AMEA  ilə bağlı AÇIQLAMA:“Elm, Texnologiya və Sənaye nazirliyi bir qurumda birləşməlidir”

Son vaxtlar sərt tənqid olunan qurumlardan biri  də Azərbaycan Milli Elmlər Akademiyası ( AMEA )və onun nəzdində fəaliyyət göstərən institutlardır.
Cəmiyyətdə AMEA ilə bağlı ikili münasibət mövcuddur.  Bir tərəf sözügedən qurumun ləğv olunmasını, digər tərəf isə islahatların aparılmasını iddia edir. 
AMEA –nın keçmiş prezidenti Ramiz Mehdiyev arzuolunmaz fəaliyyətinə görə tənqid edilir. Belə ki, ötən günlərdə alimlər R.Mehdiyevi istefaya çağırırdı.

Nəticədə R.Mehdiyev istefa bəyanatını elan etdi.

Bu istiqamətdə mövqeyini "Sherg.az"a danışan təhsil üzrə mütəxəssis, professor Şahlar Əsgərov bildirib ki, AMEA indiki demokratik hakimiyyətə uyğun gəlmir:

"Qurum Sovetin vaxtında 1945-ci ildə fəaliyyətə başlayıb. Sovet dövləti administrativ dövlət  idi. AMEA-da administrativ qurum kimi yaradıldı. Əsas məqsəd  dəqiq və təbiət elmlərinin inkişafı olub. Sovet dağılandan sonra bütün yenidən rekonstruksiya getdi. Akademiyanı Təhsil Nazirliyi ilə  birləşdirib Elm Təhsil nazirliyi yaratdılar. Akademiyanın  institutları universitet fakültələriylə inteqrasiya etdi. Çox az respublikalarda Akademiya  qalmışdı, biri də biz idik. Akademiya sovet dövlətinin məntiqinə uyğun biçilmişdi".

 Professor Akademiyanın belə formada saxlanılmasının tərəfdarı deyil:

"Azərbaycan elm sənayedə, texnikada tətbiq edilmir, elmi nəticə kimi qalır. Elmi nəticələr formula, düstur formasındadır. Sənayedə tətbiq etmək üçün texnoloq lazımdır.  Gərək texnoloq soyuq elmi nəticələri texnoloji reseptlərə çevirsin, nəticədə sənayedə məhsul buraxılsın. Bizdə bu yoxdur, lakin inkişaf etmiş ölkələrdə mövcuddur. Ona görə Azərbaycanın dəyərli alimləri xaricə gedir. Elm, Texnologiya və Sənaye nazirliyi bir qurumda birləşməlidir.  Bunun sayəsində dünya arenasına çıxa bilərik".