“Hər kəs bundan sonrakı mərhələdə də tələb olunan tövsiyələrə məsuliyyətli yanaşmalı, xüsusən də maskadan istifadə etməlidir”
“Yumşalma müddətində xəstələrin sayı artarsa, onda aidiyyəti qurum karantin qaydalarını sərtləşdirməli olacaq”
Nazirlər Kabineti ölkədə tətbiq edilən karantin rejimi qaydalarına dair yeni qərar qəbul edib. Qərara əsasən, 14 sentyabr saat 06:00-dan etibarən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir. Eyni zamanda
“Binə” Ticarət Mərkəzinin də fəaliyyətini bərpa edəcəyi gözlənilir.
Ticarət mərkəzindəki bütün mağazaların 14 sentyabr tarixindən etibarən açılacağı ehtimal olunur.
Sözügedən yumşalma tədbirləri ilə bağlı "Sherg.az"a açıqlama verən infeksionist Vüqar Cavadzadənin sözlərinə görə, bu yumşalmalar insanlarımızı arxayın salmamalıdır. Hər kəs bundan sonrakı mərhələdə də tələb olunan tövsiyələrə məsuliyyətli yanaşmalı, xüsusən də maskadan istifadə etməlidir:
"Biz artıq sərt karantin rejimindən çıxmışıq. Yumşalmalar tədricən aparılır. Əgər yumşalma müddətində xəstələrin sayı artarsa, onda aidiyyəti qurum karantinin yumşalmasını saxlamalı olacaq. Hər nə qədər yoluxma sayı azalsa da "0" deyil.
Karantin rejiminin yumşadılması o demək deyil ki, xəstəlik tamamilə bitib, yoluxma ola bilməz. Yoluxma ehtimalı yüksəkdir. Buna da səbəbkar yalnız və yalnız insanlardır.
Biz COVİD 19- a qalib gələnə qədər şəxsi gigiyena və sosial izolyasiya qaydalarına əməl etməliyik. Bir həkim olaraq xahiş və tövsiyyə edirəm ki, insanlarımız kütləvi toplantıdan çəkinsinlər və mütləq ara məsafəsi gözləsinlər".