Müşfiq Şükürlü: “Cavabı Ulucayın “Kulis”ə Baş redaktor getməsi barədə xəbərdə tapdım. Sən demə, Ulucay magistaturanı rus dilində oxuyubmuş. Vəssalam!"
Ulucay Akif:“”Kulis"də işləmədiyim dönəmdə, Şərif Ağayara neçə dəfə xahiş edib 2015-ci ildə səni ilk dəfə çap etdirmişdim”
Şərif Ağayar:“Yazmışam axı. "Kulis"dən özüm getmişəm. Kim işləyirsə, sadəcə, uğurlar arzu edə bilərəm”
Xəbər verdiyimiz kimi, "Kulis.az" saytının baş redaktor vəzifəsini gənc yazar Ulucay Akif icra edəcək. Uzun illərdir "Kulis.az" saytı ilə əməkdaşlıq edən Ulucay Akifin yeni vəzifəyə təyin olunması sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Belə ki, gənc yazar Müşfiq Şükürlü onun yeni vəzifəsi ilə bağlı Feysbuk səhifəsində tənqidi paylaşım edib.
O yazır:
"Şərif Ağayarı “Kulis”in Baş redaktorluğu vəzifəsindən çıxarıb, yerinə Ulucay Akifi qoydular. Tanrının ağlına gəlməz. İlin lətifəsidir. Görəsən, Ulucayın nəyi və harası APA-nın rəhbəri Vüsalə Mahirqızının bu qədər xoşuna gəlib ki, püxtələşmiş yazıçı, əsərləri respublikamızın sərhədlərini aşıb, xarici ölkələrdə işıq üzü görən tanınmış qələm adamı, bir sözlə, XXI əsrin ən səciyyəvi romançısını bir kənara qoyaraq, yerinə hələ süd dişi çıxmamış şairi təyin edir?!
Yaşı? Yox, Şərif Ağayar Ulucaydan kifayət qədər böyük və təcrübəlidir.
Bəlkə boyu? Yox vallah, Şərif Ağayar Ulucaydan boylu-buxunlu və hündürdür.
Bəlkə, istedadı, yaradıcılığı, savadı, başı? Yox, yox, yenə də yox! Ulucayın bütün yazdıqlarını toplasan, Şərifin yaxşı hekayələrini demirəm, ən zəif hekayəsinin bir cümləsi də eləməz.
Bəs, onda nəyi? Cavabı Ulucayın “Kulis”ə Baş redaktor getməsi barədə xəbərdə tapdım. Sən demə, Ulucay magistaturanı rus dilində oxuyubmuş. Vəssalam!".
U.Akif isə ona kiminsə diqtəsi ilə status yazmamasını deyib:
"1-2 ay qabaq mənə aid yazdığın yazıdan utan. Bir az ləyaqətli ol. "Kulis"də işləmədiyim dönəmdə, Şərif Ağayara neçə dəfə xahiş edib 2015-ci ildə səni ilk dəfə çap etdirmişdim. Onda nəinki Şərif, heç kim səni tanımırdı. Qalan hər şey öz vicdanına qalsın".
Keçmiş baş redaktor Ş.Ağayar həmin statusun rəy bölməsində “Kulis”dən vəzifədən öz istəyi ilə ayrıldığını yazıb:
“Belə şeylər lazım deyil, yanlış anlaşılır. Yazmışam axı. "Kulis"dən özüm getmişəm. Kim işləyirsə, sadəcə, uğurlar arzu edə bilərəm”.