Yazarlar kitab mağazalarını “topa tutdular”: “2 saatlıq tədbirə 600 manat...”



Ulucay Akif:“İmza günləri, kitab təqdimatları ilə bağlı müəlliflərdən yüksək məbləğdə pul tələb edirlər”

Tural Turan: “Bu problemi AYB və Mədəniyyət Nazirliyi və digər aidiyyəti qurumlar həll etməlidir”

Kəramət Böyükçöl:“Ona görə də kitablarımı parklarda satıram” 


Yazıçı, jurnalist, kulis.az-ın baş redaktoru Ulucay Akif “Facebook”da kitab mağazalarını sərt tənqid edib.O bildirib ki, bu mağazalar imza günləri, kitab təqdimatları ilə bağlı müəlliflərdən yüksək məbləğdə pul tələb edirlər:

“Libraff mağazasında kitab təqdimatı etmək istəyən yazıçı gərək hər saat üçün mağazaya 200 manat (həftəsonu isə hətta 300 manat) pul ödəsin. Digər kitab mağazalarında da qiymətlər təxminən eynidir. Yəni təqdimat və imza günlərinin minimum 2 saat olduğunu nəzərə alsaq, gərək müəllif kitab mağazasına 400-600 manat məbləğində pul ödəsin. Bu məbləğ yazıçılarda, xüsusən də gənc yazarlarda nə gəzir?”.

Baş redaktor eyni zamanda  belə kitab mağazalarının  kitabın satışından gələn gəlirin 40 faizini də yazıçıdan tələb etmələrinin vicdansızlıq olduğunu söyləyib.

Məsələnin aktuallığını nəzərə alıb, digər yazarların da bu barədə fikirlərini öyrəndik. 

Prezident  təqaüdçüsü, şair Tural Turan özünün məhz bu kimi səbəblərdən üç ildir ki, kitab çıxara bilmədiyini qeyd edib:

 “Məncə, bu problemi Azərbaycan Yazçılar Birliyi(AYB) , Mədəniyyət Nazirliyi və digər aidiyyəti qurumlar həll etməlidir. Bizim teatrların, Bakıda və rayonlarda olan mədəniyyət mərkəzlərinin yaxşı potensialı var. Məncə, kitab təqdimatları eləcə də imza günləri orda keçirilə bilər. AYB deyə bilər ki, bu kimi tədbirlərin keçirilməsi üçün mənim teatrlarla müqavilə bağlamağa məvacibim yoxdur. Prezident AYB -yə səhv etmirəmsə, təxminən bir aylıq 2 milyon 300min manat məvacib ayırır. O zaman bunun hesabatını versinlər. Belə bir hesabat ortada yoxdur”. 
Prezident təqaüdçüsü  bu işlərin təklif əsasında qurulduğunu və müsbət təkliflərə dövlət tərəfindən də pozitiv cavablar verildiyini vurğulayıb: 

“Yazıçılar, şairlər belə bir situasiyada həmrəylik nümayiş etdirməlidir.Hazırkı durumdan ən çox zərər çəkən ədəbi mühitin gənc nümayəndələridir. Gənc yazıçılarda, şairlərdə bu məbləğ yoxdur. Mütləq şəkildə hazırkı haldan narazı olan hər kəs bu məsələyə münasibət bildirməlidir”.

 Yazıçı Kəramət Böyükçöl isə kitab mağazalarının sərgilədiyi bu “performasına” görə kitablarını parklarda satdığını deyib:

“Dəfələrlə mağazalardan təklif gəlsə də, qəbul etməmişəm. Bu da mənim prinsipimdir. Ölkəmizdə kitab almaq və satmaq mədəniyyəti hələ də formalaşmayıb. Bizim bununla bağlı təcrübəmiz yoxdur. Tutaq ki, mən 10 manat dəyərində olan kitabımı mağazada satışa qoymuşam. Mağaza onun satışından ən yuxarısı 10 faiz yəni 1 manat götürə bilər. Hazırda isə belə deyil”.

K.Böyükçöl ölkəmizdə elə də yüksək tirajlı yazıçıların olmadığından, təqdimatların keçirildiyi məkan sahiblərinin onlardan bunun qarşılığında yüksək məbləğ tələb etmək haqqının olmadığını diqqətə çatdırıb:

“Təqdimatlara gələnlərin əksəriyyəti elə yazıçıların dost-tanışı olur. Tutaq ki, tanınmayan bir yazıçı ilk addımlarını atır, gedib kitab çıxarır. Ona bu məqamda dəstək vermək lazımdır, nəinki yüksək məbləğdə pullar tələb etmək. Sən Çingiz Abdullayevin imza günündən ondan aldığın məkan haqqını yenicə fəaliyyətə başlamış gənc yazıçıdan tələb edə bilməzsən! Belə məqamda güzəştli davranmaq lazımdır. Kitab satışına dəstək məqsədilə bütün bu problemlər aradan qaldırılmalıdır”.