Yazıçının Gəncə terroruna həsr etdiyi hekayə Türkiyədə birinci yerə layiq görülüb
Yazıçı-publisist, tərcüməçi Nəriman Əbdülrəhmanlı 6-cı Uluslararası “Kaşğarlı Mahmud” hekayə yarışmasının qalibi elan edilib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb, yazıçı özü də feysbuk səhifəsində paylaşım edib. Yazıçının qalib hekayəsi Ankarada nəşr olunan “Qardaş qələmlər” aylıq Avrasiya ədəbiyyat dərgisində çap edilib.
N.Əbdülrəhmanlı “Şərq”ə açıqlamasında müsabiqəyə qatılmaq fikrinin əvvəlcə olmadığını, lakin buna, bir növ təhrik edildiyini söylədi:
- Mərhum alimimiz, ədəbiyyatşünas Əflatun Saraclının qızı Afina xanım, o, hazırda Türkiyədə çalışır, Qars Universitetinin doktorudur, dedi ki, belə bir müsabiqə keçirilir. Niyə iştirak etmirsiniz? Mən də açığı, qatılmaq istəmirdim, dedim, hazır hekayəm yoxdur. Əl çəkmədi, məni təhrik etdi buna. Dedi, Nəriman müəllim, iştirak etməlisiniz.
Beynimdə bir mövzu vardı. Ermənilər Gəncəyə raket hücumları edəndə hekayə mövzusu yaranmışdı. Yəqin xatırlayırsınız, o arada Türkiyənin İzmir şəhərində də zəlzələ baş verdi. İnsanlar tələf oldu. Körpələr, qadınlar... Gəncədə olduğu kimi. Bu iki fəlakəti, iki faciəni bir hekayə mövzusu etdim. “Xarabalıqlar altında xatirələr” hekayəsi belə ərsəyə gəldi. Bu hekayəni müsabiqəyə göndərdim. Xüsusi bir gözləntim yoxuydu. Həyəcan da yoxuydu.
Əsas məqsədim ermənilərin Gəncə terrorunu bədiiləşdirmək, hekayə janrında oxuculara çatdırmaq idi. Müsabiqənin qalibi seçildi hekayə. Sağ olsunlar. İkinci yeri Türkiyə yazarı Arzu Toprak, ücüncü yeri isə Türkmənelidən - Kərkükdən Kemal Bayatlının əsəri tutub. Qazax yazıçısı Əbubəkr Kairanın “Qar qızı ilə Kölgə adam” əsəri isə xüsusi diqqətə layiq görülüb. Müsabiqənin belə mükafat növü də var.
N.Əbdülrəhmanlı beynəlxalq hekayə yarışmasının 2 ildən bir keçirildiyini dedi, özününsə bu müsabiqəyə ilk dəfə qatıldığını söylədi:
- Bu, artıq 6-cı müsabiqədir. 2 ildən bir keçirilir. Avrasiya Yazarlar Birliyi tərəfindən. 23 Türk dövlət və topluluğundan yazarlar qatılır. Bu dəfə 933 əsər təqdim olunub müsabiqəyə. Əvvəllər format başqa cür idi. Türk dövlətlərində keçirilən hekayə yarışmasında qalib olan əsərlər beynəlxalq müsabiqəyə göndərilirmiş. İndi isə formatı dəyişiblər.
Əsərlər müəlliflərin özü tərəfindən birbaşa Ankaraya – Avrasiya Yazarlar Birliyinə göndərilir. Müəlliflər gizli
saxlanılır. Kod altında oxunur əsərlər, qiymətləndirilir, münsiflər səs verir əsərlərə, səslər toplanır, ən çox səs toplayan əsər qalib olur.
N.Əbdülrəhmanlı ilk 20-liyə düşən hekayələrin “Qardaş Qələmlər” dərgisində nəşr edildiyini dedi və Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğluna təşəkkürlərini çatdırdı.
Qeyd edək ki, N.Əbdülrəhmanlının “Xarabalıqlar altında xatirələr” hekayəsini Türkiyə türkcəsinə Mustafa Karataş çevirib. Dəyərli ziyalımızı biz də təbrik edirik. Uğurlar arzulayırıq.