Elçin Şıxlı:“Simonyanı Avropa ölkələrinə, Amerikaya buraxmırlar. O, "personne non-grata"dır»
«Anti-Azərbaycan təbliğatı aparan media stukturunun ölkəmizdə mövcudluğu qeyri-məqbuldur »
"Sputnik" informasiya agentliyinin fəaliyyəti vaxtaşırı gündəmə gəlir. 2014-cü ildə yaradılan xəbər resursunun rəhbəri Marqarita Simonyan erməni əsillidir. Simonyanın “DQR”, “Donetsk Xalq Respublikası” ( DXR), “Luqansk Xalq Respublikası” ( LXR ) mövzusunda aktivləşməsi suallar doğurur. Çünki o, dövlət agentliyinin rəhbəridir. Həmin sayt Rusiyanın təbliğat ruporuna çevrilib. Məhz bu üzdən “Sputnik”in bir sıra ölkələrdəki şöbələri bağlanıb. Fransa prezidenti Emmanuel Makron “Sputnik”i “təsir və təbliğat orqanı”, Britaniyanın “The Economist” nəşri “propaqanda vasitəsi”, İsveçin Dövlət Təhükəsizlik Xidməti “dezinformasiya və saxta xəbər yayımçısı” adlandırıb. Pribaltika ölkələri, Türkiyə, Çin tez-tez bu agentliyin öz ərazilərində fəaliyyətini bloklayır.
“Sputnik”in Ermənistan bölməsinin Azərbaycan-Rusiya və Türkiyə-Rusiya əlaqələrinin dərinləşməsinin zərərinə işləyən anti-Azərbaycan və anti-Türkiyə təbliğatı aparır.
Lakin "Sputnik"in Azərbaycandakı bürosu fəaliyyət göstərir.
Rusiya ərazisində Azərbaycanın "Baku.ws", “Oxu.Az”, “haqqın.az” və “minval.az” saytlarına girişi məhdudlaşdırılıb. Niyə Azərbaycan “LXR”-“DXR” xülyası ilə yaşayan və separatizm aşılayan Simonyanın rəhbəri olduğu “Sputnik Azərbaycan"ın fəliyyətinə şərait yaratmalıdır?
"Sherg.az"ın sualını cavablandıran "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı bildirib ki, "Sputnik"in ölkəmizdə fəaliyyətinə son qoyulmalıdır:
"Ayın 13-dən etibarən Rusiya Baş Prokurorluğunun qərarıyla "Ayna- Zerkalo"nun saytı da bloklayıb. "Sputnik" və "Russia Today"in başında "sevdiyimiz" Marqarita Simonyan dayanır. Onlar anti-Azərbaycan təbliğatını aparıb və aparacaq. Həmkarlarımız "Sputnik Azərbaycan"da çalışır. Əvvəllər "Ayna-Zerkalo"da işləyirdilər. Qəzetin fəaliyyəti dayandıqdan sonra orda iş tapdılar. Onlar olduqca, Azərbaycanın əleyhinə yazıların yayımlanmasına icazə vermirdilər. Bəzilərini işdən çıxardılar, bir neçəsi də həmkarlarına qoşulub çalışmağı dayandırdı. İndi mənimlə işləyirlər. Qalanlar da həmkarlarımızdır. Məvacib, iş məsələsindən ötrü ordadılar. İnformasiya baxımından Azərbaycan media cameəsi və sahəsində onların bizə xeyri yoxdur".
E.Şıxlının sözlərinə görə, sözügedən saytın rəhbəri M.Simonyan murdar təbliğatçı, Rusiyanın yalançı təşviqatçısıdır:
"M.Simonyanı Avropa ölkələrinə, Amerikaya buraxmırlar. O, "personne non-grata"dır ( arzuolunmaz şəxs ). Onu Rusiyanın həyasız siyasətçilərinin siyasına salıblar. Belə bir adamın rəhbərlik etdiyi, dinc durmayan, anti-Azərbaycan təbliğatı aparan media stukturunun ölkəmizdə mövcudluğu qeyri-məqbuldur.
Azərbaycan hökuməti "Sputnik"in fəalliyətini dayandırılması üçün addımlar atacaqsa, həmin şöbədə çalışan həmkarlarımızı işlə təmin etməliyik. İnsanları qınamaq da olmur, ailələrini dolandırmalıdılar. Onların işsiz qalmayacaqlarına zəmanət verməliyik".