Naşir:“Bizim Mədəniyyət Nazirliyi məni həmişə aşağılamağa çalışıb”



“Qanun” nəşriyyat evinin təsisçisi və direktoru Şahbaz Xuduoğlu Fransanın ən nüfuzlu mükafatlarından birinə layiq görülüb.
Bu barədə o, özünün “Facebook” səhifəsində məlumat verib.
Sənəddə qeyd edilib ki, Şahbaz Xuduoğlu Fransanın mədəniyyət naziri Roselyne Bachelot tərəfindən “İncəsənət və Ədəbiyyat” ordeninin “Cəngavər” dərəcəsi ilə təltif edilib.
Orden Ş.Xuduoğluna ədəbiyyat sahəsində Fransa-Azərbaycan əlaqələrinin inkişafı, kitabların və əsərlərin nəşrindəki fəaliyyəti, Azərbaycan qanunun aliliyinin möhkəmləndirilməsinə kömək üçün əsasən Avropa (və xüsusən də fransız) hüquqi mətnlərini tanıtmaq səyləri nəzərə alınaraq təqdim edilib.

“Sherg.az”la təəssüratlarını bölüşən Ş.Xuduoğlu bildirib ki, bu mükafat onun üçün gözlənilməz olub:

“Səhər işə gedirdim. Mənə zərf göndərilmişdi . Açıb gördüm ki , Fransanın ən məşhur ordenlərindən biri "Cəngavər" ordeni ilə təltif olunmuşam.  Təbii ki ,çox sevindim. Açığı bunu gözləmirdim. Sevincimdən təkrar-təkrar oxudum. 

Məncə ,bu fransızların  ədəbiyyatlarına, mədəniyyətlərinə ayırdıqları diqqətdir. Fransızlar öz xaricə çıxan ədəbiyyat və incəsənət nümunələrinə xüsusi diqqət göstərirlər. 

Onların baxdıqları bir bucaq var. Mən çox sevinirəm ki, bu bucaqdan baxdıqda mənim də fəaliyyətimi görüblər . Bizim Mədəniyyət Nazirliyi məni həmişə görməzdən gəlib, aşağılamağa çalışıb. 

Elə son sərgidə də bu münasibətini bir daha ortaya qoydu. 30 il fəaliyyət göstərən bir nəşriyyata əlli min kitab gətirmək üçün 6 kvadrat metr yer ayıracağını bildirdi. Fransızlar da bunu görüb mənə mükafat verdilər. Mən buna çox sevinirəm”.

Naşir qeyd edib ki, həyatında ilk mükafatı Türkiyədə  alıb. İndi isə ikincini Fransadan alır və bundan çox məmnundur.