Şuşada yazıçıların qurultayını keçirmək hələ ki, real görünmür
Qulu Ağsəs: "Çünki ora ancaq məhdud sayda qonaqlar dəvət oluna bilər"
Yazıçı, araşdırmaçı jurnalist Tural Turan maraqlı təklif irəli sürüb. Belə ki, o, Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti - 13-cü qurultayının Şuşa şəhərində keçirilməsini təklif edib: "Onsuz da bu ilin iyul ayında Şuşada Vaqif poeziya günləri baş tutacaq. Xaricdən qonaqlar da dəvət olunacaq.
AYB tarixində ilk dəfə olaraq Bakıda yox, bölgədə, özü də Şuşa kimi mədəniyyət paytaxtında öz qurultayını keçirsin. Bundan gözəl fürsət?!".
Qeyd olunan təklif maraqlı və xoş səslənir. Bəs birliyin digər yazarları bu haqda nə düşünür?
"Şərq" qəzeti "Ulduz" jurnalının baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəsin fikirlərini öyrənib. O, deyir ki, Şuşada hansısa tədbirin keçiriləcəyini eşitmək inanılmaz bir hiss, eyni zamanda yuxu kimidir: "İlk növbədə ona görə sevinirəm ki, Şuşada tədbirlərin keçirilməsi ilə bağlı təkliflər səslənir. Bu, inanılmaz bir duyğudur. Biz uzun illərdir ki, Şuşa haqqında keçmiş zamanda danışırdıq. İndisə onun haqqında çoxsaylı planlar hazırlanır.
Bu dönəmdə Şuşaya çoxlu "diş qıcayanlar" ortaya çıxdı. Amma nə yaxşı ki, ölkə rəhbəri Azərbaycan xalqı və onun şəxsən özü üçün Şuşanın nə dərəcədə müqəddəs olduğunu bir daha ifadə etdi. Əslində cənab prezident bunu Şuşanı azad etməklə bildirmişdi. Lakin oranın necə müqəddəs bir torpaq olduğunu məmurların da diqqətinə çatdırdı.
Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib. Bu şəhər tezliklə bütün Qafqazın, MDB-nin, yaxın və orta Şərqin, eləcə də Avropanın da bir hissəsinin mədəniyyət paytaxtına çevriləcək. Bu, yaxın gələcəkdə baş verəcək".
Qulu Ağsəs, həmçinin, hazırda orada qurultay keçirilməsi üçün yetərincə adamın toplaşa bilməyəcəyini, Şuşanın hələ kütləvi tədbirlərə hazır olmadığını nəzərə alaraq bu təklifin qeyri-mümkünlüyünü vurğulayıb:
"Bu il orada Xarıbülbül festivalı və Vaqif poeziya günləri keçiriləcək. Amma orada Yazıçılar Birliyinin qurultayını təşkil etmək əlbəttə ki, real deyil. Çünki Şuşaya hazırda məhdud sayda qonaqlar dəvət oluna bilər.
Həm pandemiya ilə bağlı, həm də Şuşa hələ bütün bunları qarşılamağa hazır deyil.
Eyni zamanda hələ sülhməramlılar bizim təhlükəsizliyimizi tam təmin edə bilmir. Xeyir ola, biz niyə dünyanı fırlanıb Şuşaya gəlməliyik? Biz birbaşa Ağdamdan Şuşaya qalxmalıyıq. Ona görə də bizi qarşıda gözləyən çox işlər var.
Yəni hələ ki, Qarabağ minalar içindədir. Hələ ki, yeganə yolumuz Füzulidən yeni çəkiləcək yol olacaq. Buna görə də mən inanmıram ki, orada böyük tədbirlər keçirmək mümkün olsun. Mən bunu real saymıram. Amma gələcəkdə etmək olar.
Amma qoy Şuşa üçün bu cür təkliflər olsun. Bu cür xoş "hücumlar" edilsin ki, daha nələri edək. Amma bunların özü də tənzimlənməlidir, koordinasiya olunmalıdır".
Ağarza Elçinoğlu