“Yaxşı şairsənsə, əsl yazıçısansa yaşayacaqsan, daim hörmət edəcəklər”
Millət vəkili, yazıçı Aqil Abbasın “Kulis.az”a müsahibəsində səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. A.Abbasın “Xalq yazıçısı” adını almaq istəyini dilə gətirməsi də diqqət çəkib. Yazıçı deyib ki, həm yazdıqları ilə, həm də millət vəkili kimi xalqın qulluğundadır:
“Niyə istəməyim? Xalqın yazıçısıyam da. Bu titulun mənə verilib-verilməyəcəyini bilə bilmərəm. Gərək Yazıçılar birliyi, müvafiq qurumlar və şəxslər adımı təqdim edə”.
“Sherg.az” da AYB-dən Aqil Abbasın çağırışına cavab öyrənmək üçün qurumun katibi, xalq şairi Fikrət Qoca ilə əlaqə saxlayıb. Şair adların dövlət tərəfindən verildiyini söyləyib:
“Yazıçılar Birliyi qurultay ərəfəsində, tədbirlər olanda yazçılardan, şairlərdən bir neçəsi əməkdar incəsənət xadimi və sair adlar üzrə müraciət edir. İdarə heyətinin qərarı ilə adlar göndərilir, təqdim olunur. Sonra öz işlərinə görə seçilib, adlara layiq görülürlər. Aqil yaxşı yazıçıdır. Onu tanıyıram, hörmətim var. Amma özünün deməyi ayrı-seçkilik yaradır.
Əslində Nizami dövründən Sovet dönəminə kimi belə adlar yox idi. Yaxşı şairsənsə, əsl yazıçısansa yaşayacaqsan, daim hörmət edəcəklər. Aqil həm də deputatdır. Millət vəkili kimi xalqdan səs istəyib, seçilə bilər. Lakin xalq yazıçısı olmaq istəyirəm deyib, birbaşa tələb etmək düzgün deyil”.
F.Qoca ədəbiyyatdan da söz açaraq deyib ki, şeirdə qafiyənin uyğunlaşması, yazanın şair olduğu mənasına gəlmir:
“Məsələn Moskvada Ədəbiyyat instutundan məzun olmuşam, sonra Yazıçılar İttifaqında çalışmışam. O dönəmdə də şeirlərim çap olunurdu.Yəni ədəbiyyat da bir sənətdir.
Məsələn, meyxana da var. Amma bunlar tamam fərqlidir. Meyxanaçı da deyə bilər ki, bir ad da mən istəyirəm. Hələ bizim idarədə hansısa müraciətə yox dediyimiz olmayıb.
Siyahıda adları təqdim etmişik, titullar dövlətimizin qərarı ilə verilib".