Rusiyaya çörək qazanmağa gedən soydaşlarımız bundan sonra pensiya ala biləcəklər



"Rusiyada işləyənlər bundan sonra  çalışdıqları iş yerində sığorta stajının hesablanmasına çalışmalıdırlar"

   Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, sənədi hər iki ölkənin baş nazir müavinləri, Komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar. Xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcək pensiya və sosial sığortalanma üzrə digər hüquqlarının tanınmasını təmin etmək məqsədilə həmin ölkələrlə müqavilələrin bağlanması prioritet fəaliyyət istiqamətlərindən biridir. Yeni imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir. Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.
İmzalanan müqavilə Rusiyada gəncliyindən qocalanadək çalışan soydaşlarımıza nə vəd edir? Ucsuz-bucaqsız Rusiya çöllərində ömrünü başa vurmaq üzrə olan soydaşlarımızın Vətənə qayıtmaq istəklərinin qarşısı bir çox hallarda məhz pensiya təminatının olmaması səbəbindən kəsilib. Rusiya hökuməti digər dövlətlərin vətəndaşlarına pensiya hüququ tanımayıb. Bizimkilər də işləyib-işləyib, günlük qazanc əldə edib. Əlbəttə, aralarında Rusiyada qazandığı pula ev, mülk alanlar, bəlli sərvətə sahiblənənlər də var. Lakin bunların heç biri təqaüd yaşına çatdıqda pensiya təminatı vermir. Yaşı 60-ı haqlamış soydaşlarımızın nə Rusiyada, nə də Vətəndə qocalıqları üçün heç bir məbləğ toplanmadığı məlum olur. İmzalanan yeni müqavilədən bu insanlar faydalana biləcəkmi? 

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Şərq”ə açıqlamasında imzalanan müqavilənin müsbət olduğunu, lakin imzalandığı zamandan sonrakı dövrü əhatə edəcəyini dedi:

-  1999-cu ildə Rusiya Federasiyası ilə Azərbaycan arasında belə bir müqavilə imzalanmışdı. O zaman Azərbaycan parlamenti bu sənədi ratifikasiya etdi. Lakin Rusiya Duması etmədi. Ona görə də sənəd qüvvədən düşmüş hesab edilir. Əgər o zaman Rusiya Duması da sənədi ratifikasiya etsəydi, Rusiyada işləyən soydaşlarımızın 1999-cu ildən üzü bəri sığorta stajı olacaqdı, Vətənə döndükdə pensiya almaq hüquqları tanınacaqdı. Amma olmadı. İndi bu müqavilə imzalanıb, orada hansı maddələr var, dəqiq nələr nəzərdə tutulur, hələ bilinmir. İlk baxışda müsbət təsir bağışlayır. Çünki qeyd edildiyinə görə, əməkçi miqrant kimi çalışanların sosial sığorta stajı, pensiya hüququnu təmin edəcək. Lakin hər hansı qanunun geriyə qüvvəsi olmur. Bu müqavilə imzalanıbsa, o, müqavilə imzalanan və təsdiqlənən zamandan etibarən qüvvəyə minəcək və imzalandığı zamandan sonrakı dövrü əhatə edəcək. Bu o deməkdir ki, buvaxtadək, hələ sovet vaxtından Rusiyaya gedib orada çalışan, yaşayan, amma Rusiya vətəndaşı olmayan soydaşlarımız pensiya ala bilməyəcək. Çünki indiyədək onların adına hər hansı sığorta yığımı aparılmayıb. Sosial sığorta stajları hesablanmayıb. 

S.Məmmədov qeyd etdi ki, Azərbaycanda vəziyyət fərqlidir: 

- Azərbaycanda əcnəbi işçilərdən sığorta yığımı aparılır, miqrantlardan vəsait tutulur.  Bunun üçün də dövlətlər arasında müvafiq müqavilələr olmalıdır. Hansı dövlətlə ikitərəfli müqavilə varsa, o ölkənin vətəndaşları problemlə üzləşmir. Amma Rusiyada bildiyim qədər, indiyədək belə olmayıb. Bəlkə bu müqavilə imzalandıqdan sonra yığım aparılacaq. Soydaşlarımız bundan sonra sosial sığorta yığımı etsələr, hesablarına toplanacaq, buna uyğun da onlara pensiya təyin ediləcək. Amma buvaxtadək çalışanlarla bağlı vəziyyət qəlizdir. İnanmıram ki, bu müqavilə indiyədək çalışanlara da şamil edilsin. Rusiyada işləyənlər bundan sonra  çalışdıqları iş yerində sığorta stajının hesablanmasına çalışmalıdırlar. Bunu da sahibkarlar etməlidir. Amma məsələ burasındadır ki, sahibkarlar da vergidən yayınmaq üçün çalışanlarını çox zaman qeydiyyata almır, yəni sənədsiz-sübutsuz işlədir. Ona görə də insanlar pensiya yaşına çatdıqda çətinliklə üzləşir, təqaüd  ala bilmirlər.