“Mən bir damla qandan ibarət deyiləm” - Türkan Turanla söhbət 

“Saranı yaratmaq bütün bu acınacaqlı hallara bir növ üsyanımdır”

“Artıq gözünün yaşı burnunun suyuna qarışan qadınlar görmək istəmirəm”

“Dünyanın güclü qadınlara ehtiyacı var”


Gənc və istedadlı yazıçı, jurnalist Türkan Turanın yeni kitabı nəşr olunub. Müəllifin “Saranın gözləri” adlı romanı Türkiyədə çapdan çıxıb. Dedektiv üslubda yazılan əsərin baş qəhrəmanı olan jurnalist xanımın başına gələn macəralardan, onun dəfələrlə ölümlə burun-buruna gəlməsinə rəğmən, məqsədindən əl çəkməməsindən bəhs olunur. Roman çapdan çıxdığı gündən etibarən ədəbiyyat aləmində geniş müzakirələrə səbəb oldu. Oxucular arasında maraqla qarşılanan “Saranın gözləri” orijinal üslubu və həyacanlı süjet xətti ilə seçilir. Odur ki, “Sherg.az” olaraq Türkan xanımla görüşdük, “Saranın gözləri” haqqında geniş müzakirə apardıq.

- Necə oldu ki, “Saranın gözləri”ni yazmağı qərara aldınız?

- Bu roman gerçək həyatdan qaynaqlanan təxəyyül məhsuludur. İllər əvvəl- jurnalist karyeramda orqan mafiyasını araşdırırdım. Ardınca müxtəlif hadisələr baş verdi. Beləliklə, romanın yazılması üçün zəmin yarandı.

- Niyə məhz türk dilində?

- Çünki kitab Türkiyədə nəşr edilib. Çap haqqı Türkiyənin nüfuzlu yayın evlərindən biri olan “Doğan Kitab”da olduğuna görə romanı da türkcə yazdım.

- Sara onu bu işlərlə məşğul olmaqda, özünü təhlükəyə atmaqda qınayan həkimə “Mən bir jurnalistəm” deyə cavab verir. Sara kimi cəsarətli jurnalist olmaq üçün nələr yaşamaq, hansı xüsusiyyətlərə malik olmaq lazımdı?

- Bir sıra peşələr kimi jurnalistika da belədir: bəzi xüsusiyyətlərə doğuşdan sahib olmalısan. Yəni jurnalist olunmur, doğulur. Harda, hansı şərtlərlə işləməyindən asılı olmayaraq, jurnalist üçün ilkin şərt cəsarətdir. Əgər lazımi xüsusiyyətlərə doğuşdan sahibsənsə, sonradan “daşlar yerinə oturur” və sən özünü həmin sahədə tapırsan. Təbii ki, mülayim, üzüyola şəxs də jurnalist ola bilər. Amma sən ondan cəsarət tələb edə bilməzsən, bacardığı ilə kifayətlənməli olacaqsan.


- Sara fəaliyyəti ilə həm də ailəsinin həyatını təhlükəyə atır. Baş qəhrəmanı bu qədər inadkar edən nədir?

- Yaşadıqları, gördüyü çətinliklər. O, həyata qarşı sərtləşib. Özünü közün üzərində ayaqyalın yeriyəcək qədər gözüqara və güclü hiss edir. Əslində hər birimizin həyatında belədir. Torpaq kimi üstümüzə basıldıqca sərtləşirik.

- Sizi baş redaktor Ali bəy obrazını yaratmağa sövq edən nə olub?

- Əsərin süjet xətti. Müxbir varsa, baş redaktoru da olmalı idi...Amma, məncə, bir çox baş redaktorun içində müəyyən qədər Ali bəy var; əvvəlcə coşan, sonra durulan.

- Bir jurnalist olaraq fikirləriniz maraqlıdır, Ali bəy kimi rəhbər və Sara kimi müxbir həmin redaksiyanın gələcəyi üçün nələr vəd edir?

- Ölkəyə görə dəyişir. Məsələn, söz azadlığı məhdud olan ölkələr üçün sonu ürəkaçan olmur. Amma ümumiləşdirsək belə deyərdim; jurnalistika hər bir cəmiyyətin ana xəttidir. Hər an milyonlarla insanı məlumatlandırmaq öhdəlikləri var üzərlərində. Hər kəs onlardan qərəzsiz, dürüst məlumat gözləyir. Ölkənin, yeri gələndə, dünyanın gündəmini dəyişəcək xəbərlər ərsəyə gətirirlər. Əgər vəzifəsini şərəflə, ləyaqətlə yerinə yetirirlərsə, nəinki gələcək, bu gün üçün də işıqlı günlər vəd edirlər.

- Etiraf etmək lazımdır ki, müasir Azərbaycan ədəbiyyatında cəsarətli qadın obrazları o qədər də çox deyil. Sizin romanınızda Saranın Muradla münasibətləri, aralarında olanlar, onun gözünün içinə baxaraq “Mən bir damla qandan ibarət deyiləm” deməsi Saranın bir qadın olaraq kifayət qədər güclü olduğunu göstərir. Niyə belə qadın obrazı yaratmaq istəmisiniz?

- Təəssüf ki, XXI əsrdə, müasir çağda yaşamağımıza rəğmən, hələ də müəyyən feodal düşüncələrdən xilas ola bilməmişik. Bunlardan ən başlıcası isə qadın azadlığı ilə bağlıdır. İstər Azərbaycanda, istərsə də digər Şərq ölkələrində hər gün minlərlə qadın dəhşətli işgəncələrə məruz qalır, döyülür, öldürülür. Güclü və güc əldə etmək istəyən qadınlar həmişə əks tərəfi qorxudur. Təbii ki, güclü kişilərin belə problemi yoxdur. Hətta güclü kişilərdən doğulan nəhəng qadınlar var. Məsələn, bir çox kitablarda, filmlərdə, seriallarda o qədər əzilmiş, aşağılanmış qadın obrazı təqdim edilir ki, bir nöqtədən sonra bu adiləşir. Saranı yaratmaq bütün bu acınacaqlı hallara bir növ üsyanımdır. Artıq gözünün yaşı burnunun suyuna qarışan qadınlar görmək istəmirəm. Dünyanın güclü qadınlara ehtiyacı var.

- Saranın sevdikləri olmasaydı, həyatı necə dəyişərdi?

- Bəlkə də, daha böyük təhlükələrə gedərdi. Hərçənd onsuz da onun hər günü təhlükə ilə keçir. Çünki Saranın inandıqları ailə-məişət mövzusundan daha böyükdür. Qəhrəmanımın uğrunda savaşdığı təkcə yaşadığı ölkəni deyil, dünyanı maraqlandıran hadisələrdir.  Ona görə də addımlarını hesablayaraq atmır, içindəki güc onu mübarizəyə maqnit kimi çəkir.


- Elə isə belə güclü qadını Oğuza bağlayan nədir?

- Güc. Çünki güc gücü çəkir. Oğuz da güc sahibidir. Oğuz standart xarakterli bir kişi olsaydı, təbii ki, Saranın diqqətini çəkməzdi. Güclü qadın robot demək deyil. Hər bir güclü qadının özündən böyük gücə ehtiyacı olur.

- Sara hər dəfə anası ilə görüşəndə “Bu dəfə də ölmədim” deyir. Bəs onun gələcək taleyi necə olacaq?

- Gələcəyi daha möhtəşəm olacaq. Fikrimcə, “Saranın gözləri”nin ikinci hissəsi də gələ bilər. Əslində ideyası beynimdə hazırdır. Saranın “Bu gün də ölmədim, ana” deməsinin əsas səbəbi dəfələrlə ölümlə burun-buruna gəlməsinə baxmayaraq, hər dəfə həyatda qalmağı bacarmasıdır.

- Bəs daim ölümün isti nəfəsini hiss edən Sara üçün ölüm nədir?

- Sara çox yaxşı bilir ki, onun üçün yaşamaq fürsətlərlə doludur, ölüm isə hər şeyin sonudur. Sara üçün ölüm mübarizəsinin yarımçıq qalacağı qorxusudur. Çünki onun məqsədi var; hörümçək toru kimi dünyaya yayılan mafiyanı çökdürmək. Doğrudur, qarşısındakı nəhəng şəbəkədir, ancaq Sara  özünü onlarla mübarizə aparacaq gücdə hiss edir və romandan da göründüyü kimi müəyyən qədər nəticə əldə edir.

- Məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markes “Hər günü son gününüz kimi yaşayın, bir gün haqlı çıxacaqsınız” deyib. Sara bu fikrə inanır?

- O, hər gün bir müəmmanın üstünə gedir və evə sağ qayıdıb- qayıtmayacağını bilmir. Deməli, hər gününü son günü kimi yaşayır və bu fikrə inanır. “Ölsəm də inandığım, amalım uğrunda ölüm” deyir. Eyni ilə qarışqa kimi...Belə ki, bir dəfə uzaq diyarda qarışqanın sevgilisi xəstələnir. Özünü sevgilisinə çatdırmaq üçün tez yola düşür. Yolda qarşısına çıxanlar “Ay yazıq, ora çatana qədər iş işdən keçmiş olacaq, sən də yarıyolda öləcəksən” deyirlər. Qarışqa cavab verir: “Mən də bilirəm ki, çatmayacam. Amma, heç olmasa, qoy, sevdiyimə gedən yolda ölüm”. Saranın mübarizəsi çox sevdiyim bu Şərq pritçasına bənzəyir. Onun üçün yolun sonunda onu nə gözlədiyi deyil, çıxdığı yol maraqlıdır. Ümumiyyətlə, Saranın ən cazibədar xüsusiyyəti baş verən hər şeyə maraqla yanaşmasıdır. Araşdırmaq məhz düşünən beyinə məxsusdur. Düşünməyən beyin ona təqdim edilənlə kifayətlənir, düşünən isə sorğulayır, araşdırır, daha yaxşısını, daha artığını istəyir, axtarır. Ona gör də, hər yerdə Sara obrazı kimi zəki, güclü və cəsarətli qadınlar görmək istəyirəm.

- Ağıllı, güclü və cəsarətlidirsə, deməli, həm də təhlükəlidir?

- Zəif insanlar üçün güclü qadınlar həmişə təhlükəli görünür. Sara da, həmçinin. Bu gənc qız roman boyu heyrətləndirir, həyəcanlandırır, bəzən qıcıqlandırır, amma həm də heyran etməyi bacarır. Romandan da bəlli olduğu kimi, Sara düşdüyü yeri yandıran bir oddur. Dinclik nədir bilmir, hara gedirsə, bir fırtına qoparır. Amma bütün hallarda cazibəsini qoruyur.

- Sara daha cəsarətlidir, yoxsa Türkan Turan?

- (Gülür). Çətin sualdır. Yəqin ki, Sara. Çünki obrazlar həmişə daha ideal olur. Personajları istədiyimiz qədər mükəmməlləşdirə və gizlinlərini göstərəcək qədər cəsarətli ola bilirik. Bəzən bir roman qəhrəmanına vurulur və onu real həyatda axtarırıq. Lakin tapmırıq. Çünki real həyatla roman fərqlidir. Real həyatın dalanları, tinləri, döngələri daha çoxdur.