Əziz Sancar arzusuna qovuşdu, Şuşada namaz qıldı

"Qarabağ zəfəri Türkiyənin Qurtuluş savaşından sonra türk dünyasının ən böyük və ən önəmli zəfəridir"

Nobel mükafatçısının Azərbaycanda olması qürurverici və tarixi hadisədir

Xəbər verdiyimiz kimi dünya şöhrətli alim, ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, dünya şöhrətli alim Əziz Sancar Azərbaycanda səfərdədir. İqtisad Universitetinin İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gələn Əziz Sancar forumdan əlavə bir sıra mühüm görüşlər keçirib, konfranslar təşkil edib. Eyni zamanda gənc tədqiqatçılarla, olimpiada qalibləri və bir qrup şəhid övladları ilə bir araya gəlib. Alimin Qarabağa, Şuşaya səfəri də təşkil olunub. 

Əziz Sancar Prezident İlham Əliyev tərəfindən də qəbul edilib. Tanınmış alim Vətən müharibəsində Qələbə münasibətilə Prezidenti təbrik edib və bu Qələbədən bütün türk dünyasının qürur hissi keçirdiyini deyib. Dövlət başçısı da Vətən müharibəsi zamanı Əziz Sancarın Azərbaycanın haqlı mövqeyini şəxsən dəstəkləməsini və təbrik etməsini yüksək qiymətləndirərək bunun ölkəmizin haqq səsinin dünyada ucaldılması işinə xidmət etdiyini vurğulayıb. Ölkə rəhbəri müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Sancarın yardım etməsini xatırladaraq, bunu böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirib. Əziz Sancarı türk dünyasının önəmli şəxsiyyəti kimi dəyərləndirən Prezident Azərbaycan xalqının ona həm bir alim, həm də vətənpərvər insan kimi böyük hörmət və sevgi bəslədiyini xüsusi olaraq vurğulayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizin beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Sancar “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub. 

Dünən dünya şöhrətli alimin jurnalistlərlə brifinqi də təşkil olunub. Prezidentlə görüşündən bəhs edən Əziz Sancar dövlət başçısı ilə Qarabağ savaşından danışdıqlarını bildirib: 

“ATƏT-in Minsk qrupunun, təxminən, 30 il davam edən ikiüzlü siyasətinə toxunduq. Minsk qrupunun məqsədi o idi ki, Qarabağ ermənilərdə qalsın. Amma plan baş tutmadı və Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Görüşdə dedim ki, türk əsilli aliməm. Türk olmanın önəmli yönü də elm sahəsində güclü olmaqdır. Əgər bilikli olmasaq, xarici qüvvələrin etdiklərinə qarşı çıxmaq gücümüz olmaz və onların istədiklərini etmək məcburiyyətində qalarıq. Bu fikirlərimi cənab Prezident İlham Əliyev də dəstəklədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşümdə də eyni fikirləri söyləyirdim. Vurğulayırdım ki, təməl biliklərə hər şeydən əvvəl üstünlük verilməlidir. Texnologiyaların inkişafı da təməl biliklər əsasında düzgün qurula bilər. Bu da türk dünyasına fayda verməkdən başqa, həm də insanlıq qarşısında borcumuzdur”. 

Əziz Sancar bəyan edib ki, onun üçün Qarabağ zəfəri Türkiyənin Qurtuluş savaşından sonra türk dünyasının ən böyük və ən önəmli zəfəridir:

 “Buna görə böyük sevinc hissi yaşadım və 44 gün müddətində prosesləri izlədim. Şuşa öz tarixinə görə türk dünyasının mədəniyyət mərkəzi kimi qəbul edilir. Özümə əhd etmişdim ki, Şuşa azad olunanda ora gedib, namaz qılacağam. Çox şükür ki, bu arzum gerçəkləşdi”. Alim vurğulayıb ki, elmlə məşğul olmaq istəyən azərbaycanlı tələbələrə inanır və onunla çalışmağa gələnləri qəbul etməyə hazırdır: “Azərbaycan bir çox qida məhsullarını xaricdən idxal edir. Ona görə də bu sahədə təhsil vermək və elm adamları yetişdirmək önəmlidir. Azərbaycanın bu işlər üzərində çalışması lazımdır”. 

Nüfuzlu elm xadiminin Azərbaycana gəlişini və keçirdiyi mühüm görüşləri “Şərq”ə dəyərləndirən türkoloq-alim, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Faiq Ələkbərli deyib ki, Əziz Sancar sadəcə Türkiyənin deyil, bütün türk dünyasının fəxridir. F.Ələkbərlinin sözlərinə görə, Nobel mükafatçısının Azərbaycanda səfərdə olması və önəmli təmasları çox vacibdir: 

“Əziz Sancarın Azərbaycanda mühüm bəyanatlar səsləndirməsi, Şuşaya səfər etməsi dünyada elmlə məşğul olan, həqiqi elmə inanan kəsim üçün olduqca vacib mesajlardır. Azərbaycan və Qarabağ haqqında həqiqətlərin, erməni işğalı ilə bağlı bəyanların Əziz Sancarın dilindən səslənməsi çox-çox önəmlidir. Digər yandan Əziz Sancar kimi alimlərin Azərbaycana gəlişi, gənc tədqiqatçılarla, tələbələrlə çoxsaylı görüşlər keçirməsi ölkəmizdə elmin inkişafına da mühüm töhfə verəcək. 

Məhz Əziz Sancar öz çıxışlarında da dəfələrlə bəyan etdi ki, türk dünyası elmi-texniki sahələrdən, müasir texnologiyalardan geri qalmamalıdır. 

Mən də hesab edirəm ki, türk dövlətləri elm adamlarının mütəmadi səfərlərini təşkil etməli, elmi nailiyyətlər qazanmaq üçün bilik və bacarıqlarını səfərbər etməlidirlər. Hətta ortaq ali məktəblərin yaradılması ideyası da nəhayət reallaşmalıdır. Ümumiyyətlə, Əziz Sancar kimi bir dühanın Azərbaycanda olmasının özü qürurvericidir və tarixi hadisədir.

  Ümid edirəm, bu tarixi səfər Azərbaycan elmindəki durğunluğun aradan qalxmasına vəsilə olacaq”.