Azərbaycan son 4 ildə mühüm sosial uğurlara imza atıb. 2018-ci ilin aprelində xalqının etimadı ilə İlham Əliyev yenidən dövlət başçısı seçilib. O vaxtdan bəri prezidentin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar ötən 4 illik dövrdə ölkənin sosial inkişafı istiqamətində mühüm irəliləyişləri həyata keçirib.
Eyni zamanda sosial ödənişlərdə və əməkhaqqı fondunda artım baş verib. Bu dövrdə ölkəmizdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz qalxıb. Minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 65 faiz artım reallaşıb. Həssas qruplara yönələn müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi qruplar üzrə 3 dəfədən çox artım müşahidə edilib. Həmçinin dövlət başçısının imzaladığı fərman və sərəncamlarla 2018-ci ildən sonra ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket gerçəkləşib və paketlərin illik maliyyə dəyəri 6,5 milyard manatdır.
Bundan başqa, qeyd edək ki, əmək müqavilələrində, sosial sığorta daxil olmalarında artım, genişlənən məşğulluq proqramları da gerçəkləşdirilib.
Prezidentin uğurlu sosial-iqtisadi siyasətinə görə aparılan islahatlar nəticəsində son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondu 2 dəfədən çox və 2022-ci ilin ilk rübündə də 11,1 faiz yüksəlib.
Aparılan sosial-iqtisadi islahatlar məcburi sosial sığorta daxilolmalarınında 84,3 faiz və ya 1757,68 milyon manat artması ilə nəticələnib.
Özünüməşğulluq proqramına cəlb olunanların sayı da 13,8 dəfə artaraq ötən il 16232-ə çatıb. Son 4 ildə və bu ilin ilk rübündə 44 mindən çox şəxs bu proqrama cəlb olunaraq kiçik ailə təsərrüfat və müəsissələrini qurub.
Bundan əlavə işsiz və işaxtaranların məşğulluq imkanlarını artıran ödənişli ictimai işlər proqramı isə xeyli genişlənib. Proqram üzrə 56 min şəxs işlə təmin edilib.
Baş verən müsbət irəliləyişləri "Sherg.az"a şərh edən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ölkənin büdcəsi sosial yönümlüdür, hazırda ümumi xərclərin üçdə iki hissəsini təşkil edir:
"Cari xərclərdə sosial istiqamətli xərclər əhəmiyyətlidir. Azərbaycan Respublikasının əsas funksiyası kimi gəlirlərin ölkə əhalisi arasında yenidən bölüşüdürülməsidir. Həmçinin kasıb təbəqənin xeyrinə çalışır. Vergi rüsumları, yığılan pulların paylanılması zamanı sosial ədalət ön plana çəkilir. Həm vergi güzəştləri, ödənilən sosial pensiyalar, təqaüd təminatının yaxşılaşdırılması nəzərə çarpır. Azərbaycanda minimum əməkhaqqı, pensiya qalxıb. Sosial müavinətlər daim artırılır. İndeksasiya prosesi gedir. Hökumət pandemiya, müharibələr dönəmində yaranan problemlərin sosial cəhətdən həssas təbəqəyə təsirini minimuma endirməyə səy göstərir.
Həmçinin sosial proqramları həyata keçirərək büdcənin dayanıqlılığını diqqətdə saxlayır".