində dünyaya gələn İsa bəy Aşurbəyov idi. İ.Aşurbəyov Azərbaycan tarixinə xeyriyyəçi, naşir və publisist kimi daxil olub. "Dəvət", "Şəlalə", "Nicat", rusca çıxan "Baraban" satirik jurnal və qəzetlərin naşiri, həmçinin redaktoru olan
İ.Aşurbəyov "İrşad"ın çapında yaxından iştirak edib. "İrşad"ın nəşri ilə jurnalistika tariximizdə "İrşad"çılar nəsli yetişdi ki, onların sırasında Üzeyir Hacıbəyov, M.Ə.Rəsulzadə, F.Ağazadə, Ö.F.Nemanzadə, Q.Qarayev, A.Y.Talıbzadə, M.S.Axundov, A.Sur, S.M.Əfəndiyev, M.Hadi, N.Vəzirov, M.Ə.Sabiri göstərmək olar. Gündəlik nəşr olunan bu qəzet ədəbi, siyasi, elmi, iqtisadi və ictimai qəzet idi. Şərq əxlaqi-mənəvi dəyərlərinin qədimliyini önə çəkən "İrşad" islamın elmi-fəlsəfi tərəflərinə diqqət yönəldirdi. İnsan azadlığının bu dini dəyərlərlə eyniyyət təşkil etdiyini vurğulayır və müsəlman həmrəyliyinə qarşı olanların danoslarına baxmayaraq dövr üçün aktual olan kəsərli yazıları dərc edirdi. Dövrün görkəmli ədib, şair və publisistlərini ətrafına toplayan "İrşad" təkcə xalqın gedəcəyi yolu göstərmir, qarşıya çıxacaq çətinlikləri, məzhəb ixtilaflarını qələmə alır, cəmiyyəti birləşdirəcək dəyərləri təbliğ edirdi. "İrşad" irsini araşdıran professor Şamil Vəliyev qeyd edir ki, bu mətbu orqan qurulacaq dövlətin, azadlığa çıxacaq Azərbaycanın naminə çalışır, gündəlik işin, yaşanacaq ideyaların düsturunu müəyyənləşdirirdi. Bu düstur, yaşam və düşüncənin formatı "Tərcüman"ın redaktor və naşiri İsmayıl bəy Qaspralının "dildə, fikirdə, işdə birlik" ideyası idi. Az sonra bu ideya əsasında formalaşan və mahiyyət baxımından daha geniş olan, həmçinin Əli bəy Hüseynzadə tərəfindən formulə edilən "Türkləşmək, islamlaşmaq və müasirləşmək" ideyası artıq "İrşad"ın ideologiya kimi formalaşdırdığı istiqamət və vətəndaşlıq yolu idi”.
A.Aşırlı kitabında qeyd edib ki, XX əsrin əvvəllərində Çar Rusiyasında baş verən hadisələr, siyasi-ictimai gərginliklər, xalqların oyanış prosesi bu dönəm nəşr olunan mətbu orqanlarda ətraflı şəkildə əks etdirilir. Mövcud durum analiz edilir, müxtəlif ideoloji baxışlar süzgəcdən keçirilir və elmi yeniliklər xalqa təqdim olunurdu:
"Ə.Ağaoğlu Çar Rusiyasının ictimai-siyasi durumunu təhlil edərkən onun tarixi mənzərəsinə nəzər salır, müstəmləkəçilik siyasətinin mahiyyətini açıqlayır və bu siyasəti həyata keçirənlərin imperiyapərəst xəyallarını kəskin tənqid edirdi. Siyasi plüralizmi önə çəkən Ə.Ağaoğlu Rusiyada fəaliyyət göstərən firqələrin fəaliyyətini də işıqlandırırdı. O, "Rusiyanın hal-hazırı" məqaləsində "İstibdadiyyun və məşrutiyyun" istiqamətində olanların, yəni monarxist və inqilabi partiyaların fəaliyyəti barəsində məlumat verir, onların yaranma səbəblərini, fəaliyyətlərini araşdırırdı. Müəllif öz məqaləsində "monarxist obsolyutist", "monarxist konstitusionalist" və "konstitusionalist demokrat" firqələrinin yaranması və ictimai-siyasi islahatların zəruriliyini diqqətə çatdırırdı. Ə.Ağaoğlu bu mənada müasirlərini "konstitusionalist demokratlar"ın üzərinə yönəldərək yazırdı: "Bu firqə Rusiyada ən böyük, ən güclü firqələrdəndir: cəmi Rusiyanın pişrovları, qəlası, ərbabi-qələm və zəkası, bəyləri, xanları, professorları, yazıçıları və qəzetləri bu firqədəndirlər. Şimdidən demək olar ki, gələcəkdə hökumət və idarə bu firqənin əlində olacaqdır". "İrşad"çılar Azərbaycanın gələcək istiqlalı naminə əzmlə mübarizə aparır, qonşu ölkələrdə gedən ictimai-siyasi prosesləri izləyir, onlara aid analitik yazılar yazırdılar. Həmçinin Avropa və Amerika, Uzaq və
Yaxın Şərq ölkələri də diqqətə alınır, rus, fransız, ingilis mətbuatına istinadən beynəlxalq həyat barəsində informasiyalar dərc edirdilər. Çap olunan bu yazılarda "İrşad" öz ideya-siyasi istiqamətinə, ideoloji görüşünə görə dövlətçilik və hürriyyət amalını ön planda götürür, milli müstəqillik, azadlıq duyğularını tərənnüm edirdi.
Beynəlxalq həyata aid yazılarda dünyanın mütərəqqi ölkələrinin dövlətçilik təcrübəsi, onların siyasi və hüquqi sistemləri Azərbaycan insanına çatdırılırdı. Ə.Ağaoğlunun silsilə şəkildə dərc etdirdiyi "Qosudarstvennı duma, ya padşahlıq şura" məqaləsi bu baxımdan əhəmiyyətlidir. Böyük mütəfəkkir Fransanın zəngin tarixi təcrübəsinə istinad edir, Azərbaycanda ilk dəfə olaraq azadlığın siyasi məzmun və mahiyyətini aydınlaşdırırdı. Məhz bu məzmunlu siyasi maarifçilik mahiyyəti daşıyan məqalələrin, analitik təhlillərin nəticəsində "İrşad"çılar Azərbaycanın ictimai-siyasi fikrini, siyasi şüurunu, ədəbi-mədəni hərəkatını Qərbə, Avropaya yönəldirdi. Ümumən onu da qeyd etmək yerinə düşər ki, Şərq və Qərb mədəniyyəti qarşıdurma şəklində deyil, ümumi vəhdətdə götürülür, inteqrasiyanın vacibliyi önə çıxarılırdı. Əli bəy Hüseynzadə, Əhməd Kamal və müəllim Midhət Cödət öz yazılarında Şərq tarixinə və islam elminə toxunur, Şərqin möhtəşəmliyini, mədəni zənginliyini təbliğ edirdilər. Lakin bu yazılarda Şərq Qərblə üz-üzə qoyulmur, iki fərqli dünyagörüş kimi təqdim olunurdu. Xristian dünyası və islam aləmi tarixində azadlıq anlayışına münasibət bildirən "İrşad"çılar dövlət və cəmiyyət münasibətlərinə aydınlıq gətirir, bu mənada ictimai institutları formalaşan Avropanın bu sahədə xeyli önə çıxdığını şərh edirdilər. Fransanın timsalında Avropaya münasibət meyarını müəyyənləşdirməyə çalışan Ə.Ağaoğlu "İrşad"da dövlətçilik tarixi və nəzəriyyəsindən danışarkən Azərbaycanda demokratik cümhuriyyət ideyasını ortaya qoyurdu”.
Müəllif əsərində vurğulayıb ki, "İrşad”da ilkin islamın təriqətlərə parçalanması pislənilir, dini təfəkkürün vəhdət ideyası gücləndirilir, bədii ədəbiyyatda və publisistikada islam modernizmi əsas götürülür, islamın təməl faktorlarının bərpasına diqqət yönəldilirdi: "Sünni-şiə ayrı-seçkiliyini ciddi tənqid edən Ə.Ağaoğlu bu ümummilli problemin nəzəri həllinə çalışırdı. Təriqətlərarası savaşın xalqın birliyinə əngəl olduğunu önə çəkən Ə.Ağaoğlu hələ "Həyat" qəzetində bu problemə toxunaraq xalqın mənəvi tənəzzülünə səbəb olan bu faktor barəsində yazırdı: "Necə ki, çox adamlara məlumdur bu axırlarda bəzi fəsad və fitnəçilər çalışırdılar ki, Qafqaz şiə və sünni müsəlmanlarının arasına büğz və ədavət salıb ortalarına cədvəl və cidal salsınlar". Bu problemləri real həyat faktorları əsasında təhlil edən Ə.Ağaoğlu Azərbaycanın ayrı-ayrı bölgələrində baş verən proseslərə üz tutur, qarşıdurma səviyyəsinə qaldırılmış məsələni "birlik, bərabərlik və ədalətlə" aradan qaldırmağı vacib hesab edirdi. Ə.Ağaoğlunun fikrincə, milli kimliyini dərk etməyən, tarixi irsinə sahib çıxmayan xalq dini mənsubiyyətə əsaslanmaqla mövcudluğunu sübut edə və qoruyub saxlaya bilməz. Və bu mənada Ə.Ağaoğlu "İrşad"da mənsub olduğu xalqın milli özünüdərkinə və oyanışına təkan verən publisistik yazılarla çıxış edirdi. Bu böyük mütəfəkkir "İrşad"ı Azərbaycan jurnalistikasının ən ciddi problemləri ilə məşğul olmağa yönəldir, bir sıra mətbu orqanı, o cümlədən "Həyat"ı, "Kaspi"ni, "Molla Nəsrəddin"i, "Fyuzat"ı dövrün aynası hesab edir və mətbuatı bütövlükdə cəmiyyətin ölçüsü kimi dəyərləndirirdi. Məhz buna görə də "İrşad"çıları həmişə şəxsi qərəz və intriqalardan uzaq durmağa səsləyir, əsassız mübahisələrə qarışmamağa çağırırdı. Dövrün bəzi mətbu orqanlarındakı şantaja ürəkağrısı ilə yanaşırdı. "İrşad"ın abunəsinin aşağı düşdüyü vaxtlarda ona qarşı yönələn qarayaxma kampaniyası hallarını görən Ə.Ağaoğlu dözümlülük nümayiş etdirir və yazırdı: "Mən səmimi qəlbdən diyorum, əgər millətim məndən narazıdır, əgər məni qəzetə aparmağa layiq görmüyorsa, mən "İrşad”ı hər kəs istəsə, ona verərəm, qoy məndən yaxşıları, məndən layiqliləri aparsın, təki aparsın, təki bu mənbeyi-feyz və tərəqqi olan sərmayə əlimizdən çıxmasın. Axtarın, vuruşun, tapın, biz bu qədər zəhmətlər ilə düzəlmiş büsatı özgələrə millət namına təslim etməyə hazırıq". "İrşad"ın fəaliyyətini və Ə.Ağaoğlunu tənqid atəşinə tutanlar köhnə fikirli insanlar, mühafizəkar şəxslər idi və bunu çox zaman sadəcə tənqid xatirinə edirdilər. Qəzetin fəaliyyətinə mənfi təsir göstərən məsələlərdən biri "İrşad"ın yayımına Türkiyənin hakim siyasi dairələrinin qadağa qoyması idi. Ə.Ağaoğlu "İrşad”ın 23 fevral 1907-ci il tarixli sayında yazırdı: "Sultan Əbdül Həmidin qəzetəsinin Türkiyəyə keçirilməsi şiddətli surətdə yasaq edildi, qadağan olundu. Sultan sarayından bu xüsusda rəsmi işarət viqun bulmuş bunun üçündür ki, iki həftədən bəri Rusiya postaxanələri kimsəyə bir şey vermiyor, bana göndərilən ruznamələr dəxi yetişmiyor". Qəzetin fəaliyyətinin dayandırılmasını abunə azlığı, dil qəlizliyi, fikir mürəkkəbliyi və jurnalistika təcrübəsinin yetərincə olmaması ilə bağlayanlar bu fakta diqqət yönəltməlidirlər. Elə bu səbəbdəndir ki, XX əsrin əvvəllərindəki mətbuat nümunələri haqqında xatirələrində Abdulla Şaiq o dövrün nəşrlərini qaranlıq gecədə biri-birinin ardınca yanıb-sönən ulduzlara bənzədirdi. Bu dövrdə Azərbaycan mətbuatının ən parlaq nümunəsi olan "İrşad" yenilikçi mətbuat orqanı kimi öz missiyasını layiqincə davam etdirir, fikir və informasiya istehsalı ilə məşğul olurdu. "İrşad"ın göstərdiyi yol ümumxalq yolu olduğundan sonralar istər "Molla Nəsrəddin"çi mətbu orqanlar, istərsə də "Fyuzat"çı romantik-fəlsəfi nəşrlər onun prinsiplərini daha geniş miqyasda davam etdirdilər. "İrşad"dan sonra onun əsas aparıcı yazarları dövrün müxtəlif mətbu nəşrlərində çalışır, milli jurnalistikamızın inkişafına öz töhfələrini verirdilər. Dövrün bir sıra aparıcı mətbu nəşrləri ilə yanaşı, "İrşad"dan sonra fəaliyyətə başlayan "Yeni İrşad" və "Çarıxçı" deyilənlərə sübutdur. "Yeni İrşad" gündəlik ədəbi, elmi, siyasi, iqtisadi qəzet, "Çarıxçı" isə "Yeni İrşad"a əlavə olunan satira vərəqəsi idi. "Yeni İrşad"ın imtiyaz sahibi və redaktoru Y.Əhmədov, baş redaktoru Mehdi bəy Hacınski idi. Qəzetin 1911-1912-ci illərdə cəmi 153 sayı işıq üzü görüb. Ə.Ağaoğlu başda olmaqla "İrşad" və irşadçıların fəaliyyəti azad cəmiyyət, müstəqil dövlət və bütöv vətən ideyasına əsaslandığından, öz dövrlərində mühafizəkar qüvvələrin açıq-aydın təzyiqlərinə məruz qalıb. Bu təhdidlər, səhv yanaşma tariximizin sovet dönəmində də təkrar olunub, panislamist və pantürkist damğası ilə "İrşad" obyektiv təhlildən kənarda qalıb”.
İsmayıl