Statistika öyrənilməlidir: Həftə sonları tətbiq edilən xüsusi karantin rejiminin xeyri olubmu?

"Yoluxma sayında azalma baş verməyibsə, deməli, preventiv tədbirlərə əl atmaq nəticəsizdir" 

Səhiyyə Nazirliyinin baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev insanların rayonlara buraxılmasını, Bakıdakı sıxlığı azaltmağı təklif edir. Baş infeksionist bildirib ki, bu, onun subyektiv fikridir:

"Bu haqda düşünmək lazımdır. Hesab edirəm ki, Bakıda əhali azalsa, ictimai nəqliyyatda sıxlıq olmasa yoluxmanın da getdikcə azaldığını görəcəyik. Bu, subyektiv fikrimdir".

C.İsayev bildirib ki, yoluxma və ölüm halları artır, xəstəlik stabil olaraq yüksək rəqəmlərdə qalır.
Baş infeksionist hesab edir ki, diqqətli təhlillər apardıqdan sonra karantin rejiminin sərtləşdirilməsi, yoxsa daha da yumşaldılmasına baxıla bilər:

"Bu səlahiyyət Nazirlər Kabinetindədir və bizim indidən fikir söyləməyimiz yanlış istiqamətlərə apara bilər. Sadəcə, insanlar xəstəliyə məsuliyyətsiz, laqeyd yanaşırlar. Çoxu fikirləşir ki, xəstəlik mənə heç nə edə bilməz. Amma bu virus hava-damcı yolu ilə keçir deyə, yoluxma sürətlə artır. Ona görə maska taxmaq vacibdir. Maska yoluxmanın 70 faiz qarşısını ala bilir".

C.İsayev Azərbaycanda hərbi vəziyyət elan olunmasına ehtiyac görmədiyini deyib və əlavə edib ki, sadəcə, sosial məsafə gözlənməsi, maska taxılması ən yaxşı mübarizə metodlarıdır:

“Ümid edirəm ki, yoluxma sayı ilə bağlı hər gün verilən məlumatlar insanları ayıldacaq, daha məsuliyyətli olmağa vadar edəcək".

C.İsayevin sözlərinə görə, maska taxmağa məcbur etməklə, cərimələməklə nəticə əldə olunmur: "İnsanlar özləri gedişatı görməlidirlər və qaydalara könüllü əməl etməlidirlər. Çünki xəstəni də, ölünü də görürük. İndi gözləyirik ki, gərək əzizlərimiz yoluxsun, onda əməl edək?". 
Paytaxtda sıxlığın azaldılması təklifləri ötən 2 həftə sonu tətbiq olunan xüsusi karantin rejimindən sonra artıb. İş həftəsi başlanan gün paytaxta girişlərdə yaranan kilometrlərlə tıxaclar, polis əməkdaşları ilə yanaşı insanların, sürücülərin də əziyyət çəkməsi, postlardan keçmək üçün saatlarla gözləmələri belə fikir formalaşdırıb ki, sərt karantin rejimi yoluxma sayının azalmasına deyil, əksinə çoxalmasına xidmət edir. Yüzlərlə insanın eyni vaxtda sıx toplaşması, saatlarla növbə gözləməsi yoluxma risqini artırır. Ona görə də rayonlara, bölgələrə səfərlərə icazə verilməsi və paytaxtın müəyyən qədər boşaldılması daha yaxşıdır.

İctimai xadim Azər Allahverənov  “Şərq”ə açıqlamasında vəziyyəti şərh etdi: 



- Bütün hallarda mövcud vəziyyət dərindən araşdırılmalıdır. Fikirlər müxtəlifdir. Belə fikirdə olanlar var ki, rayonlara gediş sərbəstliyi verilərsə, bu, bölgələrdə yoluxma sayının artmasına səbəb ola bilər. Başqa mülahizə isə bundan ibarətdir ki, hazırda paytaxtda mövcud olan sıxlıq yoluxma risqini artırır. İnsanlara təbiət qoynuna gedişə icazə verilməlidir, çünki bölgələrdə daha rahat, məsafəli şəkildə dincəlmək imkanları genişdir. Hesab ediərm ki, hər biq qərarın arxasında dərin təhlil dayanmalıdır. Koronavirusa yoluxma statistikası həftə sonları tətbiq edilən xüsusi karantin rejimindən sonra necə dəyişib? Gündəlik məlumatlar açıqlanmalıdır. Yoluxma dinamikası bilinməlidir. Çünki qəbul ediləcək qərarlar bundan asılıdır. Əslində, bundan asılı olmalıdır. Amma əlimizdə bu məlumatlar yoxdir. Sırf Bakı ilə bağlı statistika bilinmir, xüsusi karantin rejimi günlərində yoluxma sayında azalma oldumu? Azalma varsa, deməli, preventiv tədbirlər müsbət nəticə verir və davam etdirilməlidir. Əgər yoluxma sayında azalma baş verməyibsə, deməli, preventiv tədbirlərə əl atmaq nəticəsizdir və artıq lazım deyil. Biz gördük ki, qadağalara baxmayaraq insanlar xüsusi karantin rejimi günlərində evdə oturmaqdansa, bölgələrə axışdılar. Müxtəlif səbəblər və bəhanələrlə.  Hətta nəinki karantin élan olunmuş günlərdə, həftə içi də. Deməli, məhdudiyyətlər elə də sərt deyildi. Və ya məhdudiyyətləri görməzdən gələnlər vardı. Belə vəziyyət yoluxma sayında özünü necə göstərir? Bu sualın cavabı tapılmalıdır və sonrakı qərarlar da buna müvafiq verilməlidir. Biz koronavirusla mübarizə aparırıqsa, bu, konseptual mübarizə olmalıdır; təhlillərə, araşdırmalara, dəqiq statistikaya əsaslanan.