"4 aydır bizdən qanunsuz 18 faiz ƏDV tutulur"


Şahbaz Xuduoğlu: "Nazirlər Kabineti qərarın icrası ilə bağlı iş görmür"

Hazırda kitab və kağız məhsullarının idxal və satışının Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmasına dair məsələ müzakirə olunur. 
Bu barədə Nazirlər Kabinetindən (NK) məlumat verilib. 
Qeyd edək ki, Nazirlər Kabineti Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə (siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), həmçinin dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı) uyğun olaraq, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), bundan başqa, dərslik komplektlərinin siyahısını təsdiq etməlidir.
"Qanun" Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Prezidentin fərmanına əsasən, bu barədə təlimatın hazırlanması üzrə iş Nazirlər Kabinetinə həvalə olunub: "Amma NK hər hansı bir əmrnaməni hələ yararlı hala gətirməyib. 4 aydır ki, gömrükdən mal gətirərkən, kitab satışı həyata keçirərkən nəşriyyatımızdan 18 faiz ƏDV tutulur. Amma qaydaya görə, belə olmamalıdır. Qanun qəbul olunub ki, kitab, kağız ƏDV-dən azad edilməlidir. Ona görə də məsələ ilə bağlı bu gün saat 12:00-da toplantı keçirməyi nəzərdə tutduq. Medianı da dəvət edirik. Naşirlər, kitabçılar da iştirak edəcəklər. Problemi detallı şəkildə müzakirə etmək istəyirik. Vəziyyətdən çıxmaq üçün optimal yollar axtaracağıq".