Noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var. Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib.
Həmin gün Prezident Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Dekabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərar çıxarılıb. Sorğuya Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacaq.
Qərarı Sherg.az-a dəyərləndirən millət vəkili Azər Badamov deyib ki, qərar günün tələbidir.
Deputatın sözlərinə görə, bu məsələ hörmətli Prezdentin rəhbərliyi altında ölkəmizdə aparılan və hər bir sferasını əhatə edən geniş islahatlar kursunun ruhuna tam uyğundur:
“Bu islahatlar hakimyyətin idarə formasının hər üç qanadında öz əksini tapmalıdır. İcra hakimiyyətində aparılan struktur və kadr islahatları iqtisadiyyatımıza və ümumən ölkənin inkişafına verdiyi töhfələrin şahidiyik. Məhkəmə – hüquq sistemi də yeni ildən yeni şəkildə bu günün çağırıçlarına uyğun fəaliyyətini davam etdirəcək. Qanunvericilik hakimiyyəti də bu proseslərdən kənarda qala bilməz. Aydın görünür ki, dövlət başçısının başladığı islahatlar dönməz, məqsədyönlüdür. Əsas məram hakimiyyətin bütün qollarını bu prosesə qoşmaq, bütün resurslardan səmərəli istifadə, mövcud potensialı tam realizə etməkdir. Şübhəsiz ki, hakimiyyətin bütün qollarının novatorluğu, yenilikçi təşəbbüskarlığı və şəffaflığı həm idaəretməni sadələşdirə, həm də yeni inkişafa davamlı xarakter qazandıra bilər”.
Parlament üzvü vurğulayıb ki, ölkəmizdə geniş vüsət almış islahatlara adekvat qanunvericilik bazası yarada bilən yeni parlamentin yaradılmasına ehtiyac var:
“Düşünürəm ki, yeni formalaşacaq parlament isalahatçı və daha təşəbbüskar olmaqla islahatlar prosesinə töhfə verməli və bu prosesə qoşulmalıdır. YAP-çı deputatların təşəbbüsünə digər siyasi partiyaları təmsil edən millət vəkillərinin və bitərəflərin qoşulması milli və dövlət maraqlarının şəxsi maraqlardan üstün olduğunun göstəricisidir. Təşəbbüsümüz cəmiyyət tərəfindən çox yüksək səviyyədə qəbul olunur. Düşünürəm ki, həmkarlarımızla düşncələrimiz birdir, məsələnin geniş müzakirəsinə ehtiyac yoxdur və hər birimizə uğurlar arzulayıram”.