Məşhur Amerika yazıçısı Reyd Breyberi də bu ordeni alır, mən də"
Şahbaz Xuduoğlu: "Fransa dünya mədəniyyətinə, o cümlədən ədəbiyyatına daha çox töhfələr verib, nəinki siyasətinə. Siyasət isə bizlik deyil"
Bu günlərdə tanınmış naşir, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Fransanın Ədəbiyyat və İncəsənət üzrə ordeninə layiq görüldü. Bu münasibətlə o, Fransanın ölkəmizdəki səfiri Zakari Qrossla görüşdü. Naşirin feysbuk hesabında paylaşdığı postlardan belə məlum olur ki, görüş maraqlı keçib. Lakin Şahbaz Xuduoğlunun məhz Fransanın ordeni ilə təltif olunması cəmiyyətdə birmənalı qarşılanmadı. Bəziləri bunu siyasiləşdirdilər. Arqument isə hər birimizə məlumdur: Parisin Qarabağ məsələsində sərgilədiyi mövqe.
Müzakirələr indiyədək də davam etməkdədir. Bəziləri “Ədəbiyyat hara, siyasət hara?!” deyərək naşirə daha böyük uğurlar arzulayır, bəziləri isə onu tənqid edir. Biz də “Şərq” qəzeti olaraq Şahbaz bəyin özü ilə söhbətləşib, iddialara münasibətini öyrəndik.
- Fransanın Ədəbiyyat və İncəsənət üzrə ordeninə layiq görülməyiniz barədə nə deyə bilərsiniz? Necə duyğudur?
- Təsəvvür edin, həmişəki kimi işə gedirsiniz və çox keçmədən sizə zərf gəlir. Məlum olur ki, mükafata layiq görülmüsünüz. Əlbəttə, çox xoş duyğudur. Araşdırdım və sevimli müəlliflərimin də bu ordenə layiq görüldüklərini öyrənəndə daha da sevindim. Məşhur Amerika yazıçısı Reyd Breyberi də bu ordeni alır, Şahbaz Xuduoğlu da...Bu, çox şərəflidir.
- Nəzərə alsaq ki, Fransanın Azərbaycana münasibəti heç vaxt birmənalı olmayıb, bunu ikiqat uğur hesab etmək olarmı?
- Fikrimcə, biz, yəni mədəniyyət adamları Fransaya başqa gözlə baxmalıyıq. Rus klassiklərinin, həmçinin dahi ədibimiz Mirzə Fətəli Axundovun gözü ilə... Çünki onların hər biri Fransa ədəbiyyatından bəhrələnib, ilhamlanıblar. Ümumiyyətlə, Fransa dünya mədəniyyətinə, o cümlədən ədəbiyyatına daha çox töhfələr verib, nəinki siyasətinə. Siyasət isə bizlik deyil. Qoy, bununla siyasətçilər məşğul olsunlar. Ancaq dediyim kimi, Fransanın dünya mədəniyyətinə qatqıları danılmazdır.
- Fransa səfiri indiyədək Şuşada olmayıb. Bundan sonra ordenin sizə Şuşada təqdim olunacağına inanmaq olar?
- İlk növbədə onu deyim ki, fikrimcə, Fransa ilə münasibətlərimiz situativ xarakter daşıyır. Doğrudur, orada erməni lobbisi çox güclüdür. Fransanın “erməni genosidini” tanıması da bununla bağlıdır. Amma bizim hərbi əməkdaşlığımız da var. Azərbaycanın hərbi sənayesində Fransa ilə əlaqədər müstəsna əhəmiyyət kəsb edir. Yəni ermənilər iki dövlət arasındakı münasibətlərə köklü təsir edə bilmirlər. Bunu sadəcə bacarmırlar. İkinci bir tərəfdən, inanıram ki, israr etsəm, tədbirin Şuşada keçirilməsi mümkün olar. Ancaq səmimi deyim, mən bu mərasimin Yardımlının ucqar kəndlərindən birində baş tutmasını daha çox istəyirəm. Çünki Şuşa onsuz da mədəniyyət paytaxtımızdır. Gələcəkdə inkişaf edəcək, çox böyük tədbirlərə ev sahibliyi edəcək. Lakin elə kəndlərimiz var ki, orada həyat, az qala, dayanıb. Həmin yerlərin sakinləri arasında ədəbiyyatı təbliğ etmək lazımdır. Onlar bilməlidirlər ki, gələcəyə baxmaq, oxumaq, nikbin olmaq lazımdır.
- Sizdən əvvəl başqa adamlar Fransanın müxtəlif mükafatlarına layiq görüləndə həmin mükafatlardan imtina etmək barədə çağırışlar olurdu. Sizin bu məsələyə münasibətiniz necədir?
- Belə hallar daha çox siyasi motivli olur. Mükafatın təqdimatı zamanı mənim hansı mövqedə olacağımı indidən söyləmək çətindir. Fəqət dediyim kimi, xüsusilə peşə fəaliyyətimin bəhrəsi olduğuna görə sözügedən orden mənim üçün çox əzizdir. Və ondan imtina etmək barədə düşünmürəm.
- Hazırda ölkəmizdə Fransa ədəbiyyatına maraq hansı səviyyədədir?
- Azərbaycanda Fransa ədəbiyyatına maraq həmişə çox olub. Düşünün ki, klassik rus ədəbiyyatı necə oxunursa, fransız ədəbiyyatı da o qədər oxunur. Həmçinin müasir fransız yazıçılarına maraq kifayət qədər böyükdür. Məsələn, Mark Levinin əsərləri ən çox satılan kitablar arasındadır. Biz indiyədək 100-dən çox fransız ədəbiyyatı nümunəsi nəşr etmişik ki, bu da kifayət qədər ciddi rəqəmdir. Səfirlə görüşəndə bu il on yeddi kitabın yayım hüququnun bizə verildiyini öyrəndim. Görünür, ədəbiyyat adamısansa, istər-istəməz fransız müəllifləri diqqətində olmalıdır.
- Gələcəkdə "Qanun" nəşriyyatı ilə fransalı müəlliflər, naşirlər arasında əməkdaşlıq barədə planlarınız nələrdir?
- “Geopolitikaya giriş” əsərinin müəllifi, tanınmış alim Filip Moro Deferj, “Bakıda son günlər” əsərinin müəllifi Olivye Rolən və başqaları müxtəlif vaxtlarda ölkəmizdə olublar. Bizim çox yaxşı münasibətlərimiz var. Həmçinin nəşriyyatlarla da əlaqələrimiz yüksək səviyyədədir. Təkcə klassik yox, müasir ədəbiyyat nümunələri ilə də maraqlanırıq. Ola bilməz ki, hansısa “parlayan” əsər bizim gözümüzdən yayınsın. Planlarımız çoxdur. Ancaq gərək imkanlarımız da arzularımıza mütənasib olsun.
Düşünürəm ki, ilk növbədə ölkəmizdə kitaba münasibət dəyişməlidir. Bu, daha çox ədəbiyyatı Azərbaycana cəlb etməkdən ötrü ilkin şərtdir.