Pərvin: "Amma həyat insanın qarşısına gözləmədiyi halda xoş sürprizlər çıxarır"
“Qobustan”ın ideyaları, məsləyi, daşıdığı missiya mənim də məsləyim, ideyalarım olub. Mən həmişə bu mövzularda yazmışam"
Azərbaycan Yazıçılar Birliyindəki yeni təyinatlar ədəbi cameədə müzakirə mövzusudur. Maraqlı dəyişikliklər baş verir AYB-də. Rauf Aslanov Azərbaycan Yazıçılar Birliyi sədrinin baş müşaviri təyin edilib. Yazıçı-tərcüməçi Vaqif Əlixanlıya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsini, yazıçı Pərvin Nurəliyevaya isə “Qobustan” jurnalının baş redaktoru vəzifəsini icra etmək tapşırılıb. İndiyədək Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, ədəbiyyatşünas Seyfəddin Hüseynli isə eyni zamanda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədrinin müavini təyin edilib. Şair, yazıçı-publisist Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini təyin olunub.
Bu təyinata qədər Rəşad Məcid AYB katibi idi. Yazıçı-publisist Elçin Hüseynbəyli və şair, publisist, tərcüməçi Səlim Babullaoğlu da AYB katibləri təyin olunublar. Sirr deyil ki, yeni təyin olunanlar AYB sədri, Xalq yazıçısı Anara yaxınlığı ilə seçilən isimlərdir. Təbii, yaxınlıq deyəndə, qan qohumluğu, əqrəbalıq nəzərdə tutulmur. İllərlə AYB sədri ilə eyni cəbhədə olan, ortaq ideyalar ətrafında birləşənlərdir. Yeni təyinatlarda ən çox diqqət çəkən xanım yazıçı Pərvinin “Qobustan” jurnalına baş redaktor təyin edilməsidir. “Qobustan” Xalq yazıçısı Anarın 3-cü övladı kimidir. Yazıçılar, adətən əsərlərini övladları hesab edir, o baxımdan. “Qobustan” isə Azərbaycan ədəbi mühitindəki 60-cı illər intibahının ən bariz nümunəsi idi və sözsüz ki, məhz yazıçı Anarın əvəzsiz xidməti sayəsində ərsəyə gəlmişdi. Və indi xalq yazıçısı həyatının böyük, mənalı bir hissəsini gənc yazıçı xanıma həvalə edirsə, deməli, onun bu trofeyə layiqincə sahib çıxacağına arxayındır. Bəs Pərvin xanım, vəzifənin öhdəsindən gələ biləcək?
Pərvin Nurəliyeva “Şərq”ə açıqlamasında “dərgini buraxaq, bir sayı işıq üzü görsün, sonra deyərəm”, söylədisə də, qane olmadıq. “Bu təyinat gözlənilən idimi, ümumiyyətlə, xanım yazarın AYB-dən hər hansı vəzifə gözləntisi olubmu” sualına cavab almağa çalışdıq:
- Bu mənə AYB-nin, başda hörmətli Xalq yazıçımız Anar müəllim olmaqla böyük etimadıdır. “Qobustan”ın ideyaları mənim üçün heç vaxt yad olmayıb. “Qobustan”ın ideyaları, məsləyi, daşıdığı missiya mənim də məsləyim, ideyalarım olub. Mən həmişə bu mövzularda yazmışam. Mənim maraq dairəm bu dərginin konsepsiyası ilə üst-üstə düşür, ona uyğundur. “Qobustan”ı özümə doğma bilirəm. Vəzifə gözləntisinə gəlincə, xeyr, mənim heç bir iddiam, hər hansı vəzifə gözləntilərim olmayıb. Uşaqlıq illərindən ən böyük arzum müəllim olmaq idi. Amma həyat insanın qarşısına gözləmədiyi halda xoş sürprizlər çıxarır. İndi də bir amalım var – insanlara, ədəbiyyatımıza faydalı olmaq.