Elmar Vəliyevi güllələyənin silahdaşlarına hökm oxundu

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Vüsal Nuriyev, Taleh Göyüşov, Pərviz Musayev, Elmir Ziyadov, Həbib İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA -nın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il azadlıqdan məhrum ediliblər.
Birinci instansiya məhkəməsinin qərarından narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binası qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Cinayəti törədən, 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib.

Araşdırmalar zamanı Gəncə şəhəri İcra Hakimiyyətinin sabiq başçısına sui-qəsd təşkil edən Y.Səfərovun İranda yaşayan Tohid İbrahimbəyli tərəfindən Suriyaya göndərildiyi müəyyən edilib. Mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə E.Vəliyevin öldürülməsinə çağırış edib.
Y. Səfərovla bağlı məlumatın araşdırılması zamanı o da məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib. İstintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.

Qeyd edilən şəxslər iyulun 14-də tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.