Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi, korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini diqqətə çatdırıb.
R.Dalkıran qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün əhəmiyyətini şərh edən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauzun sözlərinə görə, qardaş ölkələrin hərbi münasibətləri 1992-ci ildən bəri hər ötən gün inkişafla irəliləyir:
"Hər iki dövlətin Silahlı Qüvvələrinin modern, müasir vəziyyətə salınması, təhsil səviyyələrinin artması, Azərbaycan ordusu ilə taktiki təlimlər fonunda ortak fəaliyyət göstərməsi, qarşılıqlı tələbə mübadiləsi kimi əlaqələr “Şuşa Bəyannaməsi” ilə tarixin zirvəsinə yüksəlib. 44 günlü Vətən müharibəsi ərəfəsində Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin "Türkiyə ordu modelinə keçirik. Türk Silahlı Qüvvələri bölgənin ən güclü ordusudur. NATO təcrübəsi, təlim, təchizat fəaliyətlərini reallaşdırmasını bizimlə bərabər paylaşmasını önəmsəyirik" söyləməsindən sonra sözügedən addımlar daha da güclənib. Tərəflərin əlaqəsi dünyada heç bir ordunun, BMT-yə üzv 193 ölkə arasında olmayan münasibətdir".
Y.Karauz bildirib ki, işlər çox mükəmməl şəkildə irəliləyir:
" Ortaq taktiki təlimlər, düşmən və hədəf təsbiti, havada, dənizdə və quruda birgə idarə etmək nöqtəsinə çatıb. Prezidenlərin ortaya qoyduğu hədəf zamanla Türkiyəyə gələn və Azərbaycana gedən heyətlər tərəfindən dəyərləndirilən məsələlələr təkrar masaya qoyulur. Görülməsi gərəkən tədbirlər müəyyənləşir. Türkiyədən gələn ən son heyət də həyata keçirilməli məqamlar, tədbirlərlə bağlı müzakirə aparmaq üçün görüşüb. Dünyada bu bölgədə hesab-plan quranlar Türkiyə və Azərbaycan silahlı qüvvələrinin bir - birinin bütün işlərini uyğun gerçəkləşdirəcək səviyyəyə çatdığını bilməlidir. Güclü dövlət və Silahlı Qüvvələr "güclü millət" deməkdir. Azərbaycan Silahlı Qüvvətləri bu gün NATO fəaliyyətinə uyğunlaşdırmaya dair böyük pilləni qət edib.
Koordinatlar, qarşılıqlı iş birliyi nəticəsində Azərbaycan və Türk Silahı Qüvvələri bir ordu kimidir. Bir millətin, dövlətin ordusudur.
Türkiyə - Azərbaycan vahid ərazi bütövlüyü, beynəlxalq hüquq çərçivəsində iş birliyini dayandırmır.
İki dövlətə qarşı plan düşənənlər önlərində birləşmiş, qəlbdə, ruhda, imanda və beyində birgə olan Azerbaycan - Türkiyəni görəcəklərini fikirləşmək məcburiyyətindədirlər".