"Azərbaycan türkdilli dövlətlərlə əlaqələri daha da gücləndirmək niyyətindədir".
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Türk Şurası türk dünyasının bir araya gəlməsində əhəmiyyətli rol oynamağa davam edəcək: “Təşkilatımız Özbəkistanın bu yaxınlarda üzv olması ilə artıq 5 üzv dövlətdən ibarət oldu. Əminəm ki, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının bugünkü iclası qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinə kömək edəcək, eyni zamanda, əldə olunan nailiyyətləri qiymətləndirməyə və ortaq bir baxışla və birləşmiş güclə mövcud problemlərə necə cavab verəcəyimizi düşünməyə imkan yaradacaq”.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan Türk Şurasının məqsəd və vəzifələrinin həyata keçirilməsində çox vacib rol oynayan, əməkdaşlığın gücləndirildiyi, qlobal risklər və təhdidlərə qarşı səylər və təsirli cavabların verildiyi mühüm, hətta həlledici bir zamanda Türk Şurasının VII Zirvəsinə ev sahibliyi edir: “İnstitusional mexanizmləri gücləndirilmək və yeni əməkdaşlıq modellərini yaratmaq yolumuzda Sammit, regional və qlobal hadisələrə toxunmaq və əməkdaşlığın yeni perspektivlərini araşdırmaq üçün bir fürsətdir”.