Türk Şurası daxilində siyasi inteqrasiya güclənir - RƏY

"Azərbaycanın Türk Şurasına sədrliyi dövründə, iqtisadi əlaqələrin inkişafı və Türk dünyasının mədəni irsinin təbliği prioritet sahələr olacaq".

Bu sözləri Sherg.az-a millət vəkili Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, mədəni, sosial və iqtisadi sahələrdə xalqlar və dövlətlər arasında əməkdaşlığın inkişafı, siyasi inteqrasiyanın reallaşması üçün mühüm təməllər hesab edilir:



"Bu çərçivədə, yeni gənc nəsillər arasında kollektiv milli kimlik şüurunun formalaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Qazaxıstan Respublikasının 1-ci prezidenti və Türk Şurasının Fəxri sədri elan edilən Nursultan Nazarbayev ölkə Prezidenti ilə görüşündə, "artıq türkdilli ölkələr sözlərinin nəsə başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazımdır" deməsi milli kimlik məsələsinin bir üst səviyyəyə qalxdığını göstərir.

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edilən Türkdilli dövlətlər arasında əməkdaşlıq, üzv dövlətləri, aid olduqları regionda və dünya siyasi arenasında daha müstəqil oyunçuya çevirir. Regional təhdidlər və yeni çağırışlar fonunda yaxın gələcəkdə təşkilat daxilində siyasi inteqrasiyanın güclənməsi, ölkələrin beynəlxalq münasibətlər sistemində manevr qabiliyyətlərinin artmasına gətirib çıxaracaq".