"Bu gün MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında Rusiyada işləyən azərbaycanlılarla bağlı səsləndirdiyim fikirlər yerli mediada təhrif edilib".
Bu sözləri Lent.az -a Milli Məclisin Əmək və sosial komitəsinin sədri Hadi Rəcəbli deyib. O bildirib ki, iclasda ölkələrarası qarşılıqlı konvensiyalardan, müqavilələrdən danışıb:
"Bildiyiniz kimi, Rusiyada çalışan vətəndaş orada müvafiq quruma sığorta haqqı ödəyir. Həmin şəxs qeydiyyatdan çıxaraq Azərbaycana gəldikdə, onun Rusiyada ödədiyi sığorta haqqı ölkəmizdə hesablanmır. Ancaq ikitərəfli sazişdə qeyd olunub ki, Rusiyadakı sığorta fondu vətəndaşın ödədiyi vəsaiti Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna köçürsün. Hazırda həmin müqaviləyə yenidən baxılması tövsiyə olunur. Rusiyadan istədiyimiz isə odur ki, azərbaycanlı vətəndaşın ödədiyi sığorta haqqı DSMF-yə köçürülsün".