Böyük Britaniya ərazilərin minalardan təmizlənməsi işində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) dəstək verir:
“Ağdamda Böyük Britaniya istehsalı olan xüsusi minaaşkarlayan dronlar var”.
O, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpa işinin sürətinin valehedici olduğunu vurğulayıb.
Bakıda Azərbaycan Respublikası Hökuməti, ANAMA, BMTİP tərəfindən humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda beynəlxalq konfransında Böyük Britaniyanın səlahiyyətli səfiri Ceyms Şarpa söz verilib. Diplomat Britaniyanın Qarabağdakı torpaqların minalardan təmizlənməsi prosesə maliyyə vəsaiti ayırdığını da vurğulayıb.
Eyni zmanmada BMT də bu məsələdə Azərbaycanın yanında olmağa davam edəcəyini bildirir.
Dünya ölkələrinin Azərbaycana diqqəti barədə "Sherg.az"a danışan deputat Elman Nəsirov bildirib ki,Qərbin analitik mərkəzləri yaxın, orta və uzun müddətli proqnozlar hazırlayırlar:
"Onların proqnozlarına görə, Ermənistan Azərbaycan münaqişəsinin tezliklə həllini tapacağına güman etmirdilər. Rəyləri özünü doğrultmadı. Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfərə imza atdı. Qərb siyasi dairələri reallığı anlamaq məcburiyyətində idilər. Biz müharibədə qalib gəlmişik, eyni zamanda nəticələrin beynəxalq ictimaiyyətdə təsdiqlənməsinə nail olmuşuq. Əslində onlar minatəmizləmə prosesində iştirakla bağlı mövqelərini ortaya qoymazdılar, Qarabağın bərpasında maraqlı olduqlarını dilə gətirməzdilər. Böyük Britaniya erməni lobbisinin ən zəif təşkilatlandığı ölkələrdən biridir. Heç bir halda onu Fransa ilə müqayisə etmək olmaz. Böyük Britaniya ilə Azərbaycan ənənəvi tərəfdaşlıq münasibətləri var".
Deputat bildirib ki, Böyük Britaniyanın özü boyda olan məşhur enerji şirkəti “British Petrolium” (BP) Azərbaycan neftinin istismarında fəal iştirakçılardan biridir, bəlkə də birincisidir:
" Azərbaycan iqtisadiyyatında Böyük Britaniyanın payı çoxdur. İqtisadi maraqlar siyasi maraqları tənzimləyir. Tərəflərin əlaqələrində enerji faktoru həlledici amildir. Avropa İttifaqı ( Aİ ) Azərbaycana ciddi maraq göstərir, Rusiya Ukrayna müharibəsi fonunda maraq daha da artıb. Aİ ölkələri Rusiyadan enerji asılılığını azaltmaq istəyir. Böyük Britaniya Aİ-dan ayrılıb.
Bizim həm Aİ ölkələri , həm də vaxtilə üzvü olmuş Böyük Britaniya ilə əlaqələrimizin inkişafında yeni imkanlar pəncərəsi açılır. Bəzi dövlətlər müharibədə qalib gələ bilsə də, beynəlxalq mərkəzlər, ölkələr qələbəni qəbullanmaq istəmirlər. Amma Azərbaycanın qələbəsini bütün beynəlxalq birlik, xüsusilə Qərb dünyası qəbul edir. Azərbaycan Prezidentinə dünyanın aparıcı dövlətlərindən telefon zəngləri, məktublar gəlir. Hər biri Azərbaycanın yerinin və çəkisinin artması ilə əlaqəlidir".