Bakı yuxarıya deyil, yanlara doğru genişlənməlidir


Müasir binalar paytaxtın mərkəzi hissəsində Bakının memarlıq üslubuna xələl gətirir

İstismar müddəti başa çatmış binaların sökülməsi vacibdir. Amma yenə də “amma”lar ortaya çıxır

"Qəzalı binalarla, istismar müddəti bitmiş binalar ayrı-ayrı qruplaşdırılmalı, hansının hansı mərhələdə olduğu dəqiqləşməli, buna müvafiq də ya sökülməsi, ya da təmir-bərpa, möhkəmləndirmə işlərinin aparılmasına qərar verilməlidir"

   Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq komissiya yaradılıb. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, icra hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən yaradılan komissiyanın tərkibinə şəhər və paytaxt rayonları icra hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib. 

Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsi tapşırılıb. Sərəncamda Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb. Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar. 
İstismar müddəti başa çatmış binaların sökülməsi vacibdir. Amma yenə də “amma”lar ortaya çıxır. 

Məsələ bundadır ki, qəzalı, istismar müddəti bitmiş, təhlükəli elan edilərək sökülən hər 5 və ya 7-9 mərtəbəli köhnə binanın yerində, çoxmərtəbəli yaşayış binaları tikilir. Bu binalarda mənzillərin sayı, əvvəlki binadan dəfələrlə çox olur. Binaların 1-2 mərtəbələri adətən market, mağaza, müxtəlif iaşə obyektlərinə, bəzən uşaq bağçası, tədris kursları, klinikalara icarəyə verilir. Səbəb məlumdur. Tikinti aparan şirkət təbii ki, mənfəətini güdür. Paytaxtda ərazilərin kvadrat metrinin necə baha olduğu da sirr deyil. Ərazidə tikinti aparan sahibkar əlbəttə gəlir əldə etmək istəyir. Daha çox mənzil daha çox satış və daha artıq qazanc deməkdir. Üstəlik icarəyə verilən obyektlərdən də gəlir əldə edilir. Bəs ziyan çəkən tərəf hansıdır? Təbii ki, Bakı şəhəri! Şəhərin memarlıq üslubu, ümumi ansambl. Bitmədi, yenə var; həmçinin şəhər infrastrukturu. Bu da bir həqiqətdir ki, (həm də çox acı həqiqət) şəhərin nə istilik, nə su, xüsusən də kanalizasiya sistemi sürətli urbanizasiya ilə ayaqlaşa bilmir. Vaxtında bu problemlər həll edilməyib, hələ də edilmir. Yağış bir az artıq yağdımı, şəhərin necə iflic olduğunu hamımız görürük. Küçələrdəki su ötürücülərin yağış suyunu daşımağa gücü yetmir. Yağış suları gölməçələnib dəryaya dönüşür az qala. Yeni tikilən hər bina, necə deyərlər, özünə bab, yeni kanalizasiya şəbəkəsinə qoşulmur, əvvəlki – köhnədənqalma, istismar müddətini başa vurmuş (bu ifadə son zamanlar dəbdi – M.R.) ümumi kanalizasiya şəbəkəsinə qoşulur. 

Nəticə də bəllidir. Köhnə xətlər çirkab sularını daşıya bilmir. Daha bitmədi; köhnə binadakı, deyək ki, 200 sakinin yerini yeni binada 1000 sakin tutursa, bu, 5 qat sıxlıq deməkdir. Bu sıxlığa küçə də dözməlidir, yol infrastrukturu da, ictimai nəqliyyat, poliklinika, məktəb də. Sakinlərin, satış, iaşə obyektlərinin hesabına çalışanların sayı artır, amma yeni məktəb binası, poliklinika, xəstəxana tikilmir axı. Əksinə səkilər, yaşıllıq sahələri daralır, heç oksigen də yetmir. Yeni binalar əraziyə əlavə yükdən başqa nə verir? Nəzərə alsaq ki, qəzalı binalar əsasən şəhərin mərkəzi hissələrindədir, bu ərazilərdə hər zaman sıxlıq olub. Nə dəyişib ki, indi 5  mərtəbələrin yerində 18-20 mərtəbəli bina tikilir? Məsələ sakinlərin təhlükəsizliyidirsə, 5 mərtəbənin yerində yeni 5 mərtəbə tikilsin. Sərf etmir, əlbəttə. O zaman buyursunlar, şəhərdən bir qədər kənara, daha geniş sahələrə çıxsınlar. Şəhəri daha da yükləməsinlər. 

"Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında təkliflərini səsləndirdi: 

- Binaların inventarizasiya ilə bağlı komissiya yaradıldığı barədə məlumatlıyam. Mənim təklifim budur ki, binaların dəqiq monitorinqi aparılsın. Hansı bina hansı vəziyyətdədir, dəqiq müəyyənləşsin. Bina haqqında “qəzalıdır”, deyib keçmək olmaz. Qəza vəziyyətinin də bir neçə mərhələsi var. Birinci mərhələ, ikinci mərhələ. Bina qəzalı vəziyyətin hansı mərhələsindədir, bu, bilinməlidir. Bəlkə elə vəziyyətdədir ki, binanın sökülməsinə ehtiyac yoxdur, təmir, bərpa etmək, möhkəmləndirmə işləri aparmaq olar. Buna qalsa, gərək tarixi binaların hamısı sökülsün, çünki “istismar müddətini başa vurub”, “qəzalıdır”. Amma dövlətimiz tarixi binaları qoruyur, bərpa edir. Bundan belə anlaşılmasın ki, mən sovet illərində tikilmiş binaları tarixi abidə sayıram. Xeyr. Sadəcə, bu binalar paytaxtımızın müəyyən hissəsində ümumi memarlıq ansamblını təşkil edir. Uzun illərdir biz deyirik ki, şəhər yuxarıya doğru deyil, yanlara genişlənməlidir.  “Yuxarıya doğru inkişaf” şəhərdə sıxlığı artırır, tıxacların daha da artmasına səbəb olur. Basırıq yaradır. Tərpənmək olmur. Ən vacibi, müasir binalar paytaxtın mərkəzi hissəsində Bakının memarlıq üslubuna xələl gətirir. Bakının əsl simasına zərər vurur, tarixiliyi silib-süpürür. Avropa şəhərlərində köhnə binaların yanında, onlara bitişik yeni, müasir binaların tikintisinə icazə verilmir. Bizdə isə təəssüf ki, uzun illər bu məsələyə səhlənkar yanaşıldı. Amma cənab Prezident artıq bu cür tikintilərə qadağa qoyub. Çıxışlarında da vurğulayır ki, Bakının tarixi görkəmi qorunmalıdır. Kimsə demir ki, qəzalı, istismar müddəti başa çatmış bina olduğu kimi qalsın, kimsə ona əl dəyməsin. Sadəcə, işlər düzgün aparılmalıdır. Bu işdə məmur sözü deyil, memar sözü keçərli olmalıdır. 

V.Tofiqli qeyd etdi ki, qəza vəziyyətində olan bina ilə istismar müddətini başa vurmuş binalar fərqləndirilməlidir, çünki bu iki vəziyyət arasında fərq var. Qəzalı binalarla, istismar müddəti bitmiş binalar ayrı-ayrı qruplaşdırılmalı, hansının hansı mərhələdə olduğu dəqiqləşməli, buna müvafiq də ya sökülməsi, ya da təmir-bərpa, möhkəmləndirmə işlərinin aparılmasına qərar verilməlidir: 

- Sakinlərin təhlükəsizliyi hər şeydən önəmlidir. Möhkəmləndirmə, təmir hesabına binanın ömrü uzanmayacaqsa, ona vəsait xərcləməyinə dəyməz. Lakin hansı bina ki, təmir-bərpa işləri sayəsində hələ daha bir neçə il sakinlərə xidmət göstərə bilər, həmin binalara toxunmasalar yaxşıdı. Bəzən binaları elə formada təmir edirlər ki, etməsələr ondan yaxşıdı. Bakıxanov küçəsi ilə R.Behbudov və “Azadlıq prospekti” ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində H.Abutalıbovun zamanında bir binanı guya ki, təmir etdilər. Əksinə, pis günə qoydular. Binanı o qədər yükləməyə ehtiyac yox idi. Söküntü və tikintidə mütləq memarların və şəhərsalma mütəxəssislərinin  rəyi dinlənməlidir. Bütün tikintilər Baş Plana uyğun aparılmalıdır.