Narkotik asılısının silah daşıması təhlükəlidir


Hərbçilərin icbari narkoloji müayinədən keçirilməsi təqdir olunmalıdır

   Azərbaycanda hərbi qulluqçular ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçiriləcək. Bu dəyişiklikləri özündə ehtiva edən müvafiq təkliflər  parlamentin  ötən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.  Dəyişikliklər narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə hazırlanıb.

“Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif edilən yeni - 24.4-cü maddədə müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr zabit heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən keçməsi məsələlərinin hüquqi əsasları müəyyən olunub.

Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. 

Dəyişiklikləri “Şərq”ə şərh edən hərbi ekspert Azad İsazadə Azərbaycanda belə bir təcrübənin olduğunu deyib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ildə bir dəfə narkoloji müayinədən keçirilir. Müayinə zamanı da bir neçə nəfərin sidiyində narkotik maddə elementləri çıxdığına görə vəzifədən azad edilir. İctimai nəqliyyatın sürücülərinin də il ərzində  narkotik maddə istifadəçisi olub-olmadığını müəyyənləşdirmək üçün test edirlər. 

Sözügedən dəyişiklikləri müsbət dəyərləndirən ekspert  bu ideyanın Azərbaycan Ordusu və ümumilikdə ölkəmiz haqqında mənfi imic yaradacağını iddia edən şəxslərlə razılaşmadığını deyib: “Bu cür müayinələrin aparılması baş verə biləcək hansısa təhlükənin də qarşısının alınmasında mühüm rol oynaya bilər. Narkotik maddə aludəçisinin silah daşıması qəbuledilməzdir”.

Qərb ölkələrində hərbçilərin icbari psixoloji müayinədən keçirildiyini  xatırladan. A.İsazadə  deyib ki, psixoloji durumu yerində olmayan insanın orduda xidmət etməsi də arzuolunan deyil. 

"Səhv etmirəmsə, ABŞ-da  psixoloji vəziyyəti yerinə olmayan bir zabit affekt vəziyyətində  zabit yoldaşlarını güllələmişdi".