Yekun sülh üçün Ermənistan iradə sərgiləməlidir! - “Əks halda çıxış yolları bağlanacaq”


“İmkanları boşa saymaqla nəticələrin necə olacağını təsəvvürə gətirmək lazımdır"


Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı tezliklə Azərbaycanla sülh sazişinin bağlanmağının vacibliyini vurğulayıb.
"Aprelin 30-dək Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiyası üzrə Birgə Sərhəd Komissiyasının üzvləri müəyyənləşməlidir"-, deyə o bildirib.N.Paşinyan həmçinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb. 

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli  N.Paşinyanın açıqlamasını "Sherg.az"a dəyərləndirib. Onun sözlərinə görə, belə şərhlər sülhə yönümlü prosesi dəstəkləmək niyyəti daşıyır:

"30 illik işğalın sonunda yenidən məğlubiyyətə uğramaları,  sonrakı dönəmdə isə vəziyyəti kompensasiya etmək imkanlarının  olmamasının etirafıdır. Müsbət siqnalların həm daxili, həm də xarici faktorlarla əlaqəsi var. Sadəcə yekun sülhə gəlib çıxmaqdan ötrü erməni tərəfi ciddi iradə sərgiləməlidir. Ona görə, əvvəlcə, daxili barışın bərpasına çalışmalıdır. Paşinyan sülhün tərəfdarıdırsa, narazıların, separatçıların, revanşistlərin səsini kəsməyə məcburdur. 

Onlar da böyük qüvvədilər, Rusiya ilə geniş münasibətləri mövcuddur. Dünyanın müxtəlif ölkələrində qərarlaşan, lobbi, diaspor fəaliyyəti ilə məşğul erməni təşkilatlarının təsiri çoxdur.

 Paşinyanın ordunun üzərində yetəri qədər təsiri yoxdur.  Sülhə dair verilən bəyanatlar siyasi spektrda qalmaqdadır. Hərbi və ideoloji müstəviyə keçməyə ehtiyac duyulur. Erməni cəmiyyəti üçün son 100 ildə türkəfobiya "ermənizm" xəstəliyinə əsasən, inşa edilən baxışdan əl çəkmək çətindir. 

Amma reallıq var. Çıxış yollarını bağlamaq, imkanları boşa saymaqla nəticələrin necə olacağını təsəvvürə gətirmək lazımdır".