Azərbaycanın ilk xalq şairi Səməd Vurğun yalnız şeirləri, yaradıcılığı ilə deyil, həm də haqqında yayılan hekayələrlə, maraqlı faktlarla yaddaşlarda qalıb. İndi həmin məlumatlardan birini siz oxucularımıza təqdim edəcəyik.
Hər kəsə məlumdur ki, S.Vurğunun dünyanın görkəmli şairləri, yazıçıları ilə dostluq əlaqələri var imiş. Onlardan biri də Dağıstanın xalq şairi Rəsul Həmzətov olub. Bu iki şairin dostluğu sonralar dillər əzbəri olaraq, ölümsüz nəğməyə çevrilir.
Bir gün Səməd Vurğun Rəsul Həmzətovla görüşmək üçün Dağıstana yola düşür. Lakin S.Vurğunun qonaq olduğu məclisdə onun xətrinə dəyirlər. Şair də dostundan inciyib, geri qayıdır.
R.Həmzətov uzun müddət S.Vurğundan xəbər ala bilmir və nəhayət dostunun ondan küsdüyünü anlayır. Şairdən üzr istəmək üçün Bakıya yollanır. Fəqət taleh onları görüşdürmür.
Çünki o zaman Səməd Vurğun ölüm yatağında idi. 1956-cı il mayın 27-də ölümsüz şair əbədiyyətə qovuşur. Bu əbədi ayrılığın kədəri Rəsul Həmzətova “Əziz dost” mahnısının sözlərini yazdırır. Şeiri Azərbaycan dilinə şair Tofiq Bayram tərcümə edir. Mahnıya Qulu Əsgərov musiqi bəstələyir, lentə yazdırmasa da “Əziz dostum”un ilk ifaçısı özü olur. O dövrdən bu günə sevilən sənətkarlar repertuarlarında iki dostun ayrılıq nəğməsinə yer verirlər.
Və mərhum xanəndə, SSR xalq artisti İslam Rzayevin ifasında “Əziz dostum” mahnısı: