Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Nazirlər iki ölkənin dövlət başçıları arasında olan qarşılıqlı hörmət və etimadın Azərbaycan-İran münasibətləri üçün həlledici rol oynadığını söyləyiblər. Bu xüsusda, iranlı nazir Azərbaycan tərəfinə qonaqpərvərliyə və Qoşulmama Hərəkatının Zirvə Görüşünü yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürünü bildirib.
Söhbət əsnasında uğurla inkişaf edən regional əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarının geniş perspektivlər açdığı qeyd edilib. Bu mənada bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat dəhlizləri, o cümlədən dəmir yollarının gözəl fürsətlər yaratdığı vurğulanıb.
Görüşün sonunda Nazir Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.