ZAMƏDDİN HƏMİŞƏYEV -75: BƏHƏRLİ ÖMÜR


İnsana arxadır onun kamalı,
Ağıldır insanın dövləti, malı.
Nizami Gəncəvi

Uşaqlıq illərimi xatırlayıram. Kənd məktəbində oxuduğum illər göz önünə gəlir. “Ana dili” dərsliyində bir neçə rəngli şəkil vardı. Daim diqqətimi çəkərdi. Romantik xəyallara dalar, xəyal qanadlarında o füsunkar yerləri gəzərdim. O gözəl mənzərələr hərdən yuxuma da gələrdi...

Bu şəkillərdən biri əfsanəvi dəniz şəhəri - “Neft Daşları” idi. On illiklər ötdü, 1992-ci ilin əvvəlində, bu möcüzələr adasına gəldim. Çoxtirajlı “Neft Daşları” qəzetinin müxbiri kimi, gecə-gündüz əmək növbəsində fədakarlıq göstərən qəhrəman dəniz neftçilərinin işindən yazmalı oldum. Hər gün yeni görüşlər, yeni simalar, yeni şəxsiyyətlər...Görüşlərin birində Zaməddin Ziyad oğlu Həmişəyevlə.., tanışlıq mənim üçün əsil tapıntı oldu. Bu gülərüz, xoşsima insan səmimiliyi ilə yanaşı, həm “dəniz şəhəri”nin qurucularından biri, həm də canlı ensiklopediya, gözəl qələm əhli idi. İstiqanlı, ünsiyyətli, söhbətcil müsahibimlə ilkin qiyabi tanışlığım isə 1967-ci ilin payızında ilk nömrəsi işıq üzü görmüş “Neft Daşları” qəzetinin səhifələrindən başlamışdı. “Neft Daşları” qəzetinin elə bir nömrəsi yox idi ki, Zaməddin Həmişəyevin imzası olmasın. Xəbər, reportaj, oçerk, korrespondensiya və s. janrlarda maraqlı yazılarla oxucuların rəğbətini qazanan müəllif, qəzetin aparıcı yazarlarından biri kimi, istehsalat sahəsində uğurlardan bəhs etməklə bərabər, nöqsanlara qarşı da mübariz mövqe tuturdu. Mətbuat səhifəsinə çıxarılan o sərt, obyektiv, qərəzsiz yazılardan sonra nöqsanlar aradan qaldırılırdı.

“Neft Daşları” 1965-ci ildən onun üçün sadə çilingər, usta, iş icraçısı, təchizat anbarının müdiri, uzun illər ixtisaslaşmış tikinti-quraşdırma idarəsinin həmkarlar təşkilatının rəhbəri kimi istehsalatda necə təcrübə məktəbi oldusa, çoxtirajlı “Neft Daşları” qəzeti də ona yaradıcılıq məktəbi kimi gələcək bədii-ədəbi fəaliyyətinə “yaşıl işıq” yandırdı. Hər iki məktəb onu öz zəhməti sayəsində ucaltdı, əmək adamları, sadə insanlarla, rəhbər şəxsiyyətlərlə canlı təmas onun üçün böyük yaradıcılıq məktəbi oldu. Mənim bu fikrimdə qətiyyən mübaliğə yoxdur. 60-90-cı illəri “Neft Daşları”nın intibah dövrü adlandırsam, zərrə qədər yanılmaram. Zaməddin Ziyadoğlunun taleyindən keçən nəhəng istehsalat təşkilatçıları, dövlət mükafatı laureatları Mübarək Məmmədov, Əhməd Zeynalov, Xanoğlan Bayramov, Namiq Əfəndiyev, Rakif Həsənov, Bəhmən Hacıyev, Ələkbər Süleymanov, Qurban Abbasov, Səyyad İbrahimov, İdris Rzabəyov, Fərhad Həmzəyev, Bayram Bayramov, Şahin İsmayılov, Vaqif Hüseynov və başqaları nəinki Azərbaycanda, keçmiş ittifaqda da söz-nüfuz sahibləri idilər. Belə örnəklər, eləcə də “Neft Daşları” qəzetinin Sabir Rzayev, Aydın Kərimov, Aslan Kəmərli, OleqGinzburq, Eynulla Umud kimi redaktorlarının bu zəhmətkeş və yaradıcı insanın şəxsiyyət və ziyalı kimi yetişməyində əvəzsiz və müstəsna rolu olmuşdur. Nəticə göz önündədir.
Bu günlərdə ömrünün 75 illik yubileyini qeyd edən yubilyar qəhrəmanımızın keşməkeşlərlə dolu, lakin şərəfli və ləyaqətli həyat yolu, öz fəhmi-fərasəti ilə qazandığı uğurları ilə öyünməyə, bəhərli ömür yaşadığına görə qürur hissi keçirməyə mənəvi haqqı vardır. 17 kitabı çap olunmuş, “Vışka” qəzeti nəzdində “Neftçi” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü kimi bu gün də aktiv bədii-ədəbi yaradıcılıqla məşğul olur, “Qızıl qələm”, “Səməd Vurğun” və “Əliağa Şıxlinski” mükafatları laureatı adını qazanmışdır. Onlarla insanın həm istehsalatda, həm də yaradıcılıq yolunda əsil xeyirxahı, yaxın məsləhətçisi olmuşdur. 2001-ci ilin oktyabrından Yeni Azərbaycan Partiyasının üzvü, YAP Ə.C. Əmirov adına NQÇİ-nin ərazi ilk təşkilatının sədri, YAP Qaradağ rayon təşkilatı Şurasının və İdarə Heyətinin üzvü kimi fəaliyyəti bu gün də onun nə qədər tükənməz enerjiyə sahib olmasından xəbər verir. Həm şair, həm dramaturq kimi şöhrət qazanmış Zaməddin Ziyadoğlunun məşhur “Həncərisən” şeirinə ədəbiyyat aləmində tanınmış 60 şair tərəfindən nəzirə yazılmış, “Vurğuna vurğun” gəlin mono-tamaşası xalq artisti LətifəCahandarqızının baş qəhrəmanlığı, məşhur televiziya,teatrkinorejissoru Rövşən Almuradlının quruluşunda möhtəşəm səhnə həllini tapmışdır. Mətbuatda bu barədə bəhs edilmişdir. Zaməddin müəllimin keçdiyi həyat yolu, yaşanmış zəngin, mənalı, ibrətamiz bir ömrün tərcümanı, aydın inikasıdır. Əqidə və məslək adamı olan vətəndaş-şairin seirlərindəki vətənsevərlik, tərbiyəvilik, didaktika, etnoqrafiklik, folklordan, xalq yaradıcılığı çeşməsindən ustalıqla bəhrələnmək bacarığı diqqəti cəlb edir. Onun şeirlərinin səmimiyyəti və ahəngdarlığı insanı valeh edir. Odur ki, məşhur bəstəkar, xalq artisti Elza İbrahimova onun sözlərinə 2001-ci ildə “Neftçilər himni” musiqisini bəstələmiş, el aşıqlarının əksəriyyəti onun şeirlərini saz havaları üstündə məclislərdə daim səsləndirmişlər. Xəlqilik onun şeirlərinin ana xəttidir. Hər bir mövzuya müraciətində, fərqinə varmaz, istər təbiət, istər cəmiyyət, istər insani gözəlliklər olsun, o son dərəcə səmimidir və buna görə də oxucu tərəfindən qəbul edilir – bu aksiomdur. Ona görə də fikrimə yekun vurub onun ictimai xadim kimi, el ağsaqqalı olaraq fəaliyyətinə keçid etmək istəyirəm.
Yuxarıda qeyd etmişdim ki, o çox böyük idarəetmə məktəbi keçmişdir. Bu həm böyük insanlıq və xeyirxahlıq məktəbinin nümunəsi idi ki, Zaməddin Həmişəyev də bu məktəblərin ləyaqətli varisi olaraq parlaq təşkilatçılıq bacarığını Respublika Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə müstəqillik yolunda, kövrək addımlarımızı atdığımız dövrdə özünü bariz şəkildə nümayiş etdirdi. Ondan əvvəl bu vəzifədə əmək qəhrəmanı İsrafil Hüseynov, daha sonra Ələkbər Səfərov kimi tanınmış şəxsiyyətlər çalışmışdılar. Bu şəxsiyyətlərdən sonra sahə həmkarlar təşkilatına rəhbərlik etmək həm böyük şərəf, həm də yüksək məsuliyyət idi. Amma o, bunun da öhdəsindən layiqincə gəldi. Təşkilatı Respublikada, onun hüdudlarından kənarda ləyaqətlə təmsil etdi. Komitə sədri kimi, tez-tez əmək kollektivlərində oldu, istər quruda, istərsə də çətin dəniz iqlimi şəraitində çalışan neftçilərin maddi və mənəvi ehtiyaclarını öyrəndi, sosial-məişət problemlərini yoluna qoymağa çalışdı. İş otağının işıqları gecədən keçənədək sönmədi, kabinetinin qapısı əməkçilərin, xüsusilə də dəniz neftçilərinin üzünə daim açıq oldu. Köhnə iş yoldaşlarını heç zaman unutmadı, onlarla əlaqəsini kəsmədi. Onun sadəliyi və təvazökarlığı rəhbər nüfuzunu artırdı, sözü hər yerdə keçərli oldu. İstər sadə neftçilər, istərsə də rəhbərlik səviyyəsində irəli sürdüyü təkliflər rəğbətlə qarşılandı. O dövrdə Zaməddin müəllimin bir ayağı arxa cəbhədə, bir ayağı ön cəbhədə idi. Qaçqın soydaşlarımıza, cəbhədə döyüşən əsgərlərimizə yardımlar aparılmasının təşəbbüsçüsü və təşkilatçısı olaraq onun gəlişinə sərhəd bölgələrində artıq alışmışdılar. Çətin idi, çox çətin, amma bu taleyüklü məsələdə Vətən təəssübü çəkən vətəndaş-ziyalının vəzifə və mənəvi borcuna məsuliyyətdən irəli gəlirdi. Harada işləməyindən asılı olmayaraq, bu yüksək məsuliyyət hissi heç vaxt onu tərk etməyib. Sonralar,Ə.Əmirov adına NQÇİ-nin rəis müavini kimi,ekologiya sahəsinə məsul olanda, Bibiheybət NQÇİ-nin ekoloji sahəsinə cavabdehlik daşıyanda da, YAP Qaradağ rayon təşkilatında sədrin müşaviri vəzifəsində çalışanda da həmişə dövlətçilik mövqeyində olan Zaməddin müəllimin səmərəli fəaliyyətinin qiymətinin güzgüsü dövlət başçısı İlham Əliyev cənabları tərəfindən təltif olunduğu “Tərəqqi” medalı, ölkənin müxtəlif əmək və veteranı təşkilatı tərəfindən layiq görüldüyü fəxri fərman və diplomlardır.
İstehsalat, rəhbərlik, yaradıcılıq, ictimai fəallıq, təşkilatçılıq...Bax budur onun xarakterik xüsusiyyətləri. Üstəlik vətəndaş-ziyalı mövqeyindəki prinsipiallığı, el ağsaqqalı, sağlam həyat tərzi, ailə qayğıları. Bütün bu çoxşaxəli, çoxcəhətli istiqamətlərdə ürəyinin od-alovunu dövlətimiz və xalqımız yolunda əsirgəməyən hacı Zaməddin Həmişəyev müqəddəs Məkkə ziyarətində də ölkəmizə və Vətənimizə əmin-amanlıq dualarını etmiş və bu gün də namaz qılarkən dualarını etməkdə davam edir.

Təbliğat və təşviqat işlərində zəngin təcrübə toplamış Zaməddin müəllimin yorulmadan çalışdığı Qazax Xeyriyyə Cəmiyyətindəki fəaliyyəti də təqdirəlayiqdir. Heç təsadüfən deyil ki, el ağsaqqalı olaraq bir vaxt pərvazlandığı Qazax rayonun ictimai-mədəni həyatındakı fəallığına, o cümlədən cəmiyyətin saysız-hesabsız tədbirlərində fəal iştirakına görə o, dəfələrlə Fəxri Fərmanlara, təşəkkürnamələrə layiq görülmüşdür. Pandemiya dövrünə baxmayaraq tez-tez el-obasına yollanır, eloğlularının, elqızılarının xeyir-şər məclislərində yaxından iştirak edir, Müqəddəs Ramazan, Qurban bayramlarında Qazax Xeyriyyə Cəmiyyətinin xətti ilə təşkil edilən xeyriyyəçilik tədbirlərində yaşının ahıl çağlarında olduğunu unudur. Bax belə bir geniş ürək sahibidir.
Zaməddin müəllim həm də bütöv və dürüst insandır. Doğulub boya-başa çatdığı Xanlıqlar kəndində öz alnının təri, əlinin zəhməti və halal qazancı ilə gözəl bir ev ucaltmış Zaməddin müəllim tez-tez doğma kəndlərinə gəlməsinin bir səbəbi torpağa, yurda bağlılığıdırsa, bir səbəbi də dünyadan vaxtsız köçmüş ciyərparəsi Cavidin məzarını əziz xatirəsini, müqəddəs ruhunu ziyarət etmək istəyidir. O Cavidin ki, dünya kardiologiya elminə kəşf və ixtiraları ilə böyük töhfələr vermiş, cavan yaşında ikən özünə xalq sevgisindən möhtəşəm abidə ucaltmışdı. Bu fitri istedad sahibinin, kardioloq-alimin artan şöhrəti müxənnətlərin gözünə ox kimi batırdı və çox təəssüf ki, amansızlıqla qətlə yetirildi. Bu qaragüruhun Azərbaycan və dünya səhiyyəsinə arxadan vurulan xəncəri, bəşəriyyətə edilən xəyanəti idi. Onun hüzr məclisindəki insan axını, axıdılan göz yaşları, ah-nalə və fəryad isə garagüruha tuşlanan nifrəti ifadə edirdi. Zaməddin müəllimin bu ağır dərdə dəyanətlə dayanmasında, təmkinini itirməməsində və təskinlik tapmasında doğma xalqının onun dərdinə şərik olması, ağır günün dostlarının yanında olması idi. Təsəllisi bir də o idi ki, bu gün elmdə, praktik cərrahiyyədə, eləcə də həyatda izi-tozu olmayan bədxahlardan fərqli olaraq, Cavid - öz adının mənası kimi, əbədi və cavan qalacaqdır. Neyləyəsən, Ömər Xəyyam demişkən:

Əcəl ox atdısa qalxanlar heçdir,
Qızıllar, gümüşlər, altunlar heçdir,
                Çalış yaxşılıq et, sən bu dünyada
Yaxşılıq yaxşıdır, qalanlar heçdir.

Bəli, həqiqətən də bu həyatın qanunundur. Bu dünyanı Mərifət, Mədəniyyət, Xeyirxahlıq və Mərhəmət, Saflıq, Yaxşılıq xilas edəcəkdir. 
Həyat kredosu bu mənəvi keyfiyyətlər olan və ömrünün 75-ci baharını yaşayan, müdriklik səlahiyyəti qazanmış, neft inşaatı ustadlarından olan Zaməddin Ziyadoğlunun dənizdə ağarmış bəyaz saçları coşan Xəzərin dalğalarının nişanəsinə bənzəyirsə, başı dumandan, çiskindən əskik olmayan uca, qəlbi dağların zirvəsindəki qarı da xatırladır. Fəqət, “Neft Daşları”nı ürəyinin parası, “Qara Daşlar”ı gözlərinin qarası kimi ilhamla vəsf və tərənnüm edən şairin güclü həyat eşqini duymamaq mümkün deyildir. İstər-istəməz dahi Səməd Vurğunun məşhur misraları yada düşür:
Saç ağardı ancaq ürək,
               Alovludur əvvəlkitək...

Yüz yaşa neftçi, həmkar, şair, böyük insan, dağ vüqarlı, şirin dilli, nurani və pirani
Qardaşım!

Vahid Hacıyev
Yazıçı-jurnalist,  
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.