ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabat verilib.
Hesabatın Ermənistan hissəsində 2020-ci ildə etnik erməni qüvvələrinin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə və işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair informasiya yazılıb.
Bundan əlavə, Azərbaycan Baş Prokurorluğu Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən öldürüldüyü iddia irəli sürülən azərbaycanlılara aid məzarların axtarışına başlayıb. Həmçinin, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarla qəbirstanlığın dağıdılmasına dair sübutlar üzə çıxıb. 2020-ci ildəki atəşkəsdən sonra Ermənistanın daha əvvəl nəzarət etdiyi Azərbaycan ərazilərində 7 azərbaycanlı hərbçi və 29 mülki şəxsin minaya düşərək həlak olduqları, xeyli sayda insanın yaralandığı vurğulanıb.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən millət vəkili Aqil Abbasın sözlərinə görə, dünya Azərbaycanın gücünü görüb:
"Bizim nələrə qadir olduğumuzu anladılar, indi də haqqın səsini çatdırırlar. Dünya ikiüzlüdür. Öncə onları dəstəkləyirdilər. 44 günə torpaqlarımızı azad etdik deyə, bizim tərəfə keçdilər. Azərbaycan strateji nöqtədə yerləşən ölkədir.
Prezident müşavirədə demişdi ki, sözügedən məsələləri beynəlxalq müstəvidə həllinə qovuşduracağıq".