İlan 20 illik dostunu çaldı:60 yaşlı kişi tamaşaçıların gözü önündə can verdi  

ABŞ-ın Texas ştatında Eugene Dr.Leon Sr. 20 il ilan təlimçisi olaraq çalışıb. 60 yaşına çatan adam həyatının şousunu göstərməyə hazırlaşırmış. Bunun üçün də Cənubi Texasda keçirilən ənənəvi “Rattlesnake Roundup” festivalına qatılıb. 60 yaşlı təlimçi bu günə qədər etmədiyi, sərgiləmədiyi hərəkətləri tamaşaçılara göstərmək istəyib.

Hər zaman olduğu kimi alqışlarla səhnəyə çıxıb. Bu gecə onun üçün unudulmaz olmalıydı. Oldu da. Amma həyatı bahasına. Təlimçi bir neçə ilanla şou göstərib. 

Tamaşaçıların alqışları onu daha da ürəkləndirib. Şou-proqramını bir az uzadıb. Lakin ilanlardan biri onu sancıb. 

Adam sancı içində səhnədə yerə yıxılıb. Tamaşaçılar əvvəlcə bunun da şou-proqramın bir hissəsi olduğunu zənn ediblər. Lakin kişinin qalxmadığını, yerdə qıvrıldığını görüncə, vəziyyətin təhülkəli hal aldığını anlayıblar. Kişi helikopterlə təcili xəstəxanaya çatdırılıb. 

Lakin həkimlər 8 saat çalışsa da, onun həyatını xilas edə bilməyib. 20 il ərzində çalışdığı peşə onun sonu olub.