Anar: "Xoşbəxtəm ki, yuxum çin çıxdı. Getdim, gördüm"
"Ayaq basanda duyduğum hiss ancaq xoşbəxtlik idi. Bilirsiz, Cıdır düzü, Cıdır düzündəki otların, çiçəklərin rayihəsi dünyanın başqa heç bir yerində yoxdur"
“...Özüm də bilmirəm Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrəbam burda yaşamır. Söz yox, vətənin hər qarışı, hər bucağı əzizdir, müqəddəsdir, amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı, bütün ömrümü burda keçirərdim və vəsiyyət də edərdim ki, öləndə məni burda basdırsınlar...” Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bu cümlələri 1983-cü ilin “isti iyul günü”ndə Qarabağa – Şuşaya, ordan Füzuliyə, Laçına... səfər edib qayıdandan sonra qələmə alıb. Xalq yazıçısının Qarabağ səfəri barədə “Qarabağ şikəstəsi” adlı geniş məqaləsi 1985-ci ildə “Ulduz” jurnalında çap edilib. Şuşamız müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib Azərbaycan əsgərinin misilsiz şücaəti sayəsində mənfur düşmən tapdağından azad edildikdə, Anar müəllimə zəng etmişdik. Çünki onun Şuşaya necə bağlı olduğunu bilirdik.
Özünü xoşbəxt saydığını dedi, Anar müəllim. Həmin hesabla bu günlərdə Anar müəllim gərək xoşbəxtliyin lap zirvəsində olsun. Çünki illərlə həsrətini çəkdiyi Şuşaya getdi artıq. Qalib xalqın ağsaqqalı kimi. Həm də Qarabağın rəmzi olan “Xarı bülbül” festivalının açılışına. Hansı hissləri keçirdi, Şuşaya ayaq basarkən? Xalq yazıçısı Anar “Şərq”ə bunu anlatdı:
- Şuşa 28 il ərzində, işğal altında olduğu dövrdə tez-tez yuxuma girirdi. Həyatımın böyük, vacib bir mərhələsi Şuşa ilə bağlı idi. Uşaqlıq xatirələrim var Şuşa ilə bağlı. “Üzeyir ömrü” filmini çəkmişəm orda, “Vaqif Poeziya Günləri”ndə, Üzeyir bəyin yubileyi ilə əlaqədar “Üzeyir günləri”ndə iştirak etmişdim... Xoşbəxtəm ki, yuxum çin çıxdı. Getdim, gördüm. Dinləyici oldum, tamaşaçı oldum. Bu artıq gerçəkləşmiş yuxu idi. Hər şey, festival, festivalın gecəsi o atəşfəşanlıq qəlbimi fərəh hissi ilə doldurdu, qürur duydum. Şuşaya ayaq basanda duyduğum hiss ancaq xoşbəxtlik idi. Bilirsiz, Cıdır düzü, Cıdır düzündəki otların, çiçəklərin rayihəsi dünyanın başqa heç bir yerində yoxdur. O ətri duymaq belə, xoşbəxt olmağa bəs edir.
“Azad Şuşa, 28 il sonra “Xarı bülbül” festivalının yenidən keçirilməsi... bütün bunlar ədəbi əksini tapacaqmı” sualına isə xalq yazıçısı “sağlıq olsun”, cavabını verdi.
1985-ci ildə nəşr olunmuş məqalədə Anar “şahanə bir vüqarı var Şuşanın. Elə bil o ömrümüzü bütün adiliklərdən, xırdaçılıqlardan təmizləyir, ayırır, içəri dünyamızı arıtlayır, duruldur, bizi gündəlik həyatımızın, tanış dünyamızın fövqünə qaldırır. Şuşanın ülviyyəti onun təkrarsız təbiətiylə, tarixiylə, taleyilə bağlıdır”, yazmışdı.
Şuşa azad olunduqda Anar Şuşaya şeir həsr etdi. Belə misralar var orda:
...Bulaqların buztək soyuq,
Yazı, yayı sərin Şuşa.
Dağların ucadan uca,
Dərələrin dərin Şuşa.
...Mətanət qalası Şuşa,
Həmişə, hər vaxt, hər zaman
Qeyrətin qalası Şuşa.
Doğma vətənin qoynunda
Şuşa, sonsuzadək yaşa!
Sonra da xalq yazıçısı göz aydınlığı vermişdi xalqa: Allaha, taleyimə, ordumuza, Ali Baş Komandana dua edirəm ki, uşaqlığımın, yeniyetməlik çağımın, ahıl illərimin şəhəri Şuşanın azad olunduğu günü görə bildim. Gözün aydın... “ 28 illik ayrılıqdan sonra xalq yazıçı Şuşanı necə vəsf edəcək, inşəllah, görərik.