Millət vəkili Qənirə Paşayevanın dəvətilə Bakıya səfərə gəlmiş özbək ziyalıları ilə, onun başçılıq etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin (ABAİB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) bir qrup fəalı arasında görüş keçirilib.
Görüşdə iki qardaş ölkə və xalq arasında hərtərəfli yaxınlaşmanın güclənməsi üçün ziyalıların, QHT və media qurumlarının üzərinə düşən tarixi missiya haqqında danışılıb. Qənirə Paşayeva və RHİMİB sədri Arzu Bağırova Özbəkistanın tanınmış şair-tərcüməçisi, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, professor-doktor Babaxan Şərif, araşdırmaçı-yazar, türkoloq Şöhrət Barlas və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun iştirakı ilə keçirilmiş silsilə tədbirlərin önəmindən danışıblar.
ABAİB və RHİMİB rəhbərləri özbək ziyalıları ilə görüşdə iki qardaş ölkənin uyğunprofilli QHT-ləri arasında memorondum imzalanmasının, real addımların atılmasının vaxtının çoxdan çatdığını, eləcə də, qardaş şəhərlərin, qardaş bələdiyyələrin artması və əməkdaşlığın intensivləşməsinin günün tələbi olduğunu bildiriblər.
Görüşdə, özbək ziyalıları Azərbaycanlı QHT rəhbərlərinin irəli sürdüyü təklifləri dəstəklədiklərini bildirərək, ortaq nəşrlərin, gərəkli festival və konfransların keçirilməsi üçün əllərindən gələni edəcəklərini söyləyiblər.
Millət vəkili bugünlərdə Özbəkistana səfərini xatırladaraq özbək ziyalıları, ictimai fikrin düzgün qidalandırılması, xüsusilə gənc nəslin qardaşlıq ruhunda tərbiyələndirilməsi baxımından belə səfərlərin çox önəmli olduğunu deyib.
Görüşlərin sonunda Samir Abbasov Xasiyyət Rüstəmə və üç gün ərzində keçirilən silsilə tədbirlərdə xüsusi əməyi olan millət vəkili Qənirə Paşayevaya Azərbaycanın Özbəkistandakı səfirliyinin və rəhbəri olduğu Mədəniyyət Mərkəzinin Fəxri diplomunu təqdim edib.
Qənirə Paşayevanın dəvətilə ölkəmizdə səfərdə olan qardaş Özbəkistanın nümayəndə heyəti Azərbaycan Dövlət Pedoqoji Universitetini ziyarət ediblər, rektor Cəfər Cəfərov və müəllimlərlə görüşüblər. ADPU ilə Özbəkistanda fəaliyyət göstərən Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində və ortaq layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Özbəkistandan gələn qonaqlara ADPU-da yerləşən “Türk Dünyası Mərkəzi”, burada keçirilən tədbirlər, layihələrlə bağlı məlumat verilib.