Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin ( MİDA ) növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30 mart 2022-ci ildə güzəştlə satışı prosesi yerinə yetirilib.
Həmin vaxt evlərin bir neçə saniyəyə satılması nəticəsində, müxtəlif şəxslərin xüsusi kompüter proqram təminatlarından mənzillərin seçimi prosesinə müdaxilə halları ilə bağlı şikayətlərin ardı-arası kəsilməyib.
MİDA məsələni aydınlaşdırmaqdan ötrü Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət ünvanlayıb.
DTX öz növbəsində durumu üzə çıxarıb. Məlum olub ki, Azərbaycan Respublikası vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar şəklində sistemə girib. DTX həmin şəxsləri saxlayıb.Görünür, MİDA fəaliyyətini şəffaf aparmağa səy göstərir.
"Sherg.az"ın məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələyə münasibət bildirib. Onun sözlərinə əsasən, MİDA özü DTX-ya müraciət edibsə, demək, “Güzəştli mənzil” informasiya sisteminə ciddi və qeyri-qanuni müdaxilə var:
"Adi botlardan deyil, “Güzəştli mənzil” sisteminin ilkin kodlarını sındırmaqla və ya hansısa daha “ağıllı” üsullarla sistemə nüfuz etməkdən söhbət gedir. Sonuncu satışda narazı qalanların çoxusunun proqramçılar idi. MİDA tətbiq etdiyi ənənəvi təhlükəsizlikdən əlavə DEMO versiya ilə əsas versiyanın ilkin proqram kodlarını da dəyişib. Sistemin proqram təminatının ilkin kodları dəyişdirildikdən sonra sistemdən adi botlarla istifadə mümkünsüzdür. Sistemə daha peşəkar üsullarla qeyri-qanuni müdaxilə ortaya çıxır. DTX və MİDA-nın birgə araşdırmasının yekununda müsabiqə nəticələrinin ləğvi baş tuta bilər. Baş verənlərin nəticələrə təsiri müəyyənləşdiyi təqdirdə nəticələrin ləğvinin gündəmə gətirilməsi doğru olar".
Osman Gündüz əlavə edib ki, MİDA bir daha sisteminin İnformasiya Texnologiyaları ( İT ) auditini yaratmalı, təhlükəsizliyini gücləndirməli, daha müasir texnologiyalardan yararlanmalı və peşəkar mütəxəssisləri cəlb etməlidir:
“Baş verənlər güzəştli mənzil satışı sisteminin yenilənməsinin vacibliyini göstərir. Onlayn satış prosesi insan amili olmadan reallaşan şəffaf, korrupsiya riski az bir sistemdir. Lakin burada İT bacarıqlarla bağlı öncədən müəyyənləşən ədalətsizlik var və hökumət əlavə, alternativ güzəştli mənzil satışı üsulunu təklif kimi irəli sürməlidir.
Satışdan sonra, MİDA bəzi məqamları (fərdi məlumatlarla bağlı hissələri) çıxmaq şərtilə onlayn satış prosesini əks etdirən bütün "log" faylları mütləq açıqlamalıdır. Həmçinin ən tez və ən gec satılan mənzillərlə bağlı "log" faylları ayrıca vurğulamaq əhəmiyyəylidir.
Sistemin dayanıqlığı və təhlükəsizliyinə dair güvənli qurumların açıqlamaları verilməlidir.
Süni, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün müntəzəm yeniliklər edilməlidir.
Onlayn satış prosesi sosial mediada və TV-də canlı yayımlanmalıdır”.