12 yaşı tamam olmamış şəxs motosikletə sərnişin kimi mindirilə bilməz - EKSPERT RƏYİ

  • Eldəniz Cəfərov: Mopedlərdə isə ikinci sərnişinin əyləşməsi ümumiyətlə qadağandır, mopedlər yalnız 1 nəfər üçün nəzərdə tutulub

Hüquqşünas Fərhad Mehdiyevin qızı 17 yaşlı Zəhranın motosiklet idarə edərkən faciəli ölümündən sonra bu nəqliyyat vasitəsinə real təhlükə mənbəyi kimi baxılır. Xüsusən də valideynlər motosiklet idarə etməyi hobbiyə çevirən, ondan ayrıla bilməyən övladları üçün qorxuya düşüblər.

Paytaxtın avtomobil yollarının o qədər də əlverişli olmadığı, sürücülərin də yol-hərəkəti qaydalarını lazımi səviyədə bilmədiyi şəraitdə motosiklet sürmək ölümə “dəvət” göndərməkdir. 17 yaşlı qızın faciəsi təzə ikən azyaşlı övladını motoskletin tərkinə alıb magistral yolda şütüyən şəxsə deməyə isə söz qalmır. Məsuliyyətsizliyin bu qədəri ağlasığmazdır. Bu görüntülər sosial şəbəkələrdə yayılıb. Arxadan hərəkət edən avtomobilin sürücüsü tərəfindən görüntüyə alınan videoda motosikletin sürətlə hərəkət etdiyi, ikinci sərnişinin - azyaşlı qızcığazın kaskasız olması da görünür.  

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında bildirdi ki, motosikletlər avtomobillər kimi avtomobil yolunun istənilən hərəkət zolağı ilə hərəkət edə bilər, bu şərtlə ki təhlükəsizlik qaydalarına əməl edilsin: 

- Motosiklet idarə edərkən müəyyən qaydalar var ki onlara əməl olunmalıdır. İlk növbədə moto sürən də, tərkindəki sərnişin də mütləq dəbilqədə olmalıdır. Və bir də 12 yaşı tamam olmamış şəxs motosikletə sərnişin kimi mindirilə bilməz. Əgər istehsalçı tərəfindən motosikletdə ikinci sərnişin üçün oturacaq nəzərdə tutulubsa, sərnişin mindirmək olar. Amma yaş həddi 12-dən yuxarı olmalıdır. Mopedlərdə isə ikinci sərnişinin əyləşməsi ümumiyətlə qadağandır, mopedlər yalnız 1 nəfər üçün nəzərdə tutulub. Bütün hallarda hərəkət iştirakçıları ehtiyatlı olmalı, sürət həddini aşmamalıdırlar. Azyaşlıların motosikletlərin tərkinə mindirilməsi isə real təhlükədir.

P.S. Gözü çıxmış qardaşından, heç olmasa ibrət götürsünlər.