“Qarabağda yerləşən silahlılar fürsət axtarırlar. Sülhməramlıların isə hərəkətləri funksiyaları ilə uyğun gəlmir”
“Türkiyə Azərbaycanın Ermənistana sülh təklifi etməsini dəstəkləyir”.
Bunu qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O, qeyd edib ki, Ermənistanla münasibətlərinin normallaşması prosesində də Türkiyə Azərbaycanla birgə hərəkət edir:
“Əsas hədəfimiz Zəngəzur dəhlizi başda olmaqla digər məsələlərin həll olunmasıdır“.
Ermənistanın sülhə gəlməməsi ilə bağlı "Sherg.az"a açıqlama verən keçmiş millət vəkili Flora Qasımova bildirib ki, Rusiyaya ümid bəsləyirlər:
"Onların ağlı olsa, bizdən başqa çıxış yolları olmadıqlarını anlayardılar. Rusiyanın Ukrayna ilə müharibəsinə nəzər salırıq. Ermənistanın baş naziri Nikol Paşinyanın hərdən həqiqəti deməyi, qınamağı var. Qubadlı ilə bağlı ad çəkmişdi. O da təzyiq altındadır, sülhün olmasını çox istəyər. Amma Qarabağda yerləşən silahlılar fürsət axtarırlar. Sülhməramlıların isə hərəkətləri funksiyaları ilə uyğun gəlmir.
Əli qana batmış köhnə “qurdlar”, separatçılar aranı qarışdırırlar. 1918-ci ildə qırğınlarda əli olan insanlar haqqında cəza tədbiri görə bilmədik.
Cəzasızlıq onları bu həddə gətirib çıxardı. Əli azərbaycanlıların qanına batmış bir nəfər olsa belə, barəsində ölçü götürülməsi böyük arzumdur. Cinayət işi qaldırılsa da, mövzu tamamlanmadı. Qarşımızda duran məsələ cəzalarını almaqları, beynəlxalq məhkəməyə verilməsi, Azərbaycana dəyən ziyanın ödənilməsidir. Bu bizə qələbədən də çox rahatlıq verəcək. Belə halda erməninin gələcəkdə səsinin çıxacağına inanmıram".