Çoxlu pul xərcləmək lazımdır

Ermənilərin yalançı göz yaşlarını ifşa etməliyik

"44 günlük müharibədən dünya səviyyəsində filmlər çəkməliyik"

Ermənilər 44 günlük müharibədən sonra dünyaya özlərini yenidən məzlum, təzyiqə məruz qalmış xalq kimi qələmə vermək üçün hər cür yalana ələ atırlar. Erməni lobbisi isə bu işdə yenidən fəallığı öz üzərinə götürüb. Britaniyalı rejissorun çəkdiyi “Artsax müharibəsi”ndən bəhs edən və “45 gün: Millət uğrunda mübarizə" adlı  “sənədli filmi” Oskar mükafatına namizəd seçilib

Bu barədə sənədli filmin britaniyalı rejissoru, Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Hessen twitter mikrobloqunda yazıb. Qeyd edib ki, filmi “Ən yaxşı sənədli film” nominasiyasında Oskar mükafatına namizəddir. Britaniyalı rejissor qeyd edib ki, 2020-ci ildə Qarabağ müharibəsi zamanı “artsaxda” işləyib. Guya film “artsax və Azərbaycan arasında son müharibə zamanı insan hekayələrindən bəhs edir”.

 Bu adamın müharibə dövründə separatçıların yanında olması və orada çəkilişlər aparması onu göstərir ki, o, bu cəfəng filmi xaricdəki erməni lobbisinin sifarişi ilə çəkib. 

Göründüyü kimi mənfur ermənilər yenə də öz xislətindən əl çəkmir və bütün təsirli vasitələrdən istifadə edərək haqlı Azərbaycanı haqsız duruma salmaq istəyirlər. Şübhəsiz, müasir dövrdə ən təsirli təbliğat vasitəsi film, kino sahəsi hesab olunur. Ekspertlərin fikrincə, Azərbaycan film sektorunda ermənilərin əlinə fürsət verməməli, Qarabağ savaşından bəhs edən bədii və sənədli filmlər hazırlayaraq xarici auditoriyalara təqdim etməlidir. 

Növbəti erməni yalanları ilə bağlı “Şərq”ə danışan Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib ki, 44 günlük Vətən müharibəsi təkcə yaxın deyil, həm də uzaq tariximizin ən parlaq hadisəsidir. JAM sədri əminliklə bildirib ki, illər keçdikcə bu qələbənin əhəmiyyətini daha dərindən anlayacaq, tariximizin bu səhifəsi ilə qürur duyacağıq: 

“Sözsüz ki, bu cür parlaq qələbə musiqidə, incəsənətdə də öz əksini tapmalı, təbliğ olunmalıdır. Böyük əsər yaratmaq üçün bir il böyük zaman deyil. Mən deməzdim ki, ötən bir ildə müharibə mövzusunda heç nə yazılmadı, çəkilmədi. Xeyli sənədli film çəkildi, şeir, hekayə yazıldı, mahnı bəstələndi. Bəli, “Oskar”a namizəd olan iş ortaya qoymadıq. Amma o da var ki, biz hətta o səviyyədə iş ortaya qoysaydıq, yenə onu “Oskar”a namizəd göstərməyəcəkdilər. Azərbaycanın qələbəsi bəzi qüvvələrin boğazında qalıb, udquna bilmir. Lakin ikili standartlar, qərəzli münasibət bizi hədəflərimizdən yayındırmamalıdır. Biz erməniləri döyüş meydanında məğlub etdiyimiz kimi sənət meydanında da zəfər çalmalıyıq. Dünya səviyyəsində filmlər çəkməliyik. İncəsənət öz sözünü deməlidir. Bu işləri görmək üçün çoxlu pul xərcləmək lazımdır. Lazım gəlsə, xaricdən rejissorlar, aktyorlar dəvət olunmalıdır. Yəni işlər hesabat xarakterli olmamalıdır. Məmurlar heç olmasa bu dəfə ayrılmış vəsaiti qamarlamamalıdır. İncəsənətin köməyi ilə ermənilərin yalançı göz yaşlarını “qurutmalı”, onların qərəzli təbliğatını ifşa etməliyik”.