Yevlax fədailəri bədii-publisistik esselərdə -  Cahangir Məmmədli yazır

BDU Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canını fəda etmiş hər bir əsgərimizin ünvanına yazılan "şəhid" kəlməsi müqəddəsliyin zirvə nöqtəsidir. İstər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımız xalqımızın qəlbində, ana dilimizin leksikonunda müqəddəs "şəhid" sözü ilə anılır. Şəhid düşmüş əsgərlərimizin ruhu o qədər əzizdir ki, bu ruhdan söz salmaq, bu ruhu hər an xatırlamaq indi Tanrı anlamı qədər yüksək bir zirvədə səslənir. Şəhid özü, şəhid ailəsi, şəhid ana-atası, şəhid övladı - bir sözlə, şəhid doğmaları bu gün dövlətin, onun başçısının diqqət və qayğısındadır. Prezident İlham Əliyevin bütün görüşlərdəki çıxışlarının məzmununda şəhid anlayışına dərin hörmət və diqqətin duyğulu, həm də qürurlu anlarını hiss edirik.

Bu sırada biz Azərbaycan media sisteminin də sonsuz fəallığını görməkdəyik. Bu gün mediamızın daha bir sahəsi - kitab dünyası da şəhidlərimizin qəhrəmanlıq salnamələrini tarixin əbədi sətirlərinə çevirmək üçün intensiv fəaliyyətə başlamışdır. Bu yerdə onu da qeyd etmək istərdim ki, kitab sözü özü də müqəddəs bir anlayışdır və müqəddəs şəhid obrazının müqəddəs kitab formatında təqdim olunmasını bu obrazların birbaşa tarixə yazılması kimi qiymətləndirmək olar.

Bütün bu fikirləri mənə lap təzəcə çap olunmuş bir kitab xatırlatdı: "Zəfər fədailəri. Yevlax şəhidləri". Kitabın adından aydın olur ki, belə bir nəşr nümunəsi Yevlax şəhidlərinə həsr olunub. "Zəfər fədailəri..." birbaşa Yevlax Şəhər İcra Hakimiyyətinin nəşridir və elə mən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin kitaba yazdığı çox maraqlı ön söz hissəsindən son sətirləri oxucuya təqdim etmək istəyirəm: "Vətən müharibəsinin şanlı irsinin gələcək nəsillərə doğru-düzgün çatdırılması prosesində təqdim olunan "Zəfər fədailəri. Yevlax şəhidləri" kitabının da özünəməxsus təsiri olacaq. Öz igidlikləri ilə bütün Azərbaycanın şanlı övladlarına, qürur yerinə çevrilən 65 eloğlumuzun ruhuna əbədi ehtiramın tərənnümü olan bu kitab hər bir yevlaxlının sevimli nəşri olmaqla bərabər, həm də iftixar mənbəyinə çevriləcək. Bu kitab vasitəsilə onilliklər sonra da insanlarımız Vətən uğrunda canlarını fəda edən bu şərəfli insanları tanıyacaq, yad edəcək və Yevlaxın şəhidlərinə mənəvi borclarını anlayacaqlar". 

Mən Anar Tağıyevin bu maraqlı sətirlərinə xırda bir əlavə etmək istərdim: bu kitab təkcə yevlaxlıların deyil, həm də bütün vətənsevərlərimizin sevimli nəşri olacaq. Çünki "Zəfər fədailəri..." kitabındakı yevlaxlı şəhid övladlarımız haqqında yazıların, duyğulu üslubu, şəhid obrazlarının, şəhid doğmalarının qürur və kədər hisslərinin bədii-publisistik ifadəsi bu kitabdakı qəhrəman döyüşçülərimizin Vətən sevgisini ümumiləşdirərək bütün xalqın - Azərbaycanın hər bir nöqtəsinin  övladına çevirir.


Bu kitab, ön sözün müəllifi Anar Tağıyevin sözü ilə desək, "ona görə iftixar mənbəyinə çevriləcək" ki, burada 44 günlük Vətən müharibəsindəki qələbəmizi təmin edən "Dəmir yumruq" fenomeni də öz əksini tapmışdır. 

Vətən müharibəsinin ilk günü hər bir azərbaycanlının həyəcanlı hisslər keçirdiyi bir tarixdir. Yaxın yaddaşımızda o da var ki, həmin gün - 2021-ci il sentyabrın 27-də Prezident İlham Əliyevin Hərbi vəziyyət elan edən fərmanı xalqa çatdırıldı. Sentyabrın 28-də isə Azərbaycan Respublikasında qismən səfərbərlik haqqında da Prezident sərəncamı elan olundu. "Zəfər fədailəri..."nin ilk səhifələri bu fərman və sərəncamla açılır. Bu fərman və sərəncamdan 44 gün sonra şanlı tariximizə Tanrı hərfləri və şəhid qanı ilə yazılan Qələbə xəbəri dünyanı bürüdü. Bir müddət keçdi və Prezidentin yeni sərəncamı təqdim olundu: Azərbaycan Respubilkasında Zəfər Gününün təsis edilməsi haqqında. 2020-ci il dekabrın 3-də imzalanan bu sərəncam hər il noyabrın 8-nin Azərbaycan Respubilkasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunmasına qərar verir. 

"Zəfər fədailəri..." kitabında Prezidentin bu fərman və sərəncamlarının ilk səhifədə təqdim olunması sadəcə tərtibat məsələsi deyil. Bu üç mühüm sənəd Zəfərə aparan, Zəfəri yaradan və bu böyük Zəfərin əbədiləşməsini təmin edən ard-arda tarixin möhürüdür.

Kitabdakı faktlardan məlum olur ki, təkcə 44 günlük Vətən müharibəsində 65 nəfər yevlaxlı qəhrəmancasına həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişdir. Bu faktların ardınca kitaba 65 şəhid barəsində 65 portret-esse daxil edilmişdir. Məni bir oxucu kimi həm də belə bir sual maraqlandırırdı: görəsən, eyni mövzuda 65 esseni necə qələmə almaq olar ki, onların hər birində müəllifin orijinal üslubu öz keyfiyyətini göstərə bilsin? Mən bu yazıları diqqətlə oxuyuram və ürəyimdən keçən qəribə bir mənzərə yaranır: hər bir şəhid haqqında ərsəyə gələn bu yazılar həmin şəhidin - gənc yaşında Vətəni işğaldan azad etmək kimi müqəddəs bir missiyanı çiyninə almış bu oğulların cəbhəyə qədərki həyatı və döyüş anları, adi həyatdakı arzuları və hərbi səhnədəki arzuları, məktəb illəri və cəbhə günləri, ata-anaya, doğmalarına münasibətləri və qələbə diləkləri, hər birində Tanrıdan gələn insanlıq keyfiyyətləri və vətənimizə təcavüz edən düşmənə nifrət motivləri - bunların hamısı esselərin dayaq nöqtəsi kimi yüksək jurnalist peşəkarlığı ilə qələmə alınmışdır. Esselərin hər birində obrazların hələ məktəb illərindən formalaşan Vətən sevgisi bir qürur hissi yaradırsa, onların bu sevgi yolundakı qəhrəmanlığı, yağı düşməndən intiqam anları oxucunun özünü də vətənsevərlik istiqamətinə yönəldirsə, onların şəhidlik anı ilə bağlı səhnələri içimizi yandıran qərib duyğularla da bu qədər gənc yaşında həyata vida deyən oğullarımıza görə ağır bir narahatlıq hissi keçiririk. Lakin bu gənc oğulların atalarının, analarının, gözü yollara dikilən sevgililərinin-həyat yoldaşlarının, övladlarının hər birinin dilindən səslənən "Vətən sağ olsun!" nidası qəlbimizə sərin su səpir və təsəlli yerimiz olur. Şəhid Fərid Abışovun anası Gülşən xanım oğlunun döyüşdüyü uca dağlar qoynundan ona son zəngini xatırlayır: "Axırıncı dəfə saat 5-də zəng vurmuşdu. Deyirdi ki, çıxacağıq yuxarı, ora zəng çatmasa, narahat olmayın. Elə axırıncı zəngi olub bu zəng. Bilirmiş ki, onun ucaldığı zirvəyə zəng çatmayacaq". Bu duyğulu və ağır xatirələr bütün şəhid ata və analarının dilində, qəlbindədir. 

Maraqlı orasıdır ki, şəhid doğmalarının, xüsusilə şəhid analarının hər birinin nitqində aydın bir üslub, aydın bir danışıq tərzi var. Bu anaların övlad ağrısı nə qədər ağır və qəhərli olsa da, onların bütün söhbətlərinin sonunda qəhrəman övladları ilə qürur duyduqlarının şahidi oluruq. Bu valideynlərin övladları ilə bağlı xatirələri belə bir qənaətə gəlməyə əsas verir ki, şəhid oğullarımız, qələbəni təmin etmiş cavanlarımız içindəki Vətən sevgisini doğulduqları, boya-başa çatdıqları ocaqdan almışlar.

Esselər xalqımızın qəhrəmanlıq şücaətini ulu tariximizin bizə miras qoyduğu vətənpərvərlik, el-oba sevgisi ilə bağlayır. Şəhid Faiq Adıgözəlovun qəhrəmanlıq salnaməsinə həsr olunan "Suqovuşanda əbədiyyətə qovuşan ömür" sərlövhəli essedə bu keyfiyyət daha aydın görünür: Essenin əsas məzmununda "atalarımızın, analarımızın, babalarımızın bizə miras qoyub getdiyi milli əmanətləri qorumaq" missiyası dayanır və essenin şəhid obrazı bu əmanətlərin düşməndən xilası üçün canını verməyə əvvəlcədən hazır olduğunu bildirmişdir.

Esselərin kontekstə uyğun çox maraqlı sərlövhələri var: "Atanın döyüşdüyü yüksəklikdə oğlu qəhrəmanlıqla şəhid oldu". İlk baxışda informasiya - xəbər təsiri bağışlayır. Lakin mətnin özü mükəmməl bir hekayə misalıdır.  "Suqovuşanda əbədiyyətə qovuşan ömür" - məncə, sənətkarlıq keyfiyyətinin izahına ehtiyac qalmır. Beləcə, "Bir ananın övladıykən bir millətin qüruru oldu", "Cəsur qazinin şəhid övladı", "Hər azan səsində məni xatırlayarsan", "Doğum günü həm də şəhidlik günü oldu", "Qaytarılan torpaqlardan qayıtmayan oğullar", "Qönçə ömürlərə uzanan xain əllər", "Vətənin daş yollarına baş qoyan Kamran", "Oğullar geriyə dönmürlər - Ali Baş Komandan, "İrəli!" deyib", "Biz bu torpağın çörəyini də yeyirik, qurğuşununu da", "Əbədi dostlar - beşikdən məzara", "Ən uzun gecənin sabahı", "Nişan üzüyü bitməyəcək sevginin rəmzi oldu" və s. Bu sərlövhələrin hər biri özündə qəhrəman şəhidlərimizin həyatını daşıyır. Yevlax şəhidləri "Zəfər fədailəri" kitabının mündəricatı, məzmunudur. Lakin buradakı essələrin hər biri elə ürəklə, elə qürur və duyğularla qələmə alınıb ki, onların hər biri Vətən uğrunda can qoymuş bütün Azərbaycan şəhidlərinin ümumiləşdirilmiş obrazları kimi qəlbimizə hopur.

Kitabda toplanmış 65 essenin hamısı Yevlaxda nəşr olunan "Kür" qəzetinin redaktoru, jurnalistikamızda öz dəsti-xətti olan Əməkdar jurnalist Əminə xanım Yusifqızına məxsusdur. Əminə xanım Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 

Kitabdakı esselərə imza qoyulmamasının rəmzi mənası var: Şəhidlərə xidmət bir vətəndaşlıq borcudur və bu xidmət sahibi öz ünvanından imtina da edə bilər. Ancaq xüsusi qeyd edim ki, Əminə xanımın bu qiymətli esselərinin hamısı həm "Kür" qəzetində, həm də respublika mediasının müxtəlif aparıcı orqanlarında müntəzəm dərc olunub. Xüsusilə mən onların çoxunu "Olaylar" qəzetində və qəzetin saytında oxumuşam. Kitabın dörd nəfərlik redaksiya heyəti var: Əminə Yusifqızı, Ramiz Həmidov, Vaqif Əliyev və Natiq Cəfərov.

"Zəfər fədailəri. Yevlax şəhidləri" kitabı Bakıda fəaliyyət göstərən "Tuna" QSC nəşriyyatında nəşr edilib. Bunu ona görə xüsusi qeyd edirəm ki, kitab poliqrafiyanın ən maraqlı, uğurlu nümunələrindən biri kimi də maraq kəsb edir. Kitabın ilk və son səhifələrində haqqında bəhs olunan 65 şəhidin rəngli portreti yer alıb. Kitabdakı digər illüstrativ materiallar da poliqrafik yeniliklərin uğurundan xəbər verir. Esselərin - mətnlərin tərtibatında da yeni keyfiyyətlər mövcuddur: hər mətnin sərlövhəsinin altında essenin əsas tematik istiqamətini sərgiləyən sətirlər verilir, sonda isə şəhidin Prezident tərəfindən təltif edildiyi mükafatlar göstərilir. Kitabın müxtəlif səhifələrində Yevlax camaatının öz şəhidlərini necə qarşılaması, onları Vətən torpağında necə dəfn etmələri, ağsaqalların dəfn mərasimindəki duaları, şəhid doğmalarının kədər və qürur dolu baxışları və bu kimi digər məqamlar təqdim olunan illüstrativ materialların əsas məzmununu təşkil edir. Bütün bunlar kitabı nəşr etmiş Yevlax Şəhər İcra Hakimiyyəti və onun başçısı Anar Tağıyevin şəhid mövzusuna - bu müqəddəs anlayışa xüsusi diqqətinin məhsuludur. Yevlax Şəhər İcra Hakimiyyətinin yevlaxlı şəhidlərlə bağlı bu təşəbbüsü çox qiymətlidir və məncə, bu təşəbbüs bir təcrübə kimi bütün rayonlarımızda tətbiq olunmağa layiqdir.