Azərbaycançılıq ideyasının təbliği


“Prezident İlham Əliyev xalqımızı azərbaycançılıq ideologiyası ətrafında birləşdirən liderdir” 

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideyasının inkişafı, şübhəsiz ki, cənab İlham Əliyevin prezidentliyi dönəmində uğurla  davam etdirilib. İctimai, siyasi, iqtisadi – həyatın bütün sahələrində ulu öndərin  Azərbaycan xalqının rifahına yönəlmiş siyasətinin layiqli davamçısı olan cənab Prezident, o cümlədən azərbaycançılıq ideyasının da aparıcı qüvvəsinə çevrildi. Azərbaycançılıq ideologiyası İlham Əliyev siyasətində etnik, ideoloji və siyasi-mənəvi standartdır. Müasir Azərbaycanda hər bir azərbaycanlı dünya xalqları ilə eyni sırada dayanır. Xalqımızın malik olduğu yüksək insani keyfiyyətlər, vətənpərvərlik  Azərbaycan sevgisi çətiri altında birləşir. 2018-ci il aprelin 11-də cənab İlham Əliyevin növbəti 7 illik müddət üçün yenidən Prezident seçilməsinin ildönümü münasibətilə bu günlərdə siyasi, ictimai təşkilatlar tərəfindən müxtəlif tədbirlər, elmi konfranslar keçirilir. Bu tədbir və konfranslarda cənab Prezidentin uğurlu daxili və xarici siyasəti, sosialyönümlü layihələrə daim üstünlük verməsi və əlbəttə ki, 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbə, 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərimizin azad olunmasından danışılır. Bildirilir ki, Vətən müharibəsi, ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra başlanan dirçəlişin Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsinə, Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə artmasına sevinən xalqımıza əvəzolunmaz milli qürur hissi yaşatdı. Tarix boyu Vətən sevgisi ətrafına birləşən xalqımız Vətən müharibəsində məhz azərbaycançılıq ideyasına söykənərək düşmənə layiqli cavab verdi. Milli qürur hissini əməliylə isbat etdi. Təbii ki, bu hisslərin qol-budaq atması ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, geniş siyasi-fəlsəfəsinə və cənab İlham Əliyevin “mən hər bir azərbaycanlının Prezidentiyəm” məntiqindən irəli gəlirdi. 
2018-ci il aprelin 11-də cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinə həsr olunmuş konfranslardan biri də Azərbaycan Dillər Universitetində keçirilib. “Azərbaycanı zəfərə aparan Lider” mövzusunda təşkil olunmuş konfransda ADU rəhbərliyi ilə yanaşı, professor-müəllim heyəti, tələbələr, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyası və partiyanın Nəsimi rayon şöbəsinin üzvləri iştirak edib. ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövləti, xalqı Zəfərə aparan lider olduğunu qeyd edib: “Bu gün Azərbaycan özünün ən güclü, ən inamlı və ən uğurlu illərini yaşayır. 44 gün davam edən Zəfər salnaməmizlə Müzəffər öndərimiz Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdi. Bütün dünya bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm intellektual səviyyəsini, həm döyüş bacarığını, həm onun diplomatik gücünü gördü və bir daha biz öz bildiyimiz adekvat həqiqətimizi dünyaya çatdırdıq. Dünyanın son dərəcə qarışıq bir dövründə bu işi bacarmaq asan məsələ deyildi. Biz bunu bacardıq, Ali Baş Komandan İlham Əliyevin sayəsində, şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində, xalq olaraq yumruq kimi birləşib böyük tarixi qələbəmizə imza atdıq. Cənab Prezident uzaqgörən siyasəti, müdrik addımları və cəsarətli qərarları ilə Azərbaycanı daha da gücləndirdi, Azərbaycanın haqq işini bütün dünyaya çatdıra bildi. Ali Baş Komandan sübut etdi ki, o, xalqın yanındadır və xalq da hər zaman onun yanındadır”. Məruzələr cənab Prezidentin xarici siyasət kursu, ölkəmizdə sosial proqramların icrası, beynəlxalq enerji layihələrinin Azərbaycana qazandırdığı üstünlüklər, 44 günlük Vətən müharibəsi, Azərbaycanın güc mərkəzi kimi qəbul olunması üzərində qurulub. 
  ADU Tələbə Gənclər Təşkilatının sədri Elşən Hüseynli isə “Azərbaycançılıq ideologiyasının gəncliyin formalaşmasında rolu” mövzusunda çıxış edib. Tələbə Gənclər Təşkilatının sədri azərbaycançılıq ideologiyasından, xalqın bu dövlət ideologiyası ətrafında birləşməsindən, dövlət ideologiyasının gəncliyin formalaşmasındakı rolundan, dövlətin gənclərə olan qayğısından danışıb. Gənclərin daima dövlətin yanında olduğunu və Azərbaycanın inkişafı üçün bütün gənclərin səfərbər olduğunu bildirib.

Qeyd edək ki, “Heydər Əliyev - İlham Əliyev: azərbaycançılığın zəfər yolu” kitabının müəllifi, tarix elmləri doktoru, uzun müddət xarici ölkələrdə səfir olaraq Azərbaycan dövlətini təmsil etmiş Eynulla Mədətli hesab edir ki, Vətən müharibəsində qazanılan şanlı qələbənin ən möhkəm dayağı məhz azərbaycançılıq ideologiyası oldu:

- O günlərdə ordumuza ümumxalq dəstəyini, dövlətlə xalqın bütün təbəqələrinin, hətta əks qütblərdə yer alan partiya və təşkilatların indiyədək misli görünməmiş həmrəyliyini, ölkə daxilində və xarici ölkələrdə torpaq bütövlüyümüz uğrunda vətəndaşlarımızın əzmkarlıqla çıxış etdiklərini, Azərbaycan dövlətinə və onun ordusuna dəstək aksiyaları keçirdiklərini həyəcansız izləmək mümkün deyildi. Prezident İlham Əliyevin zəfər strategiyasına azərbaycançılıq ideologiyasının potensialı kontekstində nəzər salsaq, məsələnin mərkəzində insan amilinin, hər bir azərbaycanlının sarsılmaz həmrəyliyinin dayandığını görərik. 

Bu həmrəyliyin bariz nümunəsi məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı. Məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olundu. Vətən müharibəsində qəhrəmanlıqla həlak olan, yaxud qazi olan Vətən müharibəsi qəhrəmanlarımızın döyüş yolu xalqımızın qəlbində və zehniyyətində əbədi həkk olunan Zəfər yoludur; bölünməz, vahid, qüdrətli, gələcəyinə inanan və ona doğru inamla irəliləyən böyük xalqın Qələbə yoludur; öz soykökümüzə, əcdadlarımızın bizə miras qoyduğu ənənələrə Sədaqət yoludur; azad edilmiş torpaqlarımızın dirçəldilməsi və Quruculuq yoludur; xalqımızın ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasəti polad iradəsi ilə dönmədən həyata keçirən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən, tarixi qələbənin memarı və komandanı Prezident İlham Əliyevə inam yoludur.