Yeni hərbi təşkilata generallar da qoşulacaq, jurnalistlər də Sosial şəbəkədə yeni yaradılan hərbi təşkilatla bağlı status paylaşılıb. Həmin statusda qeyd edilir:
“Hərbi ekspertlər və hərb sahəsində fəaliyyət göstərən yazarlar bir araya gələrək təşkilat yaradıblar. Hələ ki təşkilatın adı açıqlanmır. Lakin təşkilatın gələcək üçün uğur qazanmasına inanmıram. Rahatlıqla deyə bilərəm ki, təşkilat hansısa rüşvətxor generallardan maliyyələşəcək. Yəni paket siyasəti olan yerdə hansısa şəffaflıqdan danışmaq belə sadəlövhlükdür. Çünki Ordu kiçikdir. Kimin hansı məqsədə qulluq etdiyini hər kəs yaxşı bilir. Uzun sözün qısası, çox da ümidlənməyin. Görək hansı biri Orduda tüğyan edən rüşvətxorluqdan, bazardan və ya neqativ hallardan danışacaq. Şəxsən indiyə qədər mən bunun şahidi olmadım!!!”
Statusdan aydın olur ki, ortada qərəzli mövqe var. Hərbi ekspertlərin, jurnalistlərin birlik halına gəlməsi, əslində normal qarşılanmalıdır. Ordunun qüdrəti ilə bərabər, təbii neqativləri də söyləməlidir.
Yeni yaradılan təşkilat barədə “Şərq”ə danışan hərbi jurnalist Səxavət Məmmədov bildirib ki, hərbi ekspert və hərb sahəsində işləyən jurnalistlərin bir araya gəlməsi, birlik formasında fəaliyyət göstərməsi ola bilsin ki, kənardan fərqli görünür:
“Təşəbbüs hərbi ekspertlər Elxan Şıxaliyev və Tərlan Eyvazovdan gəlib. Təklif ediblər və razılaşmışam. Bəziləri elə bilir ki, bu, konkret olaraq münasibəti olan adamların bir yerə yığışmasıdır. Yaxud da kimlərsə bir yerə toplaşıb, pul qazanmaq niyyətindədir. Qətiyyən belə deyil. Hər hansı qurumla yaxınlıq məsələsi düşünülmür. Ümumiyyətlə, hərbi sahədə çalışan, mətbuat qarşısına çıxan, hər kəs ora dəvət olunub. Gələ bilməyənlərin növbəti iclasda iştirak edəcəklərini bildiriblər. Təşkilatın əsas məqsədi mövcud problemlərin qabardılması, onlara çıxış yolları göstərməkdir. Həmçinin doğru informasiya çatdırmaq və birlik olub, ortaya iş qoymaqdır. Bütün ixtisaslar üzrə hərbi həkimlərdən tutmuş, pilotlara qədər hər kəs cəlb olunacaq. Göz önünə qoyulacaq araşdırmalar, təhlillər, analizlər bütün sahələri əhatə edəcək. Hətta lazım olsa, iqtisadçılar da, təhlükəsizlik üzrə ekspertlər də dəvət olunacaq. Elə materiallar, informasiyalar olur ki, bir nəfərin, vahid sahə üzrə işlənməsi o qədər də tutarlı alınmır. Onlar təşkilat olaraq 5-10 şəxsin süzgəcindən keçəcək”.
S.Məmmədov onu da əlavə edib ki, Azərbaycanda bundan əvvəlki illərdə təşkilatlar olub:
“NATO-dan, digər təşkilatlardan Azərbaycana gələnlər müstəqil qurumlarla, təşkilatlarla görüşmək istəyirlər. Amma faktiki olaraq Azərbaycanda belə bir fəaliyyət sahəsi yoxdur. Biz də düşündük ki, olmayan təşkilatı yaradaq və bunun üçün aktivlik göstərək. Mətbuat orqanı olaraq məsələn, “Şərq" qəzeti quruma müraciət edir. Bildirilir ki, hərb sahəsində hansısa istiqamətdə bir araşdırma verilsin. Təbii ki, təhlili bir nəfərin etməsi mümkün deyil. Bu baxımdan təşkilatlanmaq zəruri hesab edilib”.
Hərbi ekspertin fikrincə, öncədən proqnoz vermək doğru deyil:
“Ən azından fəaliyyətə başlanılsın. Ondan sonra əgər işimizlə bağlı hər hansı bir problem, neqativlər varsa, fikirlər bildirilsin. Hələ ki yaranmayıb. Adı belə məlum olmayan, əsasnaməsi təsdiq edilməyən təşkilatla bağlı mənfi düşüncədə olmaq gülüncdür. Hətta birləşmənin içərisində elə şəxslər var ki, həyatı boyu heç bir qurumla əməkdaşlıq etməyiblər”.
Müsahibimiz diqqətə çatdırıb ki, bu təşkilata bir neçə general da qoşulacaq: “Hətta xaricdə olan bəzi ekspertlərimiz də qoşulmaq istəyirlər.
Ümumiyyətlə, hərbi ekspert, jurnalist kateqoriyalarına bölünmədən təşkilatımız hər kəsə açıqdır. Yaxın günlərdə yenidən toplantı olacaq. Adına və əsasnaməsinə aydınlıq gətiriləcək”.