“Azərbaycanda çox böyük islahatlar keçirilir. Bu islahatların müəllifi Azərbaycan Prezidenti cənab İlham Əliyevdir”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, islahatlar Azərbaycanın ictimai-siyasi və mədəni həyatının bütün sferalarını əhatə edir:
“Bilirik ki, idarəetmə orqanlarında və məhkəmə-hüquq sistemində islahatlar həyata keçirilir. Yeni mobil idarəetmə orqanları təsis edilir. Şübhəsiz, belə məqamda qanunvericilik orqanında da yenilənmə məsələsi aktual idi. Çünki Azərbaycanın inkişafı hazırki mərhələdə elə şərtlər yaradıb ki, fəaliyyətindən asılı olmayaraq, bütün strukturlarda mütləq yenilənmə olmalıdır. Bu addım sonrakı inkişafı təmin etmək üçün zəruridir. Növbədənkənar parlament seçkisinə getmək həm də seçicilərin səs verdikləri deputatlara, onların fəaliyyətinə verilən qiymətin göstəricisi olacaq”.
H.Babaoğlunun sözlərinə görə, ümumiyyətlə Azərbaycan siyasi sistemi dinamikdir:
“Bu siyasi sistemin sütunlarından biri Yeni Azərbaycan Partiyasıdır. BDU-nun 100 illiyində partiyamızın sədri, Prezident İlham Əliyev qeyd etdi ki, YAP yaranana qədər ölkədə siyasi sistem yox idi. Həqiqətən də sırf partiyalar kontekstində, çoxpartiyalı sistem kontekstində çox dəqiq ifadədir. YAP yarandığı gündən Azərbaycan cəmiyyətinə yeni ideologiya və dəyərlər verməyi bacarıb. Ona görə də qısa müddət ərzində ümumxalq partiyasına çevrilib. Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinə məhz bu kontekstdən yanaşmaq lazımdır. Qanunverici orqan növbəti mərhələdə inkişafımızı təmin etmək üçün yeni qanunlar hazırlamalı və qəbul etməlidir. Parlament sürətli islahatlarla ayaqlaşmağı bacarmalıdır. O baxımdan parlamentin yenilənməsi ilə bağlı atılan addım tamamilə doğrudur”.
Parlament üzvü vurğulayıb ki, islahatlar prosesində gənclərin aktiv yer alması, idarəetməyə və qanunverici orqanın işinə cəlb olunması dövlət başçısının siyasətinin tərkib hissəsidir:
“Parlament seçkisində YAP-ın gənclərdən ibarət namizədləri olacaq. Bu vacibdir və günümüzün tələbidir. Növbəti seçkidə seçicilər çoxsaylı və layiqli gənc namizədləri görəcəklər. Ölkəmizdə belə gənclər çoxdur”.